Tarix: 23-03-2022 | Saat: 14:00
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi peşəkarlıq, döyüş qabiliyyəti, malik olduğu müasir silahlar və qazandığı qələbə hələ də beynəlxalq ictimaiyyətin, hərbi-siyasi dairələrin və mətbuatın diqqət mərkəzindədir.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı növbəti təhlil ABŞ-ın məşhur “Vaşinqton Post” qəzətində dərc olunub.
“Rus tankları məhv edilir: onlara müasir müharibələrdə hələ də ehtiyac varmı?” adlı məqalə Rusiya-Ukrayna müharibəsinə həsr olunsa da, Azərbaycanın 44 gün davam edən Vətən müharibəsindəki zəfərinə də yer verilib.
Müəllif Maks But yazır ki, Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatları (TB2 PUA-ları) və İsrail istehsallı silahlar Azərbaycanın 2020-ci ildə qazandığı qələbədə mühüm rol oynayıb. Onun sözlərinə görə, İkinci Qarabağ savaşı zamanı Ermənistanın hərbi texnikasının 47 faizi məhv edilib və ya zədələnib.
Məqalədə, həmçinin “Armi Tayms” qəzetində dərc olunan bir materialdan sitat gətirilərək göstərilir ki, PUA-ların dəqiq zərbələri düşmən tanklarını tamamilə məhv edir və ya onların hərəkətlərinə mane olurdu.
M.But Rusiya-Ukrayna müharibəsi barədə yazır ki, ukraynalılar indi də Türkiyənin “Bayraktar” PUA-larından istifadə edirlər: “Açıq mənbəli hesabatlar göstərir ki, ruslar 300-ə yaxın tank və 500-dən çox zirehli texnika daxil olmaqla 1600-dən çox maşın və texnika itirib”. Burada ABŞ-ın Ukraynaya dəstəyi ilə yanaşı, Türkiyə istehsallı silahların istifadəsinin əhəmiyyəti də xüsusi vurğulanır.
Müəllif Ukraynada davam edən müharibənin texniki tərəflərini analiz edib. O yazır ki, Rusiya tankları göstərildiyi kimi güclü deyil: “Əgər rus tankları daha yaxşı olsaydı, indiki durum yaranmazdı”.
Məqalədə tanklar üçün zirehin önəmi vurğulanıb. Qeyd olunub ki, müharibədə zirehli tanklara üstünlük verilməsi daha az itki deməkdir: “Məsələ tanklara sahib olmaqda yox, onların texniki təminatındadır. Bu məsələdə bütün tərəflər yekdildirlər ki, Rusiya öz tanklarında pis istifadə edir və Ukrayna bundan yararlanır”.
Digər xəbərlər