Saytımızı qiymətləndirin


 
 

Sənaye məhəlləsinin idarəedici təşkilatının hüquqları müəyyənləşib
Tarix: 18-03-2022 | Saat: 19:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sənaye məhəlləsinin idarəedici təşkilatının hüquqları müəyyənləşib

Sənaye məhəlləsinin idarəedici təşkilatının vəzifələri dəyişib, hüquqları müəyyənləşib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Qərara əsasən, idarəedici təşkilat sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınmaq üçün müraciət edən ərizəçilərin investisiya layihəsini qiymətləndirir, onları sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alır və ya qeydiyyata alınmasından imtina barədə qərar qəbul edir, “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini verir, yenidən rəsmiləşdirir, dayandırır, bərpa və ləğv edir, rezidentlərin reyestrini aparır və onun müntəzəm yenilənməsini təmin edəcək.

Qərara görə, dövlət orqanları (qurumları) tərəfindən sənaye məhəllələrinin rezidentlərində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq keçirilən yoxlamalarda onların dəvəti ilə iştirak edir; sənaye məhəlləsinin rezidentləri arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək göstərir.

Eyni zamanda bu qərarla öz vəzifələrini yerinə yetirmək üçün idarəedici təşkilatın hüquqları müəyyənləşir. Bunlar aşağıdakılardır:

- sənaye məhəllələrinin rezidentlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onların yazılı müraciəti əsasında dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları qarşısında agent və təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirmək;

- mövcud tariflərə uyğun olaraq məişət tullantılarının yığılması xidmətlərini göstərmək;

- ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətlərinin və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunla qadağan olunmayan digər xidmətlərin göstərilməsini müqavilə əsasında təmin etmək;

- sənaye məhəlləsində məhsul istehsalının dəyər zənciri üzrə inkişaf etdirilməsi və ixracının dəstəklənməsi ilə bağlı təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- sənaye məhəlləsində innovativ texnologiyaların, texnika və materialların tətbiqi, eləcə də istifadəsi ilə bağlı tədbirlər görmək;

- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Sənaye məhəlləsinin iştirakçısının qeydiyyatı da dəyişir. İdarəedici təşkilat ərizəni “İnzibati icraat haqqında” qanuna uyğun olaraq qəbul edir, qeydiyyata alır və ərizəyə əlavə edilmiş sənədlərin “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, ərizəçinin sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı gündən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyat müddətinin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 (on) iş günü müddətində aradan qaldırmadıqda idarəedici təşkilat ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınması üçün təkrar ərizə ilə idarəedici təşkilata müraciət edə bilər. İdarəedici təşkilat təqdim olunan ərizəyə və ona əlavə edilən sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq ərizəçinin sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və ərizəçiyə bu Əsasnamənin 2 nömrəli əlavəsində müəyyən olunmuş formaya uyğun sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini verir və ya qeydiyyat şəhadətnaməsinin verilməsindən imtinaya dair əsaslandırılmış qərar qəbul edir.



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər
21-10-2021, 13:07 Sabah hava PROQNOZU