Bu gün Azərbaycanın Xalq yazıçısı Anarın ad günüdür. 84 yaşı tamam olur. Mən onunla bir neçə dəfə görüşsəm də, bu görüşlərdən yalnız ikisi – 2000-ci ildə Bakıda və 2021-ci ildə Şuşada baş tutan görüşlərimiz haqqında “şəxsən görüşmüşəm” deyə bilərəm. Əvvəlkilər də vaxtilə Şuşada olmuşdu. Anar Şuşada “Üzeyir bəyin kinosu”nu çəkəndə. O zaman camaat hələ adını bimədiyimiz, sonralar “Üzeyir ömrü” və ya “Uzun ömrün akkordları” adlanacaq filmin adını öz yanından belə qoymuşdu. O zaman Anar tez-tez şəhərin lap mərkəzində, “Qarabağ” mehmanxanası ilə üzbəüz, Notariat kontorunun yanında yerləşən, üzərindəki lövhədə yazılmış rəsmi adı ““Sevinc” kafesi” olsa da el arasında “Kasıblar çayxanası”, yaxud “Əfinin çayxanası” kimi tanınan şüşəbənd çayxanaya gələr, qarşısında bir çaydan çay gah sağ, gah da sol əlini üzü qarışıq gicgahına söykəyərək, siqaretini tüstülədər, bəzən də dodaqlarını qəribə şəkildə bir-birinə sıxaraq uzun müddət dinməzcə oturar, adətən sadə insanların toplaşıb, çay içib söhbətləşdiyi “Kasıblar çayxanası”nın daimi “sakinləri”nin lağlağısına, duzlu-məzəli zarafatlarına qulaq asardı. Bizim kimi gənclərin o çayxanada görünməsi ağsaqqallara çöçün gəlsə də (sonralar mən də oranın daimi müştərilərindən biri oldum) məhz Anara baxmaq üçün tez-tez yolumuzu ordan salardıq.
Bəli, əgər o görüşləri ilk tanışlığın əsası kimi götürsək Anarla şəxsi tanışlığımızın yaşı orta hesabla 40 il edir. Ancaq onu tanımaq üçün şəxsən görüşməyə ehtiyac yoxdur. Anar təxminən 70 ildir ki, Azərbaycanın, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, mətbuatının, ictimai və siyasi arenasının, deməli Azərbaycan xalqının həyatındadır.
Əslində mən onu 1952-ci ildən tanıyıram. Bəli 1952-ci ildən – Anarın 14, mənim isə – 11, yəni mənfi 11 yaşım olandan.
Təəccüblənməyin. Mənim anadan olmağıma 11 il qalmış – 1952-ci ilin yayında Anargil ailəlikcə Şuşaya gəlmişdilər və İstirahət evində dincəlirdilər…
“…1952-ci ildə hamımız – atam, anam, bacılarım – burda (Şuşada, İstirahət evində – K.K.) dincəlirdik. İndi otuz ildən sonra qeyri-ixtiyari o uzaq illərə qayıtdım. Çoxdan saralıb-solmuş xatirələr elə bil birdən-birə dirçəldilər, oyandılar, püskürdülər, qurd olub yedilər məni…
Bax, bu evdə qalırdıq, bu cığırla yeməkxanaya gedirdik. Bura kitabxana idi, həm də kinozal. Axşamlar bu ağacların altında oturardıq.
Atam bax burda nərd atardı. Mən o dərədə tay-tuşlarımla futbol oynayırdım. O vaxt Şuşada yaman darıxırdım, ürəyim Bakıya tələsirdi. Doqquz yaşlı Fidan da darıxırdı. Təranəyə hələ darıxmaq tezdi – dörd yaşındaydı. Atam Fidanla mənim başımı qatmaq üçün təklif elədi ki, yol qeydlərimizi yazaq, Şuşada gördüklərimizi qələmə alaq. Yadımda deyil Fidan yazdı, ya yox, amma mən yazmağa başladım. Yol qeydləri və Şuşa haqqında deyil…
Amerika həyatından bir pyes yazdım.
Bir axşam, bax, həmin o evin eyvanında yazıb qurtardığım pyesi bizimkilərə oxudum. Təbii ki, pyes zəif və bekara bir şey idi, amma atam onda nə isə görmüşdü. Oxuyub qurtaranda onun göy gözləri parlayırdı.
– Heç nə, – dedi, bilmirəm sevinclə dedi bunu, ya təəssüflə. – Sən də yazıçı oldun.
Məhz bax, bu gün, bu axşam, bu saat, bax, bu sözlərdən sonra mən yazıçı oldum.
Ya olmadım. Belə də hesab etmək olar, sözüm yoxdur. Hər halda mənim taleyim bu anlarda həll olundu…”
(“Sizsiz” romanından)
***
1980-ci illərin əvvəlləri. Ukraynanın Kirovoqrad şəhəri (İndiki Kropivnitski), təhsil aldığım Kənd Təsərrüfatı Maşınqayırma İnstitutunun (indiki Mərkəzi Ukrayna Dövlət Texniki Universiteti) auditoriyalarından biri. “Nəzəri mexanika” dərsi. Yarış soyadlı uca boylu, ağ saçlı arıq müəllimimiz “məşhur” xırıltılı səsilə mühazirə oxuyur. Yaza bilmirəm. Üstündən 40 il keçəndən sonra gənclərə pis nümunə ola bilməsini arzulamayaraq səmimiyyətlə etiraf edirəm ki, özümü yazırmış kimi göstərsəm də yazmıram, fikrim qarşımdakı jurnaldadır. Azərbaycandan poçtla göndərilmiş “Azərbaycan” jurnalı, daha doğrusu Anarın həmin jurnalda dərc edilmiş “Sizsiz” romanı məni necə cəlb edibsə heç cürə ayrıla, yazımı yaza bilmirəm. Məhz yuxarıda verdiyim parçaya çatana qədər hərdən başımı qaldırıb müəllimə tərəf baxsam da, buranı oxuduğum vaxt özümü unutmuşam. Həmin hissədə həm çox darıxdığım Şuşanın da adı çəkilir, həm də gənc Anarın ilk qələm təcrübəsindən xəbər tutan atasının buna necə münasibət göstərdiyi təsvir edilir.
(Qəribədir ki, indi də yadımdadır. Həmin yerə çatanda qəribə bir hiss keçmişdi könlümdən, təxminən belə: “Mən Şuşadan ötrü darıxıram, o isə Şuşada darıxırmış…” Hətta Anarı qınamışdım da: “Adam da Şuşada darıxar? Mənim indi Şuşadan ötrü ürəyim partlayır, bu da Şuşada darıxır… ”)
Elə bu zaman hiss edirəm ki, müəllimin xırıltılı səsi gəlmir. Başımı qaldırıb irəli baxıram. Yarış auditoriyada, daha doğrusu lövhənin qarşısında, tribunada və tələbələrin önündə deyil. Ətrafa göz gəzdirəndə hamının mənə baxdığını görürəm. Təəccüblənməyə vaxtım qalmır, kimsə əlini çiynimə qoyub ehmalca yanımda əyləşir. Mənim mühazirəni yazmadığımı hiss edən professor danışa-danışa pillələri yuxarı qalxıb və arxadan mən oturan sıraya yaxınlaşıb. Mədəni səviyyəsi və intellekti ilə yanaşı dərin yumor hissi olan müəllim nəzakətlə deyir:
– Mən çox üzr istəyirəm ki, “Nə yazırsınız?” – deyə soruşmaq əvəzinə “Nə oxuyursunuz?” – deyə soruşmağa məcburam. Çünki, birinci sualımı versəydim, məntiqsiz səslənərdi. Doğrudan da, axı “Nəzəri mexanika” dərsində tələbə ayrı nə yaza bilər, yaxud yazmalıdır? Digər tərəfdən axı mən o cür soruşa da bilmirəm, çünki hazırda mənim oxuduğum mühazirəni yazmalı olan tələbə əslində yazmaqla deyil, oxumaqla məşğuldur. Özü də bizim predmetə aid olmayan nəsə… Siz mənim məntiqimlə razılaşırsınız, cavan oğlan? – sanki cavabımın intizarındaymış kimi diqqətlə üzümə baxır.
Professorun məntiqinə cavab tapmaq üçün vaxt qazanmaq məqsədilə tələbə yoldaşlarımın qəhqəhəsinin sakitləşməsini gözləməli oluram.
– Sizinlə tamamilə razıyam, – sifətimin alışıb yandığını hiss edirəm. – Bağışlayın, professor, – deyə ayağa qalxmaq istəyirəm, – əslində mən sizdən üzr istəməliyəm.
– O halda mühazirədən sonra bu jurnalla mənim yanıma gələrsiniz – deyib, ayağa qalxır, çiynimdən ustufca basıb, qalxmağıma imkan vermir və pillələri düşə-düşə mühazirəsini davam etdirir.
Zəng vurulandan sonra əlimdə “Azərbaycan” jurnalı professora yaxınlaşıram. Onun asta-asta verdiyi suallar əsasında “Azərbaycan” jurnalı, Rəsul Rza, Nigar Rəfibəyli, Anar və onun “Sizsiz”i haqqında ona ətraflı məlumat verməli oluram. Sonra o, oxuduğum hissə barədə soruşur. Və mən həmin parçanı ona danışıram, Şuşa barədə də məlumat verirəm, Şuşa üçün darıxdığımı da qeyd edirəm. Sonuncu suala isə cavab verə bilmirəm:
– Bütün bunlar çox maraqlıdır, – deyir. – Dünyanın ən gözəl guşəsi adlandırdığınız vətəniniz də maraq doğurur. Rəsul Rza, onun arvadı və oğlu barədə verdiyiniz məlumatlar da mənim üçün yenilikdir. Mən hiss edirəm ki, sizin onlara sevginiz var və bu sevgi, məncə, sizin ümumi Azərbaycan ədəbiyyatına olan sevginizdən qaynaqlanır, – deyə gözümə baxır. Mən başımı tərpədəndən sonra daha da maraqla: – Bircə onu başa düşmürəm ki, sizin burada, bu institutda nə işiniz var?!– deyə soruşur…
***
…Mən o suala heç vaxt cavab verə bilməmişəm. Bəlkə də vermək istəməmişəm. Ancaq burada mövzu başqadır deyə təfərrüata varmadan o fikrə qayıdıram ki, Anarla tanışlığımız 1952-dən başlayıb və 1980-lərdə Şuşada və Ukraynada davam edib. 2000-ci ildə Bakıda və 2021-ci ildə də Şuşada şəxsən görüşmüşük. 2000-dən və 2021-dən sonrakı illərdə də və indiyədək yazıçı, şair, ssenarist, rejissor, tərcüməçi, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri, SSRİ Xalq deputatı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komissiyasının sədri, Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü, Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı, Azərbaycan, SSRİ, Türk dünyası və dünya ədəbiyyatı, mədəniyyəti və ictimi fikrində bu və ya digər dərəcədə yeri olan onlarla əsərin – şeir, hekayə, povest, roman, film, və s. müəllifi və nəhayət Azərbaycanda kişi adı olan “Anar”ın ilk sahibi Anarla sanki daima təmasda yaşamışıq. Onun çıxışları, müsahibələri, haqqında danışılanlar və yazılanlar da (tərifli və tənqidli) sanki bu birgə həyata əlavə rənglər, çalarlar calayıb…
Mükafatlarını da sadalasam uzun bir siyahı alınar…
***
Yuxarıda sadaladığım “görüşlərimiz” barədə danışanda bir görüşü qeyd etmədim. Özüm axıra saxladım. Çünki bu görüş heç vaxt yadımdan çıxmayacaq. Şuşanın həyəcanlı günlərində – 1988-ci il sentyabr ayının sonlarında xəbər yayıldı ki, Anar, Elçin və Bəxtiyar Vahabzadə Şuşaya gəlirlər. Biz onları Cıdır düzündə qarşıladıq. Helikopterdən Anarla Elçin düşdü. Bəxtiyar yox idi. Biz məşhur yazıçı qonaqlarımızla Cıdır düzündən Bazarbaşına enənə qədər şəhərdə sürətlə xəbər yayıldı ki, bəs Bəxtiyar müəllim də Anargillə gələcəkmiş, qəflətən vəfat edib və bunlar ikisi gələsi olub. Vahabzadəni çox sevən adamlar çox həyəcanlı şəkildə bunu qonaqlardan soruşurdu, onlar isə and-aman edirdilərki, bu, yalandır. Bir qadının Anarın pencəyinin iki yaxasından da yapışıb ağlaya-ağlaya bu xəbərin düz olub-olmadığını soruşduğu səhnə hələ də gözlərimin qabağındadır elə bil. Adətən təmkinli danışan Anarın bu həyəcanlı adamlara tələsik cavab verməyə çalışdığını və buna görə necə əziyyət çəkdiyini də xatırlayıram…
***
1952-ci ilin yayında Şuşada dincələrkən ilk qələm məhsulunu oxuyan 14 yaşlı oğlunu dinləyib “onda nə isə görən” və “…göy gözləri parlayan” Rəsul Rzanın “Heç nə. Sən də yazıçı oldun” sözlərini xatırlayan Anarın “Məhz bax, bu gün, bu axşam, bu saat, bax, bu sözlərdən sonra mən yazıçı oldum” – deməsini oxuduğum yadıma düşür…
Ukraynada tələbə vaxtı “Nəzəri mexanika” dərsində Anarın “Sizsiz” romanını oxuduğum yadıma düşür…
“Sizsiz” məni möhkəm tutmuşdu. Düzdür, zaman keçdikcə insanın bəzi məsələlərə aid baxışları dəyişə bilir, lakin istedad və daim onu cilalamağa xidmət edən zəhmət heç zaman dəyişmir. Daha doğrusu onların əhəmiyyəti və rolu dəyişmir.
Yəqin məhz buna görə də Anar 1952-dən bəri 70 il ərzində bayaq dediyim kimi bizim həyatımızda qabarıq şəkildə iştirak edib.
***
Bu gün 84 yaşı tamam olan yazıçıya nə arzulaya bilərəm?
Mənim bütün şüurlu həyatım Qarabağla, dogma kəndim Yağlıvənd və dogma şəhərim Şuşa ilə bağlı olub. Torpağına ayaq basdığım dünyanın 30 ölkəsində Qarabağla bağlı paralellər, müqayisələr aparmış, bənzər mənzərələr axtarmışam.
Qarabağ adlı o böyük dünyamın gözlərim qarşısında sürətlə bir-birini əvəz edən kadrlarından birində pencəyinin yaxasından bir qadının tutub silkələyə-silkələyə həyəcanla “Anar müəllim, saa qurban olum, deyirlər, Bəxtiyar Vahabzadə ölüfdü, düzdüü?” dediyi bir Anar var…
Vətəninin başının üstünü qara buludlar alanda Anarları, Bəxtiyarları… haya çağıran xalqın nümayəndəsi ümid etdiyi adamlardan birinin ölüm xəbərini eşitdiyinə görə sarsılmışdı…
Çox az müddətdən sonra isə məlum oldu ki, dünyasını dəyişən əslində Bəxtiyar deyil, böyük Azərbayacan şairi Şəhriyar imiş və bu faciəli xəbər Şuşaya 10 günə çatıbmış…
Məhz həmin gündən, yəni Anarın helikopterdən düşüb Cıdır düzünə ayaq basdığı gündən düz 32 il il sonra sentyabrın 27-də rəşadətli Azərbaycan ordusu əks hücuma keçdi və 44 günə məsələni həll etdi. 8 noyabrda Şuşa Azad edildi.
Həmin gündən 8 ay 20 gün sonra Şuşada Vaqif poeziya günləri keçirildi.
…Və bu sətirlərin müəllifinə də düz 23 ildən sonra (axırıncı dəfə Şuşada 30 avqust 1998-ci ildə – işğaldan 6 il 3 ay 22 gün sonra olmuşdum) həmin poeziya bayramında iştirak etmək qismət oldu.
Bu, həm də Anarla Şuşada növbəti görüş idi. İnanıram ki, hələ bundan sonra da Xalq yazıçısı ilə Şuşadea görüşlərimiz olacaq. Prezidentin xüsusi sərəncamları ilə elan edilmiş Şuşa ilində Azərbaycanın mədəniyyət payrtaxtı elan edilmiş Şuşa şəhərində növbəti dəfə görüşün isə lap tez olacağına ümid edirəm.
Xalq yazıçısı Anara yenidən “Kasıblar çayxanası”nda əyləşib özünü guya fikrə dalıbmış kimi göstərərək “kasıblar”ın lağlağısına qulaq asmağı, təəssüf ki, arzulaya bilmirəm. Çünki o çayxana – “Sevinc” kafesi artıq yoxdur.
Ancaq Şuşa ki, var!
Sevinc Şuşası ki, var!
Şuşa sevinci ki, var!
Azad Şuşa ki, var!
Elə ən böyük adı Azərbaycan yazıçısı olan məşhur yazıçıya da məhz Şuşa görüşü arzulayıram!
Şuşada görüş…
Şuşa ilə görüş…
Şuşalılarla görüş…
Azad Şuşada…
Elə 85 illik yubileyini də birinci Şuşada keçirməyi arzulayıram!
Kərim Kərimli
Azadshusha.com