Saytımızı qiymətləndirin


 
 

Rusiya ordusu hər gün ağır itkilər verir, amma hələ də ölüm saçmaqdadır
Tarix: 13-03-2022 | Saat: 09:28
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı Rusiyanın hərbi təcavüzünün 18-ci günündə döyüş əməliyyatlarının gedişinə dair operativ məlumat yayıb. Orada deyilir ki, düşmən Ukraynaya qarşı hücum əməliyyatlarını davam etdirir, itirilmiş döyüş qabiliyyətini bərpa etməyə və qoşunları yenidən qruplaşdırmağa çalışır. Habelə Kiyev ətrafında, Donetskdə, Tavriya və Sloboda istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.

Qeyd olunur ki, döyüş əməliyyatlarının bütün dövrü ərzində düşmən Ukrayna ərazisində görünməmiş müqavimətlə qarşılaşıb və heç bir istiqamətdə öz məqsədinə çatmayıb. 

“Döyüş əməliyyatlarının xarakteri Rusiya hərbi rəhbərliyinin strateji vəzifələrin və son məqsədin nədən ibarət olması məsələsində qeyri-müəyyənlik içərisində olduğunu göstərir”,-məlumatda deyilir.

Baş qərargah bildirir ki, işğalçı qoşunlar ciddi itkilər verir, hücum tempinin aşağı salıb və əksər istiqamətlərdə dayandırılıb, lakin itkilərini kompensasiya etmək üçün əlavə qüvvələr və vasitələr səfərbər etməkdə davam edir. O cümlədən Ukraynanın hərbi və mülki infrastrukturunu məhv etməyə yönəlmiş raket-artilleriya və aviasiya zərbələrini davam etdirir. 

Ukraynanın Hava Komandanlığının məlumatında isə deyilir ki, martın 12-də gedən döyüş əməliyyatları zamanı Rusiya Hava Kosmik Qüvvələrinin iki döyüş vertolyotu və iki təyyarəsi, habelə iki PUA-sı məhv edilib. Bunlardan biri-Ka-52 döyüş vertolyotu Xerson vilayətində vurulub, sosial şəbəkələrdə vertolyotun qalıqlarının görüntüləri yayılıb. Heyət üzvlərinin məhv olduğu bildirilir. Vurulan döyüş təyyarələrindən birinin Su-34 bombardmançısı olduğu təsdiqlənib, digər təyyarənin tipi dəqiq müəyyən olunmayıb. Ehtimal ki, söhbət Su-30SM və ya Su-34 təyyarəsindən gedir. 

Komandanlıq bildirir ki, martın 12-də gün ərzində Rusiya Ukraynanın Hava Qüvvələrinin obyektlərinə bir neçə güclü raket zərbələri endirib. Belə ki, hava hücumundan müdafiə vasitələri üç “Kalibr” qanadlı raketini zərərsizləşdirə bilib, amma raketlərin əksəriyyəti hədəfə çatıb, hərbi və mülki infrastruktura ziyan vurub. Xüsusən də Kiyev vilayətinin Vasilkov şəhərindəki hərbi aerodromda ciddi dağıntı olduğu bildirilir.

Martın 1-dən etibarən Rusiya ordusunun mühasirəsində olan, Azov dənizinin sahilində yerləşən Mariupol şəhərində isə vəziyyət kritik ağırdır. Şəhərdə qaz, su, elektrik yoxdur, Rusiya artilleriyası və aviasiyası hər gün şəhəri bombalayır, dinc sakinlər arasında ölənlərin sayı minlərlədir. Ötən gün Rusiya işğalçı qüvvələri Mariupolun şərq hissəsinə daxil ola biliblər. 

Şəhəri qoruyan “Azov” polku özünün sosial şəbəkə hesabında  komandanlığı Mariupola “Bayraktar” döyüş PUA-larını və döyüş aviasiyasını göndərməyə çağırıb. Müraciətdə deyilir ki, şəhərdə vəziyyət ağır olaraq qalır, müdafiə fəaliyyətlərinə və şəhərin müdafiəçilərinin əks hücumlarına baxmayaraq düşmən hücumu davam etdirir, hər ev, hər küçə uğrunda ağır döyüşlər gedir. “Biz görürük ki, Ukraynaya silah sistemləri gəlir, “Bayraktar”lar, bizim aviasiya işləyir. Gəlin onları bizim istiqamətdə də tətbiq edək”,-“Azov” polkunun müraciətində bildirilir.

Ukrayna qüvvələriinin “Şimal” əməliyyat komandanlığı isə bildirir ki, martın 12-də Çerniqov vilayətində əks-hücum həyata keçirilib, nəticədə işğalçılar iki yaşayış məntəqəsindən çıxarılıb. Bundan əlavə, işğalçıların Kiyev istiqamətində irəliləmək üçün panton körpü salmaq cəhdinin qarşısı alınıb, Ukrayna döyüşçüləri 10-dan artıq hərbi texnikanı qənimət götürüblər. Məlumatda deyilir ki, işğalçı qoşunların şəxsi heyəti ruhdan düşüb və fəal döyüş əməliyyatları aparmaq iqtidarında deyil.

Nikolayev vilayətində isə Ukrayna qüvvələri işğalçıları mühasirəyə salıblar. Baştan rayonunda panton-bərənin məhv edilməsi nəticəsində işğalçılar iki şosse yolu arasında sıxışıb qalıblar, onların mövqelərinə artilleriya zərbələri endirilir.(virtualaz.org)



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər