Tarix: 12-03-2022 | Saat: 07:41
Bölmə:Karusel / Region | çapa göndər
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Sabunçu, Səbail, Nəsimi rayonlarında, həmçinin Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmaz rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
DİM-dən Qarabaginfo.az-a verilən xəbərə görə, imtahanlarda 26697 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanır və 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Qeyd edək ki, 12-13 mart tarixlərində buraxılış imtahanlarının keçirilməsi üçün respublikanın 31 şəhər və rayonunda ümumilikdə 222 imtahan binası, 3553 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 579 imtahan rəhbəri, 4393 nəzarətçi-müəllim, 429 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 36 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
Digər xəbərlər