Saytımızı qiymətləndirin


 
 

Emin Əmrullayev Ağdaşda STEAM Mərkəzinin açılışına qatıldı - Fotolar
Tarix: 11-03-2022 | Saat: 15:15
Bölmə:Karusel / Təhsil | çapa göndər

Emin Əmrullayev Ağdaşda STEAM Mərkəzinin açılışına qatıldı

Təhsil naziri Emin Əmrullayev bu gün Ağdaş rayonuna səfər edib.

Qarabaginfo.az xəbər verir ki, səfər çərçivəsində Ağdaş şəhəri M.Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət təmayüllü gimnaziyada STEAM Mərkəzinin açılış mərasimi keçirilib.

Mərasimdə iştirak edən təhsil naziri Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, Mərkəz regional xarakter daşıyır. Belə ki, Ağdaş rayonu ilə yanaşı, Yevlax, Bərdə, Ucar, Mingəçevir və Kürdəmirdən olan şagirdlər də bu Mərkəzdə yaradılmış imkanlardan faydalana bilərlər.

Artıq bir neçə bölgədə bu cür STEAM Mərkəzinin istifadəyə verildiyini qeyd edən təhsil naziri bildirib ki, ölkə üzrə ümumilikdə 15 STEAM Mərkəzinin tikilməsi nəzərdə tutulub. Emin Əmrullayev deyib ki, STEAM yanaşması Azərbaycan təhsilinin müasirliyini təmin etməklə yanaşı, şagirdlərin zəruri bilik və bacarıqlara yiyələnməsinə də kömək edəcək.

Qeyd edək ki, hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır. Layihənin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və digər XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaqdır. Həmçinin fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltmək də layihənin məqsədlərindəndir.

 





 



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər