Tarix: 11-03-2022 | Saat: 14:18
Bölmə:Karusel / Siyasət | çapa göndər
Martın 11-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
Bu barədə Qarabaginfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı tərəflər Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri, habelə regionda baş verən ən son proseslər barədə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov həmsöhbətinə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində, xüsusilə ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Nazir, həmçinin üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan danışıb.
Eyni zamanda, post-münaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in mümkün iştirakı ətrafında məsələlər müzakirə olunub.
Görüşdə tərəflər, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə ediblər.
Digər xəbərlər