Saytımızı qiymətləndirin


 
 

Rusiya 100 il əvvəlki xəritələri açır - Ermənistan fakt qarşısında...
Tarix: 24-02-2022 | Saat: 08:19
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya 100 il əvvəlki xəritələri açır - Ermənistan fakt qarşısında...

"Azərbaycan Prezidentinin Moskva səfəri rəsmi səfərdir. Rəsmi səfərin tarixi əvvəlcədən planlaşdırılır. Bu, bir günün, iki günün, üç günün qərarı deyil".

“Yeni Sabah” xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Rusiya Azərbaycanla müttəfiqlik haqqında Bəyannamə imzalamaqla Ermənistana ismarıc verdi:

"Azərbaycan Rusiyanın bir əyaləti deyil ki, Prezident Kremlə çağırılsın. İstəməzdim ki, qondarma "DNR", "LNR" tanınması ilə İlham Əliyevin Rusiyaya səfəri arasında paralellik aparalar. Bu qərar sonranın qərarı deyil, əvvəlcədən - "DNR" və "LNR" tanınmazdan öncə planlaşdırılmış bir səfərdir.

İkincisi, düşünürəm ki, Azərbaycan və Rusiya arasında imzalanan Moskva Bəyannaməsi əvvəla o baxımdan faydalıdır ki, Ermənistan cəmiyyətində bu sənəd birmənalı qarşılanmır və Ermənistan-Rusiya münasibətlərində şübhələrə səbəb olur, Ermənistan-Rusiya müttəfiqliyinə mənfi təsir etmiş olur. 

Digər məsələ, bu, Qarabağ regionuna ermənilərin, xarici dövlət rəsmilərinin qeyri-qanuni səfərlərinin qarşısının alınması baxımından çox güclü bir sənəddir. Hərçənd ki, bu sənəd 1997-ci ildə iyul ayının 3-də imzalanmış sənədin bəndlərini bir növ təkrarlayır, ancaq yenidən bu kimi vacib məsələni hüquqi müstəvidə gündəmə gətirmiş olur. Yəni bu gün biz Rusiya sülhməramlılarına, Rusiya Xarici İşlər Nazirliyinə tam yeni bir sənədi misal gətirməklə öz iradlarımızı bildirə bilərik. Və düşünürəm ki, bu, məsələnin həllinə çox ciddi təsir etmiş olar. Söhbət Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Rusiyanın rəsmi dairələrində və Rusiya sülhməramlıları tərəfindən müəyyən xoşagəlməyən hallar baş verdiyi zamandan gedir - toponimlərlə bağlı, Qarabağa aid olmayan erməni rəsmilərinin gəlişi-gedişi ilə bağlı.

Bu gün belə qələmə verirlər ki, əgər Qarabağa hər hansı bir erməni gəlirsə, baxmayaraq ki, onun vəzifəsi var, bəlkə qohumunun yanına gəlir. Biz onun qabağını ala bilmərik ki. Əgər Köçəryan da Qarabağa gəlirsə, bəzi Rusiya ekspertləri bunu belə izah edirlər ki, "bəlkə Köçəryan öz qohumlarını görməyə gəlir, biz onun təbii hüquqlarının qarşısını niyə alaq?!". Baxın, məsələyə bu cür yanaşmaqla bizim maraqları rədd edirlər. Ancaq Köçəryan və Sarkisyan kimi adamlara qarşı cinayət işi açılıb və bu cinayət işi əsasında onların artıq Azərbaycana gəliş-gedişinın qarşısı alınır. Bu sənəd də həmin prosesi bir növ leqallaşdırır. O baxımdan bu sənədin faydası var. 

Bir başqa məsələ ondan ibarətdir ki, biz Avropanın Azərbaycana olan münasibətini gördük. 44 günlük müharibənin də nəticəsini tanımadılar. Yəni biz artıq öz xarici siyasətimizdə müəyyənik, biz Rusiyanın, Türkiyənin yanındayıq və Rusiya ilə olan münasibətlər də Türkiyə ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Rusiya ilə müttəfiqlik Türkiyəyə qarşı olan bir addım deyil. Çünki Türkiyə-Rusiya-Azərbaycan bu regionda atılan addımlarla bağlı müəyyən razılaşmalar əldə ediblər.

Əks halda Azərbaycanda türk hərbçilərinin də iştirakı ilə Monitorinq Mərkəzi olmazdı və Şuşa Bəyannaməsinə də müəyyən maneələr ola bilərdi.

Hərçənd biz Rusiyadan Şuşa Bəyannaməsinə ancaq və ancaq müsbət, neytral yanaşma gördük. Yeri gəlmişkən, Türkiyədən də rəsmi şəkildə Rusiya-Azərbaycan arasında imzalanan Moskva Bəyannaməsinə qarşı heç bir irad görmürük. Düşünürəm ki, bunun faydası Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi baxımından çox vacibdir. 

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin 1921-ci il sərhədləri əsasında həllinin tərəfdarıdır. Əks halda postmüharibə dövründə Rusiya sülhməramlılarının yerləşdirilməsinə qədər belə 1923-1991-ci ilə qədər olan adminшstrativ xəritələrdən istifadə edilməzdi. Başqa sözlə, bilirsiniz ki, Ağdərə rayonu Kəlbəcər və Tərtər rayonları arasında bölünüb, müəyyən kəndləri Ağdamın tərkibinə keçib. Bütün bunlara baxmayaraq Rusiya sülhməramlıları Azərbaycanın müstəqillik dövründə olan adminшstrativ ərazi bölgüsünü rədd etdi və baxmayaraq ki, Ağdərə rayonu Tərtərin və Kəlbəcərin ərazisi hesab edilir və o deməkdir ki, Kəlbəcər Azərbaycana verilən zaman həmin rayonların da bir hissəsi Azərbaycanın tərtkibinə keçməli idi, amma keçmədi.

Demək ki, Rusiyanın hazırda Azərbaycan və Ermənistan arasında əldə etdiyi Qarabağın tam Azərbaycan ərazisində qalmasına çalışmaq cəhdidir. Yəni başqa sözlə, ədalət bu cür ola bilər. Ancaq Rusiya istəmir ki, bunu Ermənistana zorla həzm etdirsin. Rəsmi Moskva Azərbaycanla bağladığı müqavilələr əsasında rəsmi Bakıya bu cür dəstək vermiş olur. Rusiyanı heç bir dövlət ittiham edə bilməz, çünki Rusiya çalışır ki, bərabərhüquqları qorusun.

Ancaq bu rəsmi sənəd bir növ Ermənistana ismarıcdır ki, "Mən Qarabağı Azərbaycanın ərazi tərkibi kimi görürəm". 

Çünkü ən əsas tezis səslənib. Ən əsas tezis Putinin dediyi tezisdir ki, "Qarabağ Azərbaycandır!". Və bunu Ermənistan da təsdiq edib, Ermənistan da heç Qarabağı özününkü kimi tanımayıb. Mən ona görə də bu sənədi uğurlu sənəd hesab edirəm. 

Azərbaycan bu müttəfiqlik Bəyannaməsi ilə Rusiyanın vassalına çevrilmir. Azərbaycanın Rusiyanın vassalına çevrilməsi üçün bircə gün lazımdır. Nəinki Azərbaycanın, hətta İranın belə Rusiyanın tərkibinə keçməsi üçün bir neçə gün bəs edər. 

Azərbaycan bu gün ona görə müstəqil xarici siyasət yeridir ki, Azərbaycan rəhbərliyi çox uğurlu diplomatiya, balanslı siyasət həyata keçirir. Ona görə də Azərbaycanın müsrtəqilliyi qorunub saxlanılır. 

Ancaq Azərbaycan bu gün Rusiyanın maraqlarına zidd addımlar atsa, Azərbaycanın müstəqillyi qorunacaqmı?! Bax bu, sual altındadır. Yetər ki, Ukrayna, Moldova və Gürcüstanın aqibətini kənardan müşahidə edək. Rusiyanın maraqlarına zidd addım atan dövlətlərin aqibətini görürük. Rusiyanın maraqlarına zidd addımlar atmayan Qırğızıstan, Tacikistan, Özbəkistan, Qazaxıstanınsa ərazi bütövlüyü tamamilə öz yerindədir. Bu nə deməkdir? Məgər Qırğızıstanla Tacikistan arasında sərhəd problemi yoxdur, yoxsa Özbəkistanla Tacikistan arasında sərhəd problemi yoxdur? Və yaxud da həmin problemlərlə bağlı təxribatlara yol vermək problemdirmi? Yox! Ancaq bu dövlətlərlə Rusiyanın maraqları müdafiə olunur: Rus dili, rus mədəniyyəti ilə bağlı narazılıqlar olmadığına görə həmin dövlətlərin də ərazi bütövlüyü qorunur, Rusiya da buna dəstək verir. 

Bu gün Azərbaycan da Rusiyaya dost, qardaş münasibəti bəsləyir, ancaq arada bir dənə də "dost, qardaş" (söhbət Ermənistanın Rusiyaya dost, qardaşlığından gedir - red) Ermənistan var, ona görə də Rusiya çalışır ki, nə şiş yansın, nə kabab. Və rəsmi Moskva bu problemi məhz Azərbaycanın hüquq bazasını zənginləşdirməklə, möhkəmləndirməklə həll etməyə çalışır".



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər