Saytımızı qiymətləndirin


 
 

Kəşfiyyat məlumatlarının təhlili: hücum hansı ssenarilər üzrə aparıla bilər...
Tarix: 23-02-2022 | Saat: 17:41
Bölmə:Karusel / Region | çapa göndər

“The İnsider” internet nəşri (rusdilli, müstəqil araşdırma portalı) Qərb ölkələrinin kəşfiyyat məlumatlarının təhlili əsasında Rusiyanın Ukraynaya gözlənilən hücumunun hansı ssenarilər üzrə inkişaf edəcəyi haqda yazıb.

Nəşrin yazdığına görə, birinci ssenari 20-ci ümumqoşun ordusunun və ona əlavə olunmuş qüvvələrin Xarkov-Dnepr-Zaporojye xətti üzrə kütləvi zərbələr endirməsi, eyni zamanda Krım yarımadasından Zaporojye istiqamətində zərbələrin endirilməsi, ardınca Qara dəniz sahil xətti üzrə Odessa istiqamətində desant qüvvələrinin yeridilməsi və oradan Moldovanın Dnestryanı bölgəsinə çıxışla müşaiyət oluna bilər. Bu planın həyata keçirilməsi imkan verəcək ki, Krıma quru dəhlizi açılsın və əkin-səpin mövsümünə qədər yarımadanın su təchizatı bərpa edilsin. Çünki Krım ilhaq ediləndən sonra Ukrayna Dnepr çayından yarımadaya gedən su kanalını bağlayıb. 

Bu ssenari habelə Rusiyaya Ukraynanın strateji əhəmiyyətli müəssisələrini-daşıyıcı raketlər, raketlər və aviasiya üçün mühərriklər, atom və su elektrik stansiyaları üçün turbinlər istehsal edən zavodlarını nəzarət altına alsın.

Eyni zamanda şimal, yəni Belarus istiqamətindən Rusiya qoşunları Suma-Priluki-Kiyev və Çerniqov-Kiyev xətti üzrə hücum edə bilər. Bu hücum imkan verərdi ki, Ukrayna ordusunun iri qoşun birləşmələrinin qərargahları, o cümlədən “Şimal” əməliyyat komandanlığı məhv edilsin.

Kiyevi tutandan sonra Kreml öz nöqteyi-nəzərindən geosiyasi qələbə əldə edəcək və daha sonra məsələnin aşağıdakı formul əsasında nizamlanmasını təklif edə bilər: Kiyevin və Ukrayna ərazisinin bir hissəsinin işğaldan azad edilməsinin əvəzində Krıma quru dəhlizinin və su təchizatının Rusiyanın nəzarətinə keçməsi.

 

Bu ssenari o zaman uğurlu ola bilərdi ki, Qərb Ukraynaya real hərbi kömək etməsin. Qərbin hərbi müdaxiləsi olarsa çox güman ki, hücum istiqaməti dəyişəcək, Belarus istiqamətindən Rusiya qüvvələri Pinsk-Rovno və Mozır-Jitomir xətti üzrə hücuma keçəcək. Hansı ki, bu istiqamətdə hücum Ukraynanın iri logistika xətlərinə, neft-qaz təchizatı sisteminə nəzarəti ələ keçirməyə imkan verərdi.

 Pinsk-Brest-Qordno üçbucağında cəmləşdirilmiş qoşun qruplaşmaları isə üç əsas vəzifənin öhdəsindən gələ bilər-Lutsk və Rovno istiqamətində hücum etməklə iri hərbi birləşmələrin idarəetmə mərkəzlərini sıradan çıxarmaq, bununla da Qərbin hərbi dəstəyini iflic etmək, əgər NATO münaqişəyə birbaşa cəlb olunarsa çoxdan hazırlanmış planı-“Suvalsk dəhlizi” adlanan istiqamətlə hücum edib Litva və Polşanın sərhədyanı ərazilərini tutmaq, bununla da Kalininqrad vilayətinə quru dəhlizi təmin etmək planını həyata keçirmək nəzərdə tutulur.

Şimal-qərb istiqamətindən hücum ssenarisi Rusiya ordusuna çoxsaylı itkilər hesabına başa gələ bilər. Çünki Ukraynanın şimalında, Belarusla sərhəd boyu ərazilərdə sıx meşələr, ağır texnika üçün keçilməz bataqlıq ərazilər var. Həmin istiqamətdə texnikanın hərəkəti üçün az-çox şərait olan yerlərdə isə Ukrayna ordusu artıq ikinci ildir yaxşı düşünülmüş, NATO təlimatçıları tərəfindən işlənib hazırlanmış eşalonlaşdırılmış müdafiə xətti qurur.

 

İkinci ssenari isə hələ 90-cı illərdə Moldovada bütün xırdalıqlarına qədər işlənib hazırlanıb. Bu ssenariyə əsasən Rusiya Donbassdakı “xalq respublikalarını” tanıyandan sonra orada öz hərbi iştirakını leqallaşdırır, sülhməramlı kontingent yeridir. Rusiya bu regionlarda möhkəmlənəndən sonra təmas xəttində təxribatlar ssenarisi işə salınacaq və ardınca Rusiya “sülhməramlıları” qondarma “respublikaların” qüvvələri ilə birgə əməliyyata başlayaraq Donetsk-Zaporojye və Mariupol-Melitopol-Herson xətti üzrə hücuma keçəcək. Bu ssenari Putinə kiçik, amma qalibiyyətlə sonlanan müharibə qazandıracaq. Və qərbin sanksiyalarının güclənməsinə cavab olaraq Krıma quru dəhlizi və su kanalı açılacaq, eyni zamanda Rusiya Azov dənizi hövzəsi, Dnepr çayının deltası, Nikolayev dəniz limanı üzərində nəzarəti təmin edəcək. Putin “xalq respublikalarının” tanınması ilə bağlı xalqa müraciətində də məhz bu toponimlərdən istifadə edib.

Təhlilçilər qeyd edirlər ki, böyük müharibədə Rusiya üçün başlıca problem hətta döyüşlərin gedişində yox, işğaldan sonra başlaya bilər: iri şəhərlərdə təşkilatlanmış ərazi özünümüdafiə dəstələri fəaliyyət göstərəcək və işğalçılar yerli əhalinin mütəşəkkil müqaviməti ilə qarşılaşacaq. Rusiya bu müqavimətə nə dərəcədə hazırdır, burası aydın deyil. Amma aydındır ki, indiki hərbi kampaniya Rusiya üçün 2014-cü ildəki kampaniya qədər asan keçməyəcək.(virtualaz.org)



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər