Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri çərçivəsində aparılan mühüm danışıqlarla yanaşı, Müttəfiqlik Bəyannaməsinin imzalanması iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu göstərməklə, bu səfərin, keçirilən görüşlər və aparılan danışıqların əməkdaşlığın yeni mərhələyə qədəm qoymasından, xüsusən də iqtisadi münasibətlərdə yeni yüksəlişin başlamasından xəbər verir.Heç şübhəsiz, bu mərhələ hər iki dövlət üçün qarşılıqlı faydalıdır, milli maraqlara uyğun gəlir, iqtisadiyyatın gələcək inkişafına da təkan verəcək.
Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır. İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir. Belə ki, 30 ilə yaxın müddətdir ki, tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır. İqtisadi, siyasi, mədəni sahələrdə əlaqələrin inkişaf səviyyəsi günü-gündən yüksəlir. Həmçinin ölkələr arasında ticarət dövriyyəsi yüksəkdir. Bu baxımdan İlham Əliyevin Prezident kimi Rusiyaya 48-ci səfəri və Müttəfiqlik sənədinin hazırlanması, eyni zamanda tərəflər arasında razılaşdırılması uzun sürən proses olduğunu göstərir.
Vətən müharibəsindən sonra 2021-ci ilin iyun ayının 15-də qardaş Türkiyə ilə müttəfiqlik münasibətləti haqqında Bəyannamənin imzalanması, bu gün isə növbəti diplomatik qələbəmiz olan Azərbaycanın milli maraqlarına xidmət edən sənədin imzalanması Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsidir. Türkiyə ilə imzalanmış sənəddə bir çox məsələlər Rusiya ilə imzalanmış sənəddə əksini tapmayıb. Rusiya ilə imzalanan sənəddə göstərilən öhdəliklər daha çox Rusiyaya aiddir. Azərbaycan istənilən halda Rusiyanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına qarşı addımlar atmaq, RF-yə güc tətbiq etmək, Rusiya ərazisində terrorçuluq, ekstremizm, separatçılığa dəstək vermək fikrində və gücündə deyil. Ona görə bu sənədlə tərəflərin üzərinə götürdüyü öhdəliklər Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur. Eyni zamanda regionda gedən proseslər göstərir ki, Rusiyanın təsiri bu bəyannamə olmadan da artmaqdadır. Bu bəyannamə Rusiyadan çox Azərbaycana lazımdır, çünki ölkəmiz postsovet məkanında hökm sürən qeyri-müəyyənlik və təhdidlər fonunda öz təhlükəsizliyi və toxunulmazlığına dair daha bir rəsmi zəmanət alır. Beləliklə,Rusiyanın Azərbaycana təsir imkanları azalır, Azərbaycan isə əlavə təminatlar almaqla daha da güclənir.
Ölkə başçısının da qeyd etdiyi kimi, “Qarşılıqlı müttəfiqlik haqqında bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcək”.
Bütün bunlar özü əyani şəkildə Azərbaycan-Rusiya münasibətlərinin qarşısıalınmaz və geridönməz xarakter aldığını bir daha təsdiqləyir və sübut edir ki, bu münasibətlər inkişafın ən yüksək, ən sürətli xətti üzrə irəliləməkdədir.