Tarix: 21-02-2022 | Saat: 20:56
Bölmə:Karusel / Region | çapa göndər
Artıq xəbər verildiyi kimi, bu gün axşam saatlarında Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb və gündəliyə bir məsələni daxil edib-Ukraynanın şərqindəki qondarma “Donetsk və Luqansk xalq respublikalarının” müstəqilliyinin tanınması.
İclasda əvvəlcə Putin özü çıxış edib, Rusiyanın təhlükəsizlik təminatına dair Qərbə təqdim etdiyi təkliflərə müsbət cavab verilmədiyini, NATO-nun şərqi doğru genişlənməsi konsepsiyasından imtina olunmadığını və Ukraynanın alyansa üzv olmayacağına dair Moskvaya yazılı təminat təqdim edilmədiyini deyib. Habelə Donbassda münaqişənin nizamlanmasına dair 2014-cü ildə imzalanmış, Donetsk və Luqanska xüsusi statusun verilməsini də nəzərdə tutan Minsk razılaşmasının Kiyev tərəfindən yerinə yetirilmədiyini bildirib.
Daha sonra Putin Təhlükəsizlik Şurasının üzvlərinə Donbassdakı situasiya və ümumən Qərb-Rusiya danışıqlarına dair mövqelərini bildirmək üçün söz verib. Əvvəlcə xarici işlər naziri Sergey Lavrov danışıb. Bildirib ki, Qərb Rusiyanın ötən ilin dekabrında təqdim etdiyi təhlükəsizlik təminatı sənədinə faktiki olaraq rədd cavabı verib, bu sənədin əsas müddəlarını qəbuledilməz hesab edib. Bura Ukraynanın NATO-ya üzvlüyünün istisna edilməsi və ümumən alyansın Şərqi Avropada 1997-ci il sərhədlərinə çəkilməsi də daxildir. Lavrov bildirib ki, bununla belə ABŞ tərəfi yeni danışıqlar təklif edib və dövlət katibi Entoni Blinken ona zəng vuraraq bir neçə gün sonra Cenevrədə görüşmək təklifini çatdırıb.
Ardınca baş nazirin müavini, Donbassa dair üçtərəfli təmas qrupunda Rusiyanı təmsil edən Dmitri Kozak danışıb. O, Ukraynanın artıq 8 ildir aparılan danışıqlarda vaxtı uzatmaqdan başqa heç nə etmədiyini, Minsk razılşamasını yerinə yetirmək niyyətində olmadığını bildirib. Kozakın fikrincə Ukraynanın əsas məqsədi münaqişəni dondurmaqdır. O, danışıqların mənasız olduğunu və Kiyevin bu razılaşmanı yerinə yetirməyəcəyinə dair qəti qənaətinin formalaşdığını deyib.
Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov isə çıxışında Ukrayna ilə sərhəddəki situasiyadan danışıb. Ötən gecə iki qrupdan ibarət Ukrayna “diversantlarının” Mariupol istiqamətindən irəliləyərək “Rusiya sərhədinə çıxdığını” bildirib, həmin qrupların sərhəddəki ordu bölmələrinin dəstəyi ilə məhv edildiyini, bir ukraynalı hərbçinin əsir götürüldüyünü deyib. Bortnikov bildirib ki, Donbassdan 55 mindən çox sakin qaçqın kimi Rusiyaya keçib.
Müdafiə naziri Sergey Şoyqu isə çıxışında Ukraynanı Donetsk və Luqansk vilayətləri boyu təmas xəttinə ordu , o cümlədən minlərlə tank və yüzlərlə artilleriya sistemləri cəmləşdirməkdə ittiham edib. O, Ukrayna ordusunun regiondakı qüvvələrinin, canlı qüvvəsinin və texnikasının sayını çatdırıb. Şoyqu Donbassda “dramatik vəziyyətin hökm sürdüyünü, Ukrayna ordusunun artilleriya zərbələri nəticəsində dinc əhali arasında ölənlər olduğunu” da bildirib. Habelə o, Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsinin nüvə silahından azad ölkə statusuna yenidən baxa biləcəklərinə dair bir gün əvvəl Münhendə verdiyi bəyanatı da “təhdidin get-gedə artması” kimi qiymətləndirib. Deyib ki, Ukrayna istəsə qısa zamanda nüvə silahı əldə edə bilər, çünki buna potensialı var. Üstəlik həmin silahın daşıyıcılarına-orta mənzilli raketlərə artıq malikdir.
İclasda Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin, parlamentin hər iki palatasının spikerləri, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev və digərləri də çıxış ediblər. D.Medvedyev deyib ki, 2008-ci ildə Gürcüstanla münaqişə yarananda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq barədə qərarı prezident kimi o vermişdi. Medvedyevin sözlərinə görə, indi bir tərəfdən vəziyyət həm mürəkkəbdir. Çünki Ukrayna Gürcüstan deyil və müdafiə nazirinin dediyi kimi, regionda böyük qüvvələr cəmləyib. Digər tərəfdən məsələ sadədir-çünki 2008-ci ildə Qərbin Cənubi Osetiyanın və Abxaziyanın tanınmasına reaksiyasının necə olacağı məlum deyildi. İndi isə Medvedyevin dediyi kimi, Qərbin reaksiyası bəllidir-onlar sanksiyalar tətbiq edəcəklər. Və Medvedyev Rusiyanın bu sanksiyalarla yaşamaq təcrübəsi qazandığını deyib, bildirib ki, indi də sanksiyalar tətbiq edilsə onların öhdəsindən gəlmək mümkün olacaq.
İclasda daha sonra Şura üzvlərinin “Donetsk və Luqansk xalq respublikalarının” tanınmasına dair Dövlət Dumasının prezidentə ötən həftə göndərdiyi müraciətə dair mövqeyi soruşulub. Və onların hamısı yekdilliklə bu “respublikaları” tanımağa tərəfdar olduqlarını, danışıqları davam etdirməyin mənasız olduğunu deyiblər. Putin çıxış edənləri dinləyib, müzakirələr əsasında zəruri qərarı az sonra qəbul edəcəyini deyib və iclası bağlayıb.(virtualaz.org)
Digər xəbərlər