Saytımızı qiymətləndirin


 
 

TIR sürənlər və qoşanağarada etiraz aksiyası
Tarix: 19-02-2022 | Saat: 14:42
Bölmə:Karusel / Yazar | çapa göndər

Gündəm etirazdır. Gündəm etiraz növüdür, etiraz etmək yoludur, etiraz edə bilmək bacarığıdır. Hər dəfə belə anlarda, indiyə qədər gördüyüm ən unikal etiraz üsulu düşür yadıma. Ən xoş etiraz. Ən sakit və ən səssiz etiraz- “Qoşanağarada etiraz”. Hadisəni eşitsəniz, sizin də dodağınız qaçar, üzünüzə gülüş gələr, təbəssüm çökər simanıza. Məncə eşitməlisiniz. Gəlin, danışım.
Bizim tərəflərin ən maraqlı hadisələri toylarda olur. Hətta daha düzgün desək, bizim tərəfin ən maraqlı hadisələri toylardır. Bəlkə də cümlənin axırını belə bitirməliyəm: “toylar idi”. Çünki, amansız kapitalizmin ucqar kəndlərə də sirayət etməsi ilə, kənd camaatı daha toylarını yaxın kəndlərdə və ya rayon mərkəzindəki şadlıq evində edir. Və beləcə, kəndlərin ən şirin, ən doğma hadisəsi- toylar yoxa çıxır. Yaralı və uzun məsələdi, amma bizi mövzudan uzaq sala bilər deyə, çox üstünə getməyək, qalsın gələn dəfələrə...
Toylar kəndin ən gözəl ənənəsidir, ən qədim adətidir. Nə qədər müasirləşsə belə, qədimidir, ibtidaidir. Toylar səmimiyyətdir, mehribançılıqdır.
Kənd toyunda “səs rejissorunun dinamik qurmasını” görmüsünüzmü? Ən maraqlı hissəsi elə odur . Biz tərəfdə kəndlər dağlarla əhatələnib. Toyçuların üzərinə düşən ən çətin iş, o “ səs rejissorunun” köməyi ilə toy dinamiklərini düzgün yerləşdirməkdir. Dinamiklər ki, yaxşı quruldu ha, üzü dağlara dəyib qayıdan musiqi sədası sümüyə düşdü ha, toyçular nə çalır çalsın, necə çalır çalsın o toy gözəl keçəcək. Dağlara dəyib “exo” verən musiqi adamın bütün sümüklərini oynadacaq. Təki, düzgün qurulsun.
Bizim toy hadisələrindən ən çox danışılanı da, elə bu “dinamik qurulma” ilə bağlı olanıdır. Deyirdilər qonşu kənddə oğluna toy edən Saməddin kişi, uzaq Dizə kəndinə toyu danışmağa gedəndə ən ciddi şərti bu olub ki, “Səhər saat 5-də bizim həyətdə olun!” Toyçular istədikləri pulu ala bildiklərindən səslərini çıxarmıyıblar, deyilən vaxt Saməddin kişinin həyətində olublar, di gəl toyçulardan biri marağın boğa bilməyib, soruşub ki, “Ay Saməddin dayı, neylirdin axı bizi səhər saat beşdə?” Saməddin dayı, şirin çayından bir qurtum alıb qayıdıb ki, “Mən sizi tanımırammı, bilmirəmmi düz dörd saat üçünüz dinamikləri fırladıb, ikiniz “Bir-iki, raz-raz” eliyib, o biri ikiniz qulaq asacaqsınız. Bir saat da sizin yeməyiniz, ta vəssalam da, saat ona toyu çalarsız, inşallah!”
Toy başladımı, uzaqdan ən çox dağlara dəyib qayıdan qoşa nağara səsi kəndi bürüyərdi. Ən uzaqdan belə, çubuqların qoşanağaraya dəyməsindən çıxan yeknəsəq səs, adamı toyxanaya dartırdı. Normal vaxtda, nəyə lazım gəldiyini tam anlamadığımız bu alət, kənd toyunun ən vazgeçilməz aləti idi. Gah ritmlə, gah ritmdən kənar, gah heç nəyə dəxili olmadan qoşanağaraya dəyən çubuqlar kənd toyu ansamblının dadı-tamı idi. Dayansa deyərdin bəlkə, toy çalınmır...
Balaca bir haşiyə çıxacağam, yeri gəlmişkən, illər əvvəl işıqlı gənclərdən hansısa biri, dəyərli köşə yazarımız Zamin Hacı haqda “müxalifətin qoşanağa çalanı” ifadəsini işlətmişdi. Zamin bəy həqiqi demokrat olaraq, bu ifadəni çox səmimi qəbul etmiş, özü də şəxsən bir neçə yerdə onun haqqında deyilən bu cümləni təbəssümlə işlətmişdi. İfadənin nə qədər sərrast deyildiyini elə məhz kənd toyu görənlər bilər. Doğrudan da, bircə o qoşanağaranın səsinə illərlə ölkədə “toy olduğu” zənn olundu. Sonra o “ansamblı” xalq öz toylarına çağırmadı, sonra o “ansamblın” konsertlərinə xalq getmədi və beləcə ansambl dağıldı. Amma üstdə allah var, Hacı Zamin hələ də arada qoşanağarısını dınqıldadır...
Qayıdaq kənd toylarına, kəndin ən gözəl anlarına. Elə ki, dinamiklər quruldu, toyçular başladı, toy səsi dağların qayalarına vurub geri qayıtdı, hərə bir təfədən ortaya atılardı. Toyxana dolardı, daşardı. Toyxanaya özünü çatdırmayan kənardan qol qaldırıb oynardı. Vay o gündən ki, hansısa alət, ələlxüsus da, qoşanağara dayanaydı. Gənclərin çəmkirməsi, orta yaşlıların “A bala, düzəməlli çal” sifarişi, yaşlıların inciməsi bir – birinə qarışardı. Musiqinin bircə notunu belə bilməyən adamlar, bir alətin bir an dayanmasını sezərdilər, hiss edərdilər.
Kənd toyları statusluq, köşəlik deyil, kitablıq, dastanlıq söhbətdir. Mətləbə gəlim deyə, belə qısaca mənzərə yaratmaq istədim, o qədər.


Toylarımızın bəzəyi toyçuların, o bizə uzaq Dizə kəndindən gələn ansamblın bir ayrı yeri vardı o illərdə. Ən çox da bizim qonşu kəndin toylarını çalar, qazanclarının böyük hissəsini bu kənddən çıxarardılar. Bilən bilir, hər kəndin ən azı üç-dörd toyçu seçmə imkanı olur. Toyçunu öz toyuna seçib –seçmələyib dəvət edir toy yiyəsi. Həmin illər bizim o qonşu kəndin də favoriti, dediyim o Dizə kəndinin musiqiçiləri idi. Ən maraqlıları da, gənc qoşanağara çalan, adı Mehman olan oğlan idi. Xüsusi şövqlə seçdiyi, xüsusi ağaclardan kəsib düzəltdiyi bir neçə cüt qoşanağara çubuğundan istifadə edərdi Mehman. Hansı mahnıda hansı çubuqla çalacağını bilirdi, hansı mahnıda çubuğun harasından tutacağını bilirdi. Bəzən qoşanağaranın qoyulduğu stulun başlığına da çubuqlarla vurduğu zərbələr xüsusi səslər çıxarar, toya yeni bir rəng qatardı.
Subay idi Mehman. Ortaboy, qaraşin oğlan idi. Ürəyi təmiz uşaq idi. İstəsən bircə dəqiqəyə aldadardın. Böyük sözünə baxan, kiçik sözünü dinləyən idi. Kimsəni incitməzdi, kimsənin sözünün qabağına söz deməzdi.
Qonşu kənddə toya dəvətli idim. Günorta vaxtı toyxanaya yaxınlaşdıqca, sanki nəyinsə çatışmadığını hiss edirdim. Musiqinin yarımçıq olduğunu duyurdum, amma qulaqlarıma inanmırdım. Toyxanaya girən kimi yuxarı boylandım, toyu çalan kəndin sevimli “Dizə ansamblı” idi. Hamısı da yerbəyerindəydi uşaqların. Bəs mənə niyə belə gəlmişdi? Bir azdan yenə mahnı çalınmağa başlandı. Hər şey yerində idi. Dağlara dəyib qayıdan səs adamın sümüklərini oynadırdı. Di gəl, musiqinin lap şıdırğı yerində yenə bir anda bayaq duyduğum vəziyyətə döndü toyxana. Bir ayağı axsaq yabıların yerişi kimi, ləngər vurmağa başladı musiqi. Nəsə baş verirdi. Hə, hə... Qoşa nağara çalınmırdı. Yerimdən qeyri-ixtiyari qalxıb toyçulara tərəf baxdım. Mehman nümayişkaranə şəkildə çubuqlar əllərində əllərini qoynuna qoymuşdu, çalmırdı. Yan yörədən deyilənlər, ansambl yoldaşlarının dayanmadan etdiyi him-cimlər vecinə də deyildi. Qoşanağaraçı dayanmışdı, toyun yeknəsəqliyi pozulmuşdu. O gözəlim musiqidən əsər-əlamət yox idi. Sanki dağlar da bunu duyurdu, musiqinin əks-sədası da yox idi. Hamı fərqində idi, amma kimsə dinmirdi. Kimsə dayanıb hay-küy salmırdı. Eləcə, “candərdi” oynayırdı toyxanadakılar. Qəribə idi...
Bu hal bir dəfə də təkrar olduqdan sonra, nəhayət ki, toya gəlib çıxan, həmin kənddən olan dostum anlatdı mənə vəziyyəti. Sən demə, Mehman bu kənddən qız istəyirmiş. Araları da yaxşı imiş, evlənməyi düşünürmüşlər. Hər şey yolunda gedərkən necə olursa, qızın ailəsi bu izdivaca razı olmur və qızlarını keçdiyimiz günlərdə öz qohumları ilə nişanlayırlar.
Həmin qız da, bu günkü toy sahibi ilə yaxın qohum imiş deyə, tez- tez oynamağa çağırırmışlar toyxanaya. Hər dəfə o qız toyxanaya girdikdə, Mehman qoşa nağara çalmağı dayandırır, əllərini qoynuna qoyub etiraz edirmiş. Başqa vaxt bir notun pozulmasına dözümü çatmayan kənd camaatı isə, Mehmanın haqq etirazına sanki həmrəylik edərək, heç nə demirmiş. Nə qızı toyxandan çıxarıb xətrinə dəymək istəmirmişlər, nə də Mehmana “çal” deyirmişlər. Səhər tezdən indiyə qədər toy bax beləcə davam edirmiş...
Gördüyüm ən unikal etiraz idi Mehmanınkı. Qoşa nağara çubuqları əllərində, əlləri qoynunda, başı sinəsində. Beləcə onu sevgisindən, arzularından ayıranlara etiraz edirdi. Bir kimsə də səsin çıxarmırdı. Bütün kənd bilirdi ki, Mehman haqlıdır. Mehmana qarşı haqsızlıq olunub. Və Mehmanın haqqıdır ki, hadisələrə müdaxilə edə bilməsə belə, ən azından etiraz etsin...
Bir kimsənin ağlına gəlmirdi ki, Mehmana zor tətbiq etsin. Mehmanı zorla nəyəsə vadar eləsin. Mehmana elədiyinə görə üzr istətsin. Kimsə bunu düşünmürdü.
Sonralar o kənddən olan dostum dedi ki, Mehman o toydan özünə çatan pulu götürməyib. Və bir daha da o kəndə toya gəlməyib. Mehman gəlməyib deyə, digər toyçular da gəlməyib. Ansambldakı qədər adamdan birinin ağlına da gəlməyib ki, təklif etsin, Mehmanın əvəzinə başqa qoşanağaraçalan götürsünlər, çörəklərini qazansınlar. Beləcə, o gözəl toyçuların yığışdığı “Dizə ansamblı” dağılıb.
Daha sonrasından xəbərim yoxdu. Heç bilmirəm, Mehman indi nə işlə məşğuldur. Bəlkə də TIR sürücüsüdür, nə bilim...
Çingiz Özgür


Xəbəri paylaş

1322 dəfə oxunub.

Digər xəbərlər
30-01-2021, 21:20 Baş redaktor saxlanıldı