Tarix: 19-02-2022 | Saat: 14:00
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xəbərdarlıq edib ki, Rusiya diversantları Donetskdə, separatçıların nəzarətindəki ərazilərdə sosial əhəmiyyətli infrastruktur obyektlərini partlatmağa hazırlaşır. Məqsəd bu partlayışlara görə günahı Ukraynanın üzərinə atmaqdır.
Kəşfiyyat İdarəsi Donetsk əhalisinə müraciət edib ki, evlərini tərk etməsinlər və ictimai nəqliyyatdan istifadə etməkdən çəkinsinlər. Belə ki, Rusiya xüsusi xidmət orqanları bir sıra sosial obyektləri artıq minalayıb və daha sonra partlayışlar törədiləcək.
Xatırladaq ki, Donbassda, təmas xəttində vəziyyət fevralın 17-dən etibarən kəskinləşib. Eskalasiyanın başlamasına görə tərəflər bir-birlərini ittiham edirlər. Şübhə yoxdur ki, təmas xəttində vəziyyətin gərginləşməsi Rusiyanın Ukraynaya qarşı gözlənilən irimiqyaslı hücum planının tərkib hissəsidir, hansı ki, Qərb kəşfiyyatı neçə vaxtdır hadisələrin məhz bu cür inkişaf edəcəyi haqda xəbərdarlıqlar edirdi.
Ötən gün qondarma “Donetsk xalq respublikası”nın rəhbəri Denis Puşilin əhalinin Rusiyaya kütləvi təxliyəsinin başladığını elan edib. Və bu qaçılmaz müharibə təhlükəsiz, Ukraynanın gözlənilən hücumu ilə əsaslandırıb. Hansı ki, yerlərdəki müxbirlər atəşkəsin pozulması hallarının elə də intensiv olmadığını, söhbətin vaxtaşırı olaraq yaranan adi eskalasiyadan gedə biləcəyini deyirlər. Buna baxmayaraq separatçı rejim 700 min qadın, qoca və uşaqların Rusiyaya təxliyəsini başladıb. Üstəlik məlum olub ki, bu barədə əmr hələ təmas xəttində vəziyyət gərginləşməzdən əvvəl, fevralın 16-da imzalanıb.
Rusiya telekanalları Donbassdan “soyqırım təhlükəsi” ilə üzləşən əhalinin necə köçürüldüyünə dair dramatik süjetlər yayır, prezident Vladimir Putin Donbassdan köçürülən əhaliyə təcili dəstəyin göstərilməsinə dair sərəncam verib, bu məqsədlə 5 milyard rubl ayrılıb. Bu gün səhər saatlarına olan xəbərlərə görə 7 mindən çox adam təxliyə olunub.(virtualaz.org)
Digər xəbərlər