Tarix: 16-02-2022 | Saat: 18:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda aqrar sahədə subsidiyalı kreditlərin verilməsi üçün aqrar sığortanın icbari olması çox önəmlidir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Türkiyənin Kənd Təsərrüfatı Sığorta Birliyinin (TARSİM) Baş direktoru Serpil Günal bildirib.
S.Günal Türkiyədə aqrar sektora subsidiyalı kreditlərin verildiyini qeyd edib:
"Bu kreditlərin alınması üçün aqrar sığortanın olması icbaridir. Aqrar sığortanın icbari olması əslində kreditin bir təminatıdır. Bu mənada bir təminatın olduğuna görə, kredit verənlər də rahat olur. Çünki hər hansı bir xoşagəlməz hadisə olsa, kredit borcları ödəniləcək. Azərbaycanda aqrar sığortanın subsidiyalı kreditlərlə paralel tətbiqi çox önəmlidir. Bununla bağlı Azərbaycan Mərkəzi Bankinda keçirilən görüşdə çox ciddi təkliflərimiz oldu. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov da bu istiqamətdə Mərkəzi Bankla müəyyən addımlar atacaq".
TARSİM-in Baş direktoru əlavə edib ki, subsidiyalı kreditlərə bağlı aqrar sığortanın tətbiqi Aqrar Sığorta Fondunun fəaliyyətini daha da genişləndirəcək: "Risklə üzləşən fermerlər üçün aqrar sığorta bir qalxan rolunu oynayacaq".
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta sistemini tətbiqi məqsədilə 2019-cu ildə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci ilin fevral ayında Azərbaycanın Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığorta Birliyi (TARSİM) arasında iki ölkənin aqrar sığorta sahəsində qarşılıqlı əməkdaşlığını nəzərdə tutan Niyyət Bəyannaməsi imzalanıb. Həmin ilin noyabr ayından Azərbaycanda Türkiyənin bütün dünyada məşhur olan TARSİM modeli əsasında dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə başlanılıb.
2021-ci ildə Aqrar Sığorta Fondu idarəedici təşkilatı – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC vasitəsilə təxminən 11 milyon manat sığorta haqqı yığıb. Hazırda aqrar sığorta mexanizmi fermer və sahibkarlara 48 sığorta məhsul təqdim edir və 29 risk üzrə təminat verir. Cəmi bir il əvvəl işə düşməsinə baxmayaraq aqrar sığorta mexanizmi ölkədə 350 min hektara yaxın əkin sahəsini və yaxud ümumi əkin sahələrinin 19 %-ni əhatə edib.
Digər xəbərlər