Tarix: 16-02-2022 | Saat: 10:21
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
Bu il Bakı metrosunda daha 6 yeni ventilyator quraşdırılacaq.
"Bakı Metropoliteni" QSC-dən Qarabaginfo.az-a verilən məlumata görə, bununla əlaqədar Rusiyanın Artyomovsk şəhərindəki "Ventprom" maşınqayırma zavodu ilə müqavilə imzalanıb.
Yeni ventilyatorlar Qırmızı xəttin "Qara Qarayev-Neftçilər", "Əhmədli-Həzi Aslanov" mənzillərində, həmçinin Yaşıl xəttin "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının aidiyyəti sahələrində quraşdırılacaq.
Sifariş edilən ventilyatorlar təyinatına görə iki tiplidir. Qeyd edilən avadanlıqlardan daha güclü olan 4-ü VOM 24-R tipli olmaqla 75 kVt gücə malikdir. Onlar tunellərin havalandırılması üçün nəzərdə tutulub. Daha 2 ventilyator 55 kVt gücə malik olmaqla VOM 20 tiplidir. Onlar stansiya və onlara yaxın tunellərin havalandırılmasına xidmət edəcəklər.
Əvvəlki avadanlıqlarla müqayisədə yeni ventilyatorlar daha güclü və məhsuldar olmaqla, quraşdırılacağı stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edəcək.
Bununla yanaşı, metropolitenin tunel və stansiyalarında təbii havalandırma sisteminin yaxşılaşdırılması istiqamətində də işlər planlı şəkildə davam etdirilir. Bu məqsədlə, 2022-ci ildə dempferlərin alınaraq quraşdırılması da nəzərdə tutulub.
Digər xəbərlər