Saytımızı qiymətləndirin


 
 

"Ramiz Mehdiyevin yüksələn etirazlara müvafiq qərar qəbul etməsi məqsədəuyğun olardı" - Ziyafət Əsgərov
Tarix: 14-02-2022 | Saat: 14:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Artıq 31-ci ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni dövrünü, müstəqillik dövrünü yaşayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu dövr hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və səbirlə davam etdirilir. Təkcə doğma Azərbaycanın deyil, bölgənin, bütövlükdə dünyanın qlobal problemlərinə həssaslıqla yanaşan, baş verən hadisələri dərhal analiz etmək və nəticə çıxarmaq imkanları ilə fərqlənən möhtərəm Prezidentimizin fəaliyyəti ilə yaxından tanış olarkən ondakı enerjiyə, xalqına olan sonsuz məhəbbətə və sədaqətə heyran olmaya bilmirsən. İlham Əliyev “Mən hər bir vətəndaşın Prezidenti olacağam” andına əməli işləri ilə cavab verən, hər zaman xalqının yanında olan, yeni zirvələri fəth etmək üçün yeni yollar açmağa qadir dövlət başçısıdır.

 

Qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, iqtisadi tərəqqi və müasirləşmə, demokratik inkişaf, hər bir vətəndaşa sosial qayğı, ədalətli cəmiyyət İlham Əliyev fəaliyyətinin təməl prinsipləridir. Heydər Əliyev ənənələrinə sadiq qalaraq fəaliyyətində demokratik dəyərlərə söykənən möhtərəm Prezidentimiz Azərbaycanı təkcə regionda deyil, bütövlükdə dünyada sayılıb-seçilən dövlətə çevirdi, ona yeni nəfəs verdi. Bu illər ərzində əlverişli biznes mühitinin yaradılması, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun minimuma endirilməsi və yaşayış səviyyəsinin yüksəldilməsi, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına dövlət qayğısının gücləndirilməsi, indiki qloballaşma şəraitində dilimizin, dinimizin, adət-ənənələrimizin – bütövlükdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, gənclərin sağlam və hərtərəfli inkişafı üçün hər cür şəraitin yaradılması, balanslaşdırılmış xarici siyasət kursu, hərbi qüdrətin artırılması, ərazi bütövlüyünün bərpası dövlət başçısının fəaliyyətinin ana xəttini təşkil edib.

 

İndi Azərbaycan inkişafın elə bir mərhələsinə qədəm qoyub ki, qarşılaşdığı bütün problemlərin öhdəsindən öz gücü hesabına gəlmək iqtidarındadır. Hazırda Azərbaycan iqtisadiyyatı regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatı olmaqla həyata keçirilən böyük enerji və nəqliyyat layihələri ilə qlobal enerji və nəqliyyat təhlükəsizliyinə mühüm töhfələr verib, ölkəmiz borc alan ölkədən donor ölkəyə çevrilib.

 

İkinci Qarabağ müharibəsi və onun nəticələri bir daha Azərbaycanın iqtisadi qüdrətini ortaya qoyub, Qarabağ yenidən Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib.

 

Ümumən, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, valyuta ehtiyatları dəfələrlə artıb, sahibkarlara dövlət dəstəyi güclənmiş, sosial sahələrin inkişafı davam etmiş və əhalinin rifahı davamlı olaraq yaxşılaşıb. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq əlaqələri nəzərə çarpacaq dərəcədə genişlənib və beynəlxalq aləmdə nüfuzu güclənib. Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı və rəqabətli Azərbaycan iqtisadiyyatının formalaşdırılmasıdır ki, onun da konturları, bu sahə ilə bağlı strateji hədəflər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çox böyük dəqiqliklə müəyyən edilib: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir”.

 

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyev cənablarının ilk beynəlxalq xarici səfəri Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakı ilə bağlı olub, Sammitdə “Qara qızılı insan qızılına çevirək” tezisini səsləndirməklə cənab Prezident ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan edib.

 

Prezident İlham Əliyevin irəli sürdüyü neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyası çərçivəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla reallaşdırılması nəticəsində 3558 nəfər azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanıb, ölkəmizin gələcək inkişafına öz töhfələrini verməyə başlayıb.

 

Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərində, tanınmış elm və təhsil ocaqlarında təhsil almağa göndərilməsi, onların yeni, müasir texnologiyalara yiyələnməsi Azərbaycanın sabahına – intellektual kapitalın yaradılmasına yönəlik sərmayədir, sabahımıza bu gündən olan təminatdır – İlham Əliyev təminatı. Möhtərəm Prezidentimizin elmin və təhsilin inkişafına göstərdiyi sərhədsiz və misilsiz xidmətlərin mərkəzində məhz işıqlı sabah, xoşbəxt gələcək dayanır.

 

Təəssüf ki, Azərbaycan elminin beşiyi olan Azərbaycan Milli Elmlər Akademiyasında son zamanlar yüksələn etirazlar, edilən şikayətlər onu göstərir ki, bu qurumda baş verənlər ölkə elminin inkişafında əngələ çevrilməkdədir. AMEA-nın Prezidenti akademik Ramiz Mehdiyev fərqində olmamış deyil ki, bu beyin mərkəzində yaranmış vəziyyət təkcə elmimizə deyil, bütövlükdə cəmiyyətimizə, dövlətimizə vurulan zərbədir. Çünki elm, eyni zamanda, dövlətçilik və milli təhlükəsizlik məsələsidir.

 

Hesab edirik ki, Milli Elmlər Akademiyasının indiyədək qazanılmış nüfuzunu itirmədən Ramiz Mehdiyevin yüksələn etirazlara müvafiq qərar qəbul etməsi məqsədəuyğun olardı.

 

İnanmaq istərdik ki, elmimizin sabahı naminə belə də olacaq.

 

Ziyafət Əsgərov

 

Milli Məclisin deputatı

 



Xəbəri paylaş

237 dəfə oxunub.

Digər xəbərlər