Saytımızı qiymətləndirin


 
 

Allahşükür Paşazadə Pakistan səfiri ilə görüşdü
Tarix: 08-02-2022 | Saat: 16:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.

 

QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycanla Pakistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açılıb.

 

Bildirilib ki, qardaş ölkələr arasında tarixin sınaqlarından keçmiş siyasi, mənəvi bağlılıq hər zaman bir-birimizin yanında olmağımıza dəlalət edib. Xüsusilə II Qarabağ müharibəsi dövründə Pakistanın mənəvi dəstək və yardımı Azərbaycan xalqının ədalətli mübarizəsinin qələbəsinə öz töhfəsini verdi. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq müstəvilərdə hər zaman eyni mövqelərdən çıxış edən Azərbaycan və Pakistan dostluq və qardaşlığı əsl İslam həmrəyliyi nümunəsi olaraq dünya üçün örnəkdir.

 

Şeyxülislam A. Paşazadə 40 ildən artıq dini liderliyi dövründə dəfələrlə Pakistanı ziyarət etdiyini, orada çox sayda din, ictimai, siyasi xadimlərlə yaxından tanış olduğunu, beynəlxalq müstəvilərdə birgə tədbirlərdə iştirak etdiyini, Pakistan xalqına və dövlətinə böyük ehtiramı olduğunu ifadə etdi. Bu baxımdan bir sıra önəmli məqamları xatırladan QMİ sədri istər sovetlər dönəmində, istər 20 Yanvar hadisələri zamanı, istərsə də Azərbaycanın İslam Konfransı Təşkilatına (İƏT) üzv qəbul olunması zamanı Pakistan dövlətinin qardaş dəstəyinin şəxsən şahidi olduğuna dair xatirələrini bölüşdü.

 

Səfir İslam dünyasının tərəqqisində Azərbaycanın özəl rolunun olduğunu, multikulturalizm modelinin dünya üçün nümunə səciyyəsi daşıdığını rəğbətlə vurğuladı. Azərbaycanla Pakistan münasibətlərinin rəsmi xarakterdən daha çox millətlərimiz arasında qəlbən bağlılıq üzərində təşəkkül tapmış əlaqələr olduğunu qeyd edən pakistanlı səfir Azərbaycan xalqının II Qarabağ müharibəsində qazandığı tarixi Zəfərin bütün İslam dünyası üçün qələbə, bütün işğal altında olan xalqlara müsbət nümunə olduğunu qürurla vurğuladı.

 

Səfirə Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Dialoq Mərkəzi barədə məlumat verən bu mərkəz xətti ilə bugünədək Avstriya, İspaniya, Almaniya, Rusiya, Türkiyə, İran, Özbəkistan və digər ölkələrdə keçirilmiş beynəlxalq konfranslar barədə, habelə bu yaxınlarda Vatikana səfəri barədə səfirə ətraflı məlumat verdi. QMİ sədri bildirdi ki, gələcəkdə bu müstəvidə beynəlxalq forumların Pakistanda keçirilməsi, bu ölkənin tanınmış din xadimlərinin birgə tədbirlərdə yaxından iştirakı olduqca arzuolunandır. Görüşdə QMİ sədri A. Paşazadə Türk Dövlətləri Təşkilatı çərçivəsində dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə, türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması haqda məlumat verdi və türk dünyasına qardaş Pakistan xalqının da bu Birlik çərçivəsində dini-mənəvi əməkdaşlığa cəlb olunmasını məqsədəuyğun saydı.

 

Pakistanlı səfir, öz növbəsində, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzini təsis etmələrindən və bu mərkəzdə təşkil olunan, o cümlədən multikulturalizm mövzusunda tədbirlərdə QMİ-nin yaxından iştirakından məmnun olacaqlarını bildirdi.

 

Səfir Pakistanda hindu və sikx mədəniyyət nümunələrinə həsr olunmuş kitabları Şeyxülislama təqdim etdi və müsəlman ölkəsi olan Pakistanda digər dinlərin ardıcıllarına olan tolerant münasibətdən söhbət açdı.

 

Görüşün sonunda xatirə hədiyyələri təqdim olundu.

 



Xəbəri paylaş

274 dəfə oxunub.

Digər xəbərlər