Tarix: 08-02-2022 | Saat: 11:31
Bölmə:Karusel / Dünya | çapa göndər
“Fransa prezidenti Emmanuel Makronun Rusiyaya səfəri bu ərəfədə baş verdi ki, həmin məqamda Almaniyanın kansleri Olaf Şolts da ABŞ prezident Co Baydenlə görüşmək üçün bu ölkəyə getdi”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az- açıqlamasında siyasi şərhçi Natiq Miri ötən günkü Putin-Makron görüşünün təfərrüatlarını şərh edərkən deyib:
“Yəni eyni anda Avropanın aparıcı iki dövlət başçısının bu böhranla bağlı Rusiyaya və ABŞ-a səfər etməsi onu göstərir ki, hər iki dövlət, xüsusilə də Avropa Birliyi (AB), əslində, iki dövlət (Rusiya və Ukrayna) arasında sərt ritorikaların səngiməsi və məsələlərin hərbi yolla deyil, daha çox diplomatik yolla müzakirə predmetinə çevirilməsini istəyirlər. Əsas məqsəd bundan ibarətdir.
O ki qaldı konkret Rusiyanın öz istəklərindən vaz keçməsinə, düşünürəm ki, bu, o qədər də asan məsələ deyil. Niyə? Çünki Rusiya hələ də əmindir ki, bu cür hərbi böhranı yaratmaqla geosiyasi maraqlarına nail ola biləcək. Yəni hələ də bu yöndə Rusiyada müəyyən bir əminlik mövcuddur.
Ayrıca, bir məsələni də diqqətdən qaçırmaq lazım deyil. Bu günləri ABŞ prosesi, əslində, NATO-Rusiya çərçivəsinə salmaq istəyindədir və bu kontekstdə ABŞ-ın əsas məqsədi NATO-nu daha da sıx birləşdirmək və xüsusilə də, NATO-da bəzi çatlaq və dağıdıcı məsələləri aradan qaldırmaqdan ibarətdir ki, əslində, son proseslərdə müəyyən mənada ABŞ bu birliyə nail ola bilib. Ancaq Rusiya bu günləri NATO-Rusiya qarşıdurmasına o qədər də maraq göstərmir və ayrıca bu, xüsusilə də NATO-nun genişlənməsi ilə bağlı sonuncunun Rusiyanın təkliflərini tamamilə rədd etməsindən sonra Vladimir Putin bu məsələnin NATO ilə çözülə biləcəyinə o qədər də əmin deyil”.
N. Miri Ukrayna böhranında Türkiyənin irəli sürdüyü vasitəçilik təkliflərindən söz açaraq deyib:
“Ancaq məsələnin bir də başqa tərəfi var. Fikir verirsinizsə, başqa bir vasitəçilik missiyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ortaya qoyub. Maraqlıdır ki, Ərdoğan Fransa və Almaniyanın dövlət rəhbərlərindən və ABŞ-ın siyasətindən fərqli olaraq, bu problemi Minsk razılaşması kontekstində və ATƏT çərçivəsində həll olunmasını istəyir. Yəni Türkiyə özü NATO üzvü olmasına rəğmən, NATO-nu prosesdən aralamaq istəyir. Hesab edirəm ki, bu məsələdə Türkiyə daha çox səmimi rol oynayır və bunu Rusiya bilməmiş deyil.
Türkiyə bunu niyə belə edir? Ona görə ki, Türkiyə özü NATO üzvüdür və bu münaqişə NATO-Rusiya münaqişəsi çərçivəsinə getdiyi təqdirdə, Türkiyənin proseslərə hərbi müdaxilə məcburiyyəti yaranacaq. Belə bir vəziyyətdə NATO-nun prosesdən uzaq qalması və proseslərin, diplomatik danışıqların daha çox ATƏT və Minsk razılaşması çərçivəsində aparılmasını təklif edir ki, dolayısıyla bu da, müəyyən mənada Rusiyanın maraqlarına uyğundur. Çünki Rusiya hər bir zaman Türkiyə kimi NATO-nun ən güclü ikinci ölkəsini NATO-dan tədricən aralamaq istəyir”.
Ekspertin sözlərinə görə, Türkiyənin bu məsələdə nə qədər səmimi olduğunu da Rusiya anlayır və buna əmindir:
“Çünki Türkiyə regionda bir müharibənin başlamasını həm Qara Dənizdə, həm də bütövlükdə regionda Türkiyəyə zərər verə biləcəyini düşünür ki, bu yanğın da, əlbəttə ki, Türkiyənin geosiyasi maraqlarına xidmət etmir. Bilirsiniz ki, ABŞ çox uzaqdır və ayrıca bu məsələ digər tərəfdən həm də ABŞ-ı dəstəkləyən Böyük Britaniyaya da bir o qədər təsir etməyəcək. Ona görə də, Türkiyənin bu məsələdə daha çox səmimi olduğu üçün mən Türkiyə Prezidentinin vasitəçiliyini daha ciddi sayıram. Fikir verirsinizsə, artıq Vladimir Putinin Türkiyə səfərinin vaxtı müzakirə predmetidir və düşünürəm ki, bu yaxın zaman çərçivəsində baş tutacaq. Ona görə də, Emmanuel Makronun və Olaf Şoltsun bu səfərinin elə bir ciddi siyasi nəticələr verəcəyini düşünmürəm”, - deyə həmsöhbətimiz yekunlaşdırıb.
Digər xəbərlər