Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın xanlıqlar dövrü Ramiz Mehdiyevin əyri güzgüsündə...
Tarix: 04-02-2022 | Saat: 16:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanın xanlıqlar dövrü Ramiz Mehdiyevin əyri güzgüsündə...
Açığını deyim, Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının Prezidenti seçildikdə mən onun elmi inkişafına yönələn islahatlar aparacağına inanmırdım, çünki onu mühafizəkar bir adam kimi tanıyırdım.
 
Ətrafımdakılara da deyirdim ki, ən yaxşı halda Mehdiyevin bir çox nazirə təsir imkanları olduğundan, Akademiya işçilərinin Respublika üzrə orta aylıq səviyyədən aşağı olan məvaciblərini qaldıra bilər. Lakin təəssüf ki, hamının bu gözləntisi də özünü doğrultmadı.
 
Onun Azərbaycan elminə vurduğu zərbələr artıq ayrı-ayrı elm adamları tərəfindən KİV-də və sosial şəbəkələrdə verilməkdədir. Bu fikirlərə qoşularaq şəxsən uzun illər boyu tədqiqat ilə məşğul olduğum Azərbaycan xanlıqları ilə bağlı onun 2019-cu ildə nəşr etdirdiyi “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” adlı kitabı üzərində yığcam şəkildə fikirlərimi qeyd etmək istərdim. İlk növbədə onu deyim ki, bu kitab nəşr olunan kimi onun haqqında yüksək vəzifəli məddahlar KİV-lərdə və Elmlər Akademiyasında keçirilən toplantılarda onu xeyli təriflədilər. Əslində isə bu kitabda həmin dövrlə məşğul olan alimlərin əməyini heçə endirməyə yönələn haqsız məqamlar kifayət qədərdir.
 
Əvvəla, müəllif yumşaq desək, xanlıqlar dövrünə həsr olunmuş bütün tədqiqatları  insafsızcasına “iş görüntüsü yaratmaq naminə ərsəyə gətirilən və mahiyyət etibarilə mənasız kağız sərfiyyatından irəli getməyən, məntiqi əlaqəsi olmayan, müfəssəl, ciddi mənbəşünaslıq bazasına söykənməyən söz yiğını”adlandırır. Halbuki, Azərbaycanın şimalında yerləşən 10 xanlıq haqqında ciddi elmi araşdırmalar aparılmış, kitablar və dissertasiyalar yazılmışdır. Təkcə Quba xanlığı üzrə H.Abdullayevin iki böyük monoqrafiyası, T.Mustafazadənin tədqiqatları İrəvan xanlığı üzrə bir neçə kitab və dissertasiyalar var. Onlardan birinə Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Dövlət Mükafatı verilib. Əgər Ramiz Mehdiyev həmin əsərlərə baxıb konkret və əsaslı nöqsanlar göstərsəydi, bəlkə də onu qəbul etmək olardı. Ancaq dövrün tədqiqindən xəbəri olmadan peşəkar alimləri ucdantutma anafemaya vermək anormallıqdır, insafsızlıqdır və ədalətsizlikdir.
 
Daha sonra yazır: “Arxivlərlə, yaxud tərcüməsi həyata keçirilməmiş qaynaqlarla işləmək imkanlarının məhdudluğu tarixşünaslarımızı mənbəşünaslardan asılı vəziyyətə salır”. Bu fikir də başdan-başa yanlışdır. Qeyd etməliyəm ki, xanlıqlar dövrünün görkəmli tədqiqatçıları Həsi Abdullayev və Fuad Əliyev ömürlərini Rusiya arxivlərində keçirmişlər. Bu yazının müəllifi də 1975-ci ildən başlayaraq demək olar ki, hər il müxtəlif Rusiya arxivlərindən material toplamaqla məşğul olmuş, xanlıqlara dair minlərlə sənədi müasir rus əlifbasına çevirərək, 6 cildlik sənədlər toplusu nəşr etdirmişdir. Bunu görməzlikdən gələn akademik xanlıqlar dövrü üzrə demək olar ki, heç bir arxiv sənədi tapıb cap etdirməyən Şərqşünaslıq və Əlyazmalar İstitutlarını isə tərifləməyə üstünlük vermişdir.
 
Müəllif kitabda Şimali Azərbaycan xanlarının hamısının Rusiyapərəst siyasət yürütdüyünü iddia edir. Halbuki, Gəncə və Bakı xanlıqları Rusiya işğalına qarşı qətiyyətli mübarizə aparmış, digər xanlıqlar isə Osmanlı və Rusiya arasında manevr edərək, müstəqilliklərini qorumağa çalışmışlar.
 
R.Mehdiyev kitabda Şəki, Quba və digər xanlıqlar haqqında da qeyri-peşəkar və həqiqəti əks etdirməyən müddəalar irəli sürməkdən çəkinməmişdir.
 
R.Mehdiyev adı çəkilən kitabda ciddi yanlışlığa yol verərək, İsveç tarixçisi S.Kornellə əsaslanaraq Qarabağda ermənilərin sayının 1832-ci ildə 35 faizə, 1880-ci ildə isə 53 faizə yüksəldiyini iddia edir. Bu kökündən səhvdir və düşünülmüş şəkildə ermənilərin məkrli separatçılığına və Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq cəhdidir. 
 
Bütövlükdə adını çəkdiyim kitab ruhuna və mahiyyətinə görə anti-Azərbaycan mövqeyini özündə əks etdirməkdədir.
 
Ramiz Mehdiyevin Azərbaycan tarixini erməniləşdirməkdə və tariximizi saxtalaşdırmaqdakı xidmətləri bununla bitmir. O, 2018-ci ildə tanınmış ingilis tarixçisi Maykl Aksvörtinin Nadir şah haqqında yazdığı əsəri Azərbaycan dilinə “tərcümə etdirmiş”dir. Tərcümə olduqca aşağı, qeyri-peşəkar səviyyədə aparılmışdır. Bəlli olmuşdur ki, tərcümə kompüterlə edildiyi üçün alimin istinad etdiyi mənbələr də tərcümə prosesində yox olmuşdur.
 
2020-ci ildə Ramiz Mehdiyevin rəhbərliyi və Tarix institutunun əməkdaşı Nigar Gözəlovanın tərtibçiliyilə “Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər (Erməni icmasının timsalında)” adlı sənədlər toplusu nəşr olunmuşdur. Sənədlərin İrəvandakı Mətndarandan götürüldüyünə işarə var. Çox maraqlıdır ki, hələ sovetlər dövründə belə, azərbaycanlıların buraxılmadığı bir məkana Nigar Gözəlova necə giriş əldə etmişdir? Həm də nə erməni, nə də fars dilini bilmədiyi halda orada necə çalışmışdır? Deməli, əslində sənədlər hansısa çap olunmuş topludan götürmüş, lakin toplunun adını qeyd etməyi lazım bilməmişlər. Toplu müəllifləri XIX əsrə kimi ermənilərin Azərbaycan ərazisində yığcam şəklində, yerli xalq kimi yaşamasını tarixi faktlarla inkar edən Azərbaycan tarixçilərini qınayaraq, onları ittiham etməkdən belə çəkinməmişlər. Onların bu mövqeyi 44 günlük Vətən müharibəsi ərəfələrində düşmənin dəyirmanına su tökmək kimi qiymətləndirilməlidir. 
 
Mən bu günədək subordinasiyanı gözləyib, Akademiyanın nüfuzuna xələl gəlməsin deyə susurdum. Lakin Ramiz Mehdiyevin Tarix institunun və onun baş direktorunun ünvanına söylədiyi ciddi və haqsız ittihamlar məni sükutu pozmağa vadar etdi. Mən də düşünürəm ki, bu gün cənab Mehdiyev və onun əhatəsi Azərbaycan elminin qarşısında ciddi bir əngələ çevrilmişdir. Ramiz Mehdiyev Elmlər Akademiyasının rəhbərliyindən getməli və ora daha cavan, novator və enerjili şəxs gətirilməlidir. Yeni rəhbərlik isə kosmetik deyil, əsaslı islahatlar keçirməlidir ki, EA müasir çağırışlara cavab verə biləcək modern bir quruma çevrilsin.
 
İslahatların içərisində, AMEA-ya müxbir və həqiqi üzvlərin seçilməsi qaydasında da dəyişiklik edilməlidi. Belə ki, seçkilər şəffaf keşrilmir, namizədlərin nə qədər səs topladığı elan olunmur. Eyni zamanda 250 işçinin çalışdığı və tarix elminə əhəmiyyətli töhvələr verən Tarix institutunda cəmi bir akademikin olması, müxbir üzvünün isə olmaması dözülməz haldır. Həm də nəyə görə elmlər doktorluğuna görə verilən vəsait AMEA-nın müxbir və həqiqi üzvlüyünə verilən vəsaitdən az qala 15-20 dəfə az olmalıdır?!
 
 
Tofiq Mustafazadə
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri,
 Tarix elmləri doktoru, professor, 
Əməkdar elm xadimi, 
Dövlət mükafatı laureatı


Xəbəri paylaş

272 dəfə oxunub.

Digər xəbərlər