Tarix: 28-01-2022 | Saat: 14:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
Yanvarın 28-də Baş prokuror Kamran Əliyev Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Robert Spano ilə görüşüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Azərbaycan prokurorluğu ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əlaqələrin səmərəliliyini qeyd edən Baş prokuror, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində aparılan mütərəqqi islahatlar haqda məlumat verib.
Kamran Əliyev qeyd edib ki, prokurorluq orqanlarında İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Məhkəmənin presedent hüququnun öyrənilməsi və implementasiyasına xüsusi önəm verilir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə Azərbaycan prokurorluğunun gələcək əməkdaşlıq perspektivləri, o cümlədən prokurorların məhkəməyə təlim-tədris səfərlərinin təşkili, məhkəmənin hakimləri tərəfindən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının konfranslarında hüquq elminin müxtəlif sahələri üzrə aktual məsələlərə həsr olunan mühazirələrlə çıxışları ətrafında müzakirə aparılıb.
Həmçinin, Avropa Şurası və onun qurumları ilə əməkdaşlıq məsələlərindən məmnunluq ifadə olunaraq bu yaxınlarda Azərbaycan prokurorluğunun nümayəndəsinin Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratında müsabiqədə uğur qazanaraq 1 illik staj keçəcəyi qeyd olunub.
Görüşdə Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov və ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov iştirak ediblər.
Digər xəbərlər