Saytımızı qiymətləndirin


 
 

Pandemiya doğuş sayını AZALDIB
Tarix: 26-01-2022 | Saat: 10:42
Bölmə:Karusel / Sosial | çapa göndər

Pandemiya dövründə doğum sayında azalmalar qeydə alınıb.

 

Bunu Qarabaqinfo.az-a açıqlamasında Klinik Tibbi Mərkəzin (KTM) həkim mama-ginekoloqu Şölə Səfərova deyib.

 

Onun sözlərinə görə, həmçinin mövcud vəziyyət bəzi xoşagəlməz hallara da səbəb ola bilir:

 

“Məsələn, bəzən ana ağır gedişli koronavirus keçirirsə, körpə vaxtından əvvəl doğulur. Eləcə də əksər uşaqların azçəkili doğulması, respirator distres sindromlu uşaqların (əgər 37 həftədən öncə hamiləlik sonlanıbsa, morfoloji və funksional yetməzlik qoşulubsa, daha ağır formada), sepsisli, koronavirusa yoluxan yenidoğulmuşların sayında artım qeyd olunur”.

 

Mama-ginekoloq qeyd edib ki, pandemiya dövründə vertikal transmissiyası adətən olmadığı üçün anadangəlmə anomaliyaların artması müşahidə olunmur:

 

“Artıq kliniki protokollarda da öz əksini tapıb ki,hamiləlik planlanması zamanı,  hamiləliyin bütün dövrlərində (12 həftədən sonra arzuolunandır), eləcə də südverən dövrdə də peyvənd olunmaq üçün əks-göstəriş yoxdur. Peyvəndin sonsuzluq əmələ gətirməsi isə tam yalnış məlumatdır”.

 

Ş.Səfərova son olaraq hamilələrə, eləcə də hamilə olmaq istəyən qadınlara öz tövsiyələrini də verib:

 

“Hazırda hamilə qadınların digərləri ilə müqayisədə koronavirusa yoluxmalarının daha çox olub-olmaması dəqiqləşməsə də, onların yaşadıqları fizioloji dəyişikliklər bir çox infeksiyalara yoluxma risklərini artıra bilər. Bu səbəbdən də hamilə qadınların özlərini xəstəliklərdən qorumağa çalışmalıdırlar. Onlar koronavirusa, eləcə də digər viruslara yoluxmamaq üçün gigiyena qaydalarına tam əməl etməli, sosial məsafə saxlamaqla, insanların çox olduğu yerlərdən uzaq olmalıdırlar. Unutmayın ki, özünüzü qorumaqla, həm də körpənizi qoruyacaqsınız”.

 

Qeyd edək ki, 2021-ci ildə Kliniki Tibbi Mərkəzə COVID-19-a yoluxmuş 903 hamilə qadın yerləşdirilib. Vəziyyətləri olduqca ağır olan 260 hamilə qadından 20-nin həyatını xilas etmək mümkün olmayıb. Onlardan 287-si (75-i birbaşa doğum zalına aparılıb) övladını dünyaya gətirib, 39-u isə düşüklə nəticələnib. 577 hamilə qadının vəziyyəti yaxşılaşdığı üçün evə buraxılıb.

Dünyaya gələn uşaqlardan 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib.

Həmçinin xatırladaq ki, Səhiyyə Nazirliyi risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra “Pfizer” vaksini ilə peyvənd olunmağı tövsiyə edir .

Eyni zamanda, hazırda risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında “Pfizer” vaksini ilə peyvənd oluna bilərlər. 



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər