“Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Respublikaçılar Partiyasından Fransa prezdentliyinə namizəd, İl-de-Frans bölgəsinin başçısı Valeri Pekresin Xankəndinə rus sülhməramlılarının icazəsi əsasında gəldiyini dolayısı ilə etiraf edib. Ancaq rəsmi Bakıya isə xəbərlərinin olmadığını demişdilər”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə konkret.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı fikir səsləndirib. O bildirib ki, Rusiya XİN-in sözçüsü 10 noyabr razılaşmasının 6-cı bəndinə istinad edir və belə əsaslandırır ki, “sülhməramlı kontingentin komandanlığı sülhməramlı əməliyyatın həyata keçirildiyi ərazidə xarici vətəndaşların, beynəlxalq təşkilatların ziyarətinə dair qaydalar müəyyən edib”. 10 noyabr razılaşmasının 6-cı bəndində “xarici vətəndaşlar” qeydi yoxdur: “Rəsmi Bakı dəfələrlə “xarici vətəndaşların icazəsiz səfərinə” qarşı çıxıb. Prezident Əliyev də bildirib ki, Qırmızı Xaç Komitəsi istisna olmaqla, heç bir beynəlxalq təşkilat Bakının icazəsi olmadan həmin ərazilərə gedə bilməz. Görünür, sülhməramlılar özlərindən qaydalar müəyyən edib. Zaxarova Azərbaycanın bu qaydalardan xəbərdar olduğunu bildirir. O zaman sual yaranır: Bakının sorğusuna cavabda Pekressin gəlişindən “xəbərsiz” olduqlarını niyə bildiriblər?. Bu, rusların Bakıya dedikləri sözlə əməlinin üst-üstə düşmədiyini bir daha təsdiq edir”.
Asif Nərimanlı əlavə edib ki, yeganə yol Laçın dəhlizində praktiki addımlar atmaq və qaydaları bizim tətbiq etməyimizdir: “İstisna deyil ki, Bakının bununla bağlı hansısa planları var. Ötən ilin sonunda dəhlizə nəzarət məsələsinin gündəmə gəlməsi, Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlər bu gözləntini artırır. Zaxarovanın razılaşmanın 6-cı bəndini xatırladaraq, Azərbaycan prezidentinin “Laçın dəhlizi bizim nəzarətimiz altındadır” sözlərini təkzib etməyə çalışması da, onu deməyə əsas verir ki, Bakının addımları, yaxud dəhlizə nəzarətlə bağlı planları rusları narahat edir”.