Saytımızı qiymətləndirin


 
 

Azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
Tarix: 28-02-2019 | Saat: 10:05
Bölmə:Karusel / Qarabağ | çapa göndər

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

"Qarabaginfo" AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyada Vaşinqtonda və onun ətrafında yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Nümayişçilərin əllərində tutduqları plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı barədə faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin ABŞ-ın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmsədri Bədir Məmmədli Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərlərinə müraciət edərək, ABŞ Helsinki Komissiyasının sədri konqresmen Əlsi Heystinqzin cari il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı ilə əlaqədar yaydığı bəyanatı oxuyub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 mülki şəxsin erməni hərbçiləri tərəfindən amansızcasına qətlə yetirildiyini qeyd olunub.

Sonra bu soyqırımı törədilən zaman 11 yaşında olan Xocalı sakini Anar Usubov həmin hərbi cinayət nəticəsində 27 yaxın qohumunun öldürüldüyünü bildirib. O, bu hərbi cinayətin təqsirkarlarının hüquqi məsuliyyətə cəlb olunmasını tələb edib. Bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və tezliklə bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

Aksiya zamanı "Ermənistan qeyri-müstəqil nökər dövlət", "Erməni terrorunu pisləyin!", "Xocalı qırğını bir daha təkrarlanmamalıdır!", "Ermənistan etnik təmizləmədə təqsirkardır!", "Ermənistana ar olsun!", "Ermənistan, Qarabağdan rədd ol!", "Uşaq qatilləri!", "Ermənistan vassal dövlətdir!", "Amerikalı vergi ödəyicilərindən pul diləndiyiniz yetər!", "Biz Xocalını unutmayacağıq!", "Azərbaycan torpaqlarından əl çəkin!", "Ermənistan, beynəlxalq hüquqa riayət et!", ”Paşinyana ar olsun!”, "Köçaryan, Sarkisyan, Ohanyan cinayətkardırlar!" və sair şüarlar səsləndirilib.

Etirazçılar Ermənistan hökumətini Xocalı soyqırımını tanımağa çağırıb. Həmçinin erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şəraitin yaradılmasını tələb ediblər. İcma üzvləri Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktlarını tanımağa çağırıblar. Aksiya iştirakçıları Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetirməsinə çağırışlar ediblər.

Etiraz aksiyasının sonunda Azərbaycan əsgərinə həmrəylik və dəstək əlaməti olaraq azərbaycanlı fəallar “Əsgər marşı”nı və Azərbaycanın dövlət himnini oxuyublar.

Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu kütləvi qırğının tanıdılması üçün hər il etiraz aksiyası keçirir. Bununla yanaşı, şəbəkə artıq 12 ildir Amerika ictimaiyyətini Xocalı soyqırımı və erməni silahlı birləşmələrinin digər hərbi cinayətləri barədə məlumatlandırmaq üçün hər il bir neçə kampaniya keçirir.



Xəbəri paylaş

556 dəfə oxunub.

Digər xəbərlər