Saytımızı qiymətləndirin


 
 

“Azərbaycandan ucuz qazı ala bilmirik, gündə 750 min avro ziyana düşürük...”
Tarix: 08-01-2022 | Saat: 21:54
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycan qazının Bolqarıstana nəqli üçün nəzərdə tutulan Yunanıstan-Bolqarıstan qaz kəmərinin (IGB layihəsi) tikintisini yunan tərəfinin ləngitməsi ucbatından Bolqarıstan hər gün 750 min avro zərər edir. virtualaz.org xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Aleksandr Nikolov ötən gün yanvarın 6-da parlament dinləmələrində deyib.

Nazir deyib ki, (EURACTİV.com) bu qaz kəmərinin tikintisinin ləngiməsi nəticəsində Bolqarıstan son bir ildə 250 milyon avrodan çox ziyana düşüb. IGB, yaxud interkonnektor layihəsi Bolqarıstan üçün kritik əhəmiyyətə malikdir. Çünki bu qaz kəmərinin istifadəyə verilməsi Bolqarıstan qaz bazarında Rusiyanın “Qazprom” şirkətinin inhisarçı mövqeyini zəiflədəcək.  İGB layihəsi hələ 2013-cü ildə razılaşdırılıb, lakin uzunluğu 182 kilometr olan qaz boru kəmərinin çəkilməsi işlərinə 2019-cu ildə başlanılıb. Tikinti işləri 2021-ci ilin iyulunda yekunlaşmalıdır. Amma işlər çox ləng gedir.

Nikolov xəbərdarlıq edib ki, tikintinin bu cür sonsuzadək uzadılması nəticəsində Bolqarıstanın da ziyanı artacaq. Bolqarıstanın Azərbaycanla ildə 1 milyard kubmetr qaz təchizatına dair müqaviləsi var. “Euractiv” portalı qeyd edir ki, bu həcm Bolqarıstanın təbii qaza olan tələbatının üçdə birini təşkil edir. Hazırda Azərbaycan qazı Bolqarıstanın Rusiyadan aldığı qaza nisbətən xeyli ucuzdur. Bu səbəbdən Azərbaycan qazının tam həcmdə nəql edilməsi üçün infrastrukturun olmaması Bolqarıstan üçün maliyyə itkiləri deməkdir.

Nəşr xatırladır ki, ötən ilin sonlarında Azərbaycan prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı Rumen Radevə Bakının Bolqarıstana razılaşdırılmış həmin həcmdən, yəni 1 milyard kubmetrdən çox qaz ixrac etməyə hazır olduğunu bildirib. 

“Lakin Bolqarıstan bu şansdan istifadə edə bilmir, çünki boru kəməri hələ çəkilib başa çatdırılmayıb. Az miqdarda Azərbaycan qazı hazırda mövcud qaz xətti ilə (Yunanıstanla Bolqarıstanı birləşdirən) ixrac edilir, lakin bu kəmərin buraxılış həcmi məhduddur. IGB qaz kəmərinin tikintisini əsasən yunan şirkəti “Avax” həyata keçirir. Şirkət tikinti işlərinin bitmə müddətinin daha bir il uzadılması üçün sorğu verib, amma Bolqarıstan hökuməti bundan imtina edib. Ona görə də risk var ki, tikinti işlərinin 2022-ci il iyulun 1-də yekunlaşması baş tutmayacaq”, - nəşr yazır.

Bildirilir ki, Bolqarıstan hökuməti bu müddətin uzadılmasının müzakirəsini istisna edir. “Məqsəd bundan ibarətdir ki, Yunanıstanla qaz kəməri iyulun 1-də istismara verilsin və növbəti istilik mövsümünə hazır olsun. Nəticədə Bolqarıstan Azərbaycanla razılaşmada nəzərdə tutulan bütün qaz həcmini əldə edə bilsin”,-nazir deputatlara bildirib. Nikolov əlavə edib ki, boru kəmərinin tikintisini başa çatdırmaq üçün yeni podratçı tapmaq mümkündür. Gecikməyə görə tikintini həyata keçirən şirkət bu il yanvarın 1-dən etibarən hər gün 90 min avro ödəməlidir. Bolqarıstan hökuməti isə bildirir ki, bu pul ödənilsə belə Azərbaycandan daxil olmayan ucuz qaza görə itirilən vəsaiti kompensasiya edə bilməz.

 

Bolqarıstanın keçmiş baş naziri Boyko Borisov, Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov və Yunanıstanın keçmiş baş naziri Aleksis Tsipras IGB qaz kəmərinin tikintisinin təməlini qoyarkən...

Müxalifətdə olan “Dirçəliş” millətçi partiyası isə Yunanıstan tərəfini qəsdən boru kəmərinin tikintisini ləngitməkdə ittiham edib.

Hakim koalisiyada təmsil olunan dörd siyasi partiya isə Yunanıstanı ittiham etməsələr də Boyko Borisovun başçılıq etdiyi  əvvəlki hökuməti tikintini qəsdən ləngitməkdə günahlandırıblar. Bu partiyalardan deputatlar bildiriblər ki, Rusiyaya gəlir gətirən və Bolqarıstandan keçən “Türk axını” qaz kəmərinin tikintisi cəmi bir ilə yekunlaşmışdı. Çünki həmin kəmər Borisov üçün prioritet idi.

Xatırladaq ki, IGB kəmərinin ləngidilməsi Bolqarıstanda Azərbaycan qazı ətrafında yaradılan yeganə problem deyil. Bundan əvvəl Azərbaycanla qaz müqaviləsinin tərəfi qismində “Bulgargaz” dövlət şirkəti bəyan etmişdi ki, həmin 1 milyard kubmetr qaz təchizatı müqaviləsindən məxfi kommersiya sirləri “Qazprom”un maraqlarına xidmət edən şəxslər tərəfindən sızdırılıb. Nəticədə Azərbaycan tərəfi “Bulgargaz”la müqaviləni pozmaqla hədələyir.(virtualaz.org)



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər