Saytımızı qiymətləndirin


 
 

"44 günlük Zəfər tarixinin Gəncə şəhidləri" adlı kitabın təqdimatı keçirilib
Tarix: 30-12-2021 | Saat: 07:49
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

"44 günlük Zəfər tarixinin Gəncə şəhidləri" adlı kitabın təqdimatı keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə teatrşünas-tənqidçi Anar Bürcəliyevin "44 günlük Zəfər tarixinin Gəncə şəhidləri" adlı kitabının təqdimatı baş tutub.

Qarabaginfo.az xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasında keçirilən təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev, AYİB-in Gəncə Bölməsi üzrə sədri Xəzangül Hüseynova, şəhid Rauf Əsgərovun anası Brilliant Əsgərova, şəhid ailələri və qazilər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edərək bildirib ki, Anar Bürcəliyevin yazdığı “44 günlük Zəfər tarixinin Gəncə şəhidləri” kitabı ensiklopedik xarakter daşıyır. Hər bir şəhidin önəmli və dəyərli olduğunu qeyd edən şəhər rəhbəri onların tanıdılması və xatirələrinin yaşadılması baxımından bu kitabın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonda Niyazi Bayramov kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və yazıçıya uğurlar arzulayıb.

Tədbirdə çıxış edən natiqlər Şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərmək ənənəsi bu gün də uğurla davam etdirildiyini söyləyiblər və kitabın müəllifinə yaradıcılıq uğurları arzulayıblar.

Anar Bürcəliyev öz növbəsində tədbir iştirakçılarına kitab haqqında məlumat verib. Qeyd edib ki, kitabda Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə şəhid olmuş şəxslər haqqında verdiyi fərman və sərəncamlar, Vətən müharibəsi şəhidlərimizin və Gəncəyə raket hücumu zamanı həlak olan mülki şəxslərin məlumatları öz əksini tapıb.

Tədbirin sonunda şəhid və qazi ailələrinə "44 günlük Zəfər tarixinin Gəncə şəhidləri" adlı kitab hədiyyə edilib.



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər