Tarix: 25-05-2022 | Saat: 11:16
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistan və Azərbaycan liderlərinin mayın 22-də Brüsseldə əldə etdiyi və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tərəfindən səsləndirilən razılaşmalar erməni siyasi ekspertləri, politoloqlar və şərhçilər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi ekspertlər Şarl Mişelin bəyanatında bir sıra detallara diqqət çəkərək, onları Qarabağın və ümumiyyətlə, erməni maraqlarının Azərbaycana təslim edilməsi sayır, digərləri isə bu cür qəti nəticələrə gəlməyə tələsməməyi məsləhət görür.
Qarabaginfo.az xəbər verir ki, Ermənistan KİV-ləri bu mövzudakı siyasi təhlillərə geniş yer ayırır, ekspertlərin şərhlərini təqdim edir. Təqdimatlarda erməni siyasi təhlilçilərin sanki “yasa batdığı” açıq-aşkar hiss olunmaqdadır.
Məsələn, türkoloq Varujan Geqamyan əmindir ki, Brüsseldəki razılaşmalar Ermənistanın Qarabağın müstəqilliyi, onun Azərbaycandan kənarda olması uğrunda mübarizədən imtina etməsinin əlamətidir.
"Danışıqlarda Qarabağın statusundan belə bəhs edilmir, sadəcə olaraq "Qarabağdakı etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyindən" danışılır. Ən yaxşı halda bu, ermənilərin Azərbaycanda etnik azlıqlar kimi yaşamalarını nəzərdə tutur, amma reallıqda ermənilərin Qarabağı tamamilə tərk etməsi deməkdir. Razılaşmalarda xalqların öz müqəddəratını təyin etmək hüququna dair heç bir işarə yoxdur”,- erməni türkoloq vurğulayıb.
Varujan Geqamyan həmçinin, Şarl Mişelin “Dağlıq Qarabağ” toponimindən istifadə etmədiyinə, yalnız “Qarabağ regionu” ifadəsinə müraciət etməsinə diqqət çəkərək qeyd edir ki, bu da inzibati-ərazi bölgüsünün Azərbaycan prinsipinə uyğundur.
Ekspert həmçinin, tərəflərin “Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzit prinsipləri barədə razılışma”sından da narahatdır. Geqamyan bu müddəanı Ermənistanın Tavuş və Ararat bölgələrindəki anklavların (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi-red.) təslim olmasının müjdəçisi hesab edir.
“Anklavların hipotetik itkisi Ermənistanın Gürcüstan və İranla quru əlaqəsini təhlükə altına salacaq”,-deyə o bədbinliklə vurğulayıb.
Türkoloq əmindir ki, Ermənistan ərazisi daxilində yerləşən müəyyən ərazilərin Azərbaycana verilməsi ona gətirib çıxaracaq ki, Ermənistan vətəndaşları bir bölgədən digərinə yalnız Bakının xüsusi icazəsi ilə keçə biləcəklər. Bu kontekstdə o, Zəngəzurda qismən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Gorus-Qafan avtomobil yolunun nümunəsini xatırladıb. Qeyd edib ki, Azərbaycan tərəfi orada gömrük məntəqəsi yaradıb ki, nəticədə də magistral yolu ilə Ermənistan tərəfdən hərəkət dayandırılıb.
Politoloq, “Orbeli” analitik mərkəzinin əməkdaşı Taron Hovannisyan isə Brüssel danışıqlarındakı bir çox detalların və tələlərin mövcudluğuna işarə edərək, deyib ki, Şarl Mişelin sadələşdirilmiş və qeyri-müəyyən ifadələri birmənalı mühakimələrə hələ əsas vermir.
"Hazırda faktiki olaraq iki danışıqlar platforması formalaşıb: Avropa və Rusiya. Və müvafiq olaraq, Qarabağla bağlı görüşlər növbə ilə Brüssel və Moskvada keçirilir. Ukrayna böhranı, Rusiya ilə Qərbin yanaşmalarının qütbləşməsi fonunda Qarabağ yolunda iki xarici aktor arasında ziddiyyətlər kəskinləşir, danışıqların gündəliyi bütün yerlərdə eynidir, lakin vurğular fərqlidir”, - Hovannisyan bildirib.
Onun sözlərinə görə, məsələn, Paşinyan və Putinin aprelin 19-dakı Moskva görüşünün yekun bəyanatında Dağlıq Qarabağ münaqişəsinin diplomatik və siyasi üsullarla həllinin zəruriliyindən danışılıbsa, Şarl Mişelin son bəyanatında Qarabağ münaqişəsinin mövcudluğu ilə bağlı birbaşa bəyanatlar yoxdur.
“Məsələ burasındadır ki, münaqişənin olmadığı, problemin artıq həll edildiyi barədə deyilənlər Bakının mövqeyinə tam uyğun gəlir, çünki bu halda “DQR”in statusu ilə bağlı bütün söhbətlər gündəmdən çıxır, Rusiya sülhməramlı kontingentinin mövcudluğu itirilir. Problemin həll edilməməsi isə Qarabağın statusu ilə bağlı müzakirələr üçün perspektivlər açır. Moskvada qəbul edilmiş sənədin bəndlərindən fərqli olaraq, Mişelin bəyanatında hər şey daha anlaşılmazdır”, - politoloq bildirib.
"Bəli, Şarl Mişel demir ki, Qarabağ münaqişəsi və Dağlıq Qarabağın statusu məsələsi mövcud deyil. Amma əvəzində Qarabağın etnik erməni əhalisinin təhlükəsizliyi ilə bağlı kifayət qədər amorf mülahizələr var. Brüssel bu məsələdən xəbərdardır, amma sanki onu erməni əhalisinin təhlükəsizliyi məntiqinə qədər daraldır”, - Hovannisyan deyib.
Erməni ekspert deyir ki, Şarl Mişelin ifadəsini müxtəlif cür şərh etmək olar, amma yekun qərar Ermənistan tərəfdən asılıdır.
“Əgər İrəvan gələcəkdə Azərbaycanın tərkibində olmağın Qarabağ ermənilərinin təhlükəsizliyi və ya hüquqlarını istisna edəcəyinə dair sanballı, tutarlı arqumentlər təqdim edə bilsə, bu halda ermənilərin deportasiya ediləcəyini sübut edə bilsə, hansı ki keçmişin təcrübəsi bu iddiaya kifayət qədər əsas verir, o zaman Qarabağın Azərbaycanın tərkibində olmadan statusunun müzakirəsi üçün ciddi ilkin şərtlər yaranacaq. Ermənistan bu problemi həll edə bilməsə, o zaman Brüssel də öz növbəsində məsələni həll etməyə çalışmayacaq, Qarabağın Azərbaycanın tərkibində qalmasına əsaslı şəkildə qarşı çıxmayacaq”.
Hovannisyanın sözlərinə görə, Brüssel Ermənistanla Azərbaycan arasında münasibətlərdə arbitr rolunu oynamağa çalışır. Lakin Ukrayna ətrafında baş verənlər Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyətinə müəyyən korrektələr edir. Qərb Rusiyanı regiondan və xüsusən Qarabağdan sıxışdırmağa çalışır.(modern.az)
Digər xəbərlər