Saytımızı qiymətləndirin


 
 

İşçi qrupun rəhbəri Fransa prezidentliyinə namizədin Qarabağa səfərinə görə ​​​​​​​sülhməramlıları ittiham edib
Tarix: 23-12-2021 | Saat: 18:16
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

İşçi qrupun rəhbəri Fransa prezidentliyinə namizədin Qarabağa səfərinə görə ​​​​​​​sülhməramlıları ittiham edib

“Fransa prezidentliyinə namizəd Valeri Pekrezin Azərbaycanın Qarabağ bölgəsinə gizli səfəri Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı sualların ortaya çıxmasına səbəb olur".

Bunu Qarabaginfo.az a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, V.Pekressin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində beynəlxalq birliyin göstərdiyi təşəbbüslərin ruhuna ziddir: "Bu fakt bir daha onu göstərir ki, Fransada bəzi siyasətçilər erməni lobbisinin təsiri altında qərarlar qəbul edir".

Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladan deputat vurğulayıb ki, Vətən müharibəsi dövründə bu ölkənin nümayiş etdirdiyi mövqe Azərbaycan-Fransa münasibətlərində etimadın xeyli dərəcədə sarsılmasına səbəb olmuşdu: “Biz həm müharibə dövründə, həm də müharibədən sonra Fransada atılan addımların, Milli Assambleyada və Senatda qəbul edilən qərəzli qətnamalərin iki ölkə arasında münasibətlər nə qədər ciddi təsir göstərdiyinin şahidi olduq. Müharibədən sonra da, təəssüf ki, Fransanın bəzi siyasətçiləri kifayət qədər qeyri-obyektiv, ədalətsiz mövqe nümayiş etdirməyə davam etdi. Lakin son dövrlərdə müəyyən pozitiv məqamlar nəzərə çarpırdı. Bu həm Fransa Prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri arasında qeyri-formal görüşün təşkili ilə bağlı təşəbbüsündə, həm də Fransa hökumətinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə töhfə vermək səylərində özünü göstərirdi”.

Soltan Məmmədov

S.Məmmədov V.Pekressin səfərinin qeyri-rəsmi şəkildə həyata keçirildiyini qeyd edib: "Bu addım ilk növbədə Fransada erməni lobbisi və diasporunun dəstəyini almağa hesablanıb. Fransada prezidentliyə namizədlər erməni icmasından maksimum faydalanmağa çalışır. Lakin istənilən halda, heç bir namizədin seçki kampaniyası başqa dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq hüquqa, öz ölkəsinin üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik elementləri daşıyan motivlərə əsaslanmamalıdır”.

Deputat Ermənistan hökumətinin bu səfəri təşkil etməklə regionda sülh və təhlükəsizliyin təmin olunması səylərini də zərbə altına qoyduğunu vurğulayıb.(Report)



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər