Saytımızı qiymətləndirin


 
 

“AZAL” Yeni il qabağı qiymətləri qaldırdı:  Turistlər marşrutu dəyişir
Tarix: 21-12-2021 | Saat: 15:27
Bölmə:Karusel / Region | çapa göndər

“AZAL” Yeni il qabağı qiymətləri qaldırdı:  Turistlər marşrutu dəyişir

Ötən gün millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisdə çıxışı zamanı deyib ki, Azərbaycanda qiymətlərin çox baha olmasına görə, turistlər buraya gəlməkdən imtina edirlər. Onun sözlərinə görə, dünənə kimi Bakıya gələn əcnəbilər, artıq alternativ marşrut olaraq İrəvanı seçirlər.

Deputat, xüsusilə iranlı turistlərin Azərbaycandan ayağının kəsilməsindən narahatlığını ifadə edib. Qiyməti hotellər qaldırır, yoxsa bu prosesi həyata keçirən başqa qurumlardır? Bu ittihamdan hotellərə hansı pay düşür? İranlıların ayağı niyə Azərbaycandan kəsildi?

Qarabaginfo.az xəbər verir ki, turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə yenisabah.az-ın suallarını cavablandırarkıən bildirib ki, hazırda bazarda ərəb turistlərin sayəsində qismən canlanma mövcuddur:

“Hörmətli millət vəkilinin sözləri özünəməxsusdur, çünki istər-istəməz o, fikirlərini ifadə edərkən müəyyən arqumentləri olub ki, bunları deyib. Amma hazırda bazarda yaranmış vəziyyət belədir ki, xüsusən də qış turizmi ilə əlaqədar Səudiyyə Ərəbistanı və BƏƏ-dən son zamanlar müştəri artımı gözə çarpır. Hazırda hotellərin bir çoxunda ərəb müştərilər üstünlük təşkil edir. Xüsusən Ər-Riyad-Bakı çarter reysinin qiyməti də xeyli uyğundur.

Onu da qeyd edək ki, Rusiya bazarında müəyyən azalma var, amma Rusiyada “S7” lou-koster reysi var ki, bunun da həyata keçməsi, bizim üçün xeyirlidir. Həmçinin digər reyslərdə, artıq açılır, xüsusən də Rusiya və Azərbaycan arasında bu baş tutur. Amma təssüflər olsun ki, “AZAL” qiymətləri Yeni il qabağı xeyli qaldırıb və bu istər-istəməz Rusiyadan gələn müştərilərin Azərbaycana deyil, digər yerlərə getməsinə səbəb olur. Xüsusən Azərbaycanda “AZAL”ın rəqibi olan şirkətlər və yaxud lou-koster reyslər olsaydı, nəzərə alsaq ki, Rusiya bazarı Azərbaycan üçün çox önəmlidir, hesab edirəm ki, bu bizim üçün, əsasən də hotellər üçün müsbət bir dinamika olardı”.

Mütəxəssis onu da vurğulayıb ki, hotellərin qiymətləri artırmağına müəyyən səbəblər var:

“Hotellərin çoxu icarədədir və buna görə də, onlar qiymətləri artırıb icarəni ödəmək məcburiyyətindədirlər. Əgər müştəri çox olarsa, sözsüz ki, qiymətlər avtomatik rəqabətə görə aşağı düşür. Doluluq nisbətinə görə, ortalama qiymət ortaya çıxır və belə olan halda həm sahibkar, həm də icarədar qazanır.

Əsas səbəb isə ondan ibarətdir ki, bazarda müştəri sayında boşluq var. Xüsusən də Rusiya bazarında azalma görülür.

Qiymət artımı məsələsində “AZAL”ın qiymətlərinin Yeni il qabağı yüksək olması, Rusiya bazarından bizə gələn müştəriləri azaldacaq. Amma Rusiya bazarından “S7” çarter reyslərinin olması, müəyyən dərəcədə ucuz müştərinin gəlməsinə gətirib çıxaracaq. Amma “AZAL” böyük bir şirkətdir, onlarla təyyarəsi var və orada qiymətlərin ucuz olması, bizim çox xeyrimizə olardı, lakin təəssüf ki, bir daha qeyd edirəm, qiymətlər çox yüksəkdir”.

İranlı turistlərin ayağı niyə Azərbaycandan kəsilib sualına gəldikdə isə eskpert bildirib:

“İranlı turistlərə gəldiksə isə, onlar hazırda, ümumiyyətlə, Azərbaycana gələ bilmirlər. Çünki Azərbaycan İranla əlaqədar hər hansı bir quru və hava sərhədlərini açmayıb və onların daha çox Azərbaycana gəlişi, yalnız Türkiyə üzərindən ola bilər. Birbaşa reys isə yoxdur və onlar təbii ki, özlərinə uyğun, ucuz bir bazar kimi, Ermənistanı seçirlər. İran vətəndaşları istəsələr belə, birbaşa Azərbaycana gələ bilməzlər. Çünki İranda hazırda koronavirusun yüksək tempi davam edir və reyslərin açılması, Azərbaycanın əleyhinə olardı.

Biz gözləyirik ki, İran bazarı mart qabağı açılsın. Xüsusən Novruz bayramında onlar Azərbaycana daha çox səfər edirlər və bəlkə də, dövlət düşünüb mart ayı ərəfəsində bunu açmağı fikirləşəcək.

Bizə bir çox müraciətlər olur və həmin müraciətlərdə bəzən birbaşa gəlişi olmayan ölkələrin də siyahısı mövcuddur. Çünki Operativ Qərargah belə bir icazə verməyib. Onun üçün biz hələ də gözləməkdəyik və İran bazarından hazırda hər hansı bir tərpənmə yoxdur və ola da bilməz. Ancaq sərhədlərin açılmasının gözləyirik”, - deyə C. Dövlətzadə fikirlərini tamamlayıb.



Xəbəri paylaş

1224 dəfə oxunub.

Digər xəbərlər