Tarix: 18-12-2021 | Saat: 16:31
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Bizim qaz strategiyamız çox aydın və açıq olub. Biz uzun illər ərzində bu mühüm layihəni həyata keçirmək üçün Azərbaycanda çox iş gördük, tərəfdaşlarla birgə işlədik. Bu, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.
Prezident deyib ki, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır: “Bu, texniki baxımdan çox mürəkkəb və əlbəttə ki, çox bahalı layihədir. Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl biz artıq istehlakçılarla müqavilələr imzalamışdıq. Bizim qazımız müqavilə əsasında alındı və qiymətlə bağlı, belə deyək, qaz böhranı zamanı bizim istehlakçılar heç bir dəyişiklik hiss etmədilər.
Gələcək planlarımız barədə danışırıqsa, sözsüz ki, hasilatı artırmaq, ixracı artırmaq imkanı var. Lakin bu, sözsüz ki, avropalı istehlakçıların tələbindən asılı olacaq. Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi. Biz Cənub Qaz Dəhlizinin Məşvərət Şurasını mütəmadi olaraq Bakıda Avropa İttifaqının nümayəndələri və Azərbaycanın sədrliyi ilə bir araya gətiririk. Növbəti sessiya gələn ilin fevralında keçiriləcək, orada biz bütün məsələlərlə məşğul olacağıq və gələcək addımlarımızı planlaşdıracağıq. Bu, şirkətlərin, bankların və ölkələrin böyük bir qrupudur. İndi komanda böyüyür, çünki biz artıq Avropanın təchizatçısı olmuşuq. Yanvarın 1-dən başlayaraq biz İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz etmişik. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq. Beləliklə, bu, ciddi artımdır. Lakin hasilatı artırmaq üçün biz, əlbəttə ki, investisiya yatırmalıyıq və bunu etmək üçün bizim istehlakçılarla müqavilələrimiz olmalıdır. Beləliklə, birincisi müqavilələr, ikincisi investisiya və üçüncüsü qaz. Prosesin mərhələlərinin ardıcıllığı belədir. Lakin biz hazırıq, sizin qeyd etdiyiniz kimi, nəhəng yataqlarımız var, tam yeni, müasir infrastrukturumuz var, Avropanın digər yerlərinə də bağlayıcıların çəkilməsi mümkündür. Siz Balkanları qeyd etdiniz və mən Mərkəzi Avropanı əlavə edərdim. Bu, bizim üçün təchizatın şaxələndirilməsi və istehlakçılar üçün şaxələndirmə olacaq”.
Dövlət başçısı “Bəli. Gəlin zənn edək ki, hər şey doğru istiqamətdə gedir. Siz hasilatı, Avropaya ixracı artıracaqsınız. Siz Rusiyanın reaksiyasından qorxmursunuz? Çünki Rusiya Sizin çox mühüm iqtisadi tərəfdaşınızdır, həmçinin regionda nəhəng gücdür. Sizdən xeyli çox qaz ixrac etməsi faktdır. Lakin bu, rəmzi addım ola bilər. Siz Rusiyanın reaksiyasından qorxmursunuz?” sualına cavabında vurğulayıb ki, “Xeyr, qətiyyən. İlk növbədə, bu məsələ ölkələrin liderləri arasında heç vaxt yüksək səviyyədə müzakirə olunmayıb. Bizim neft kəmərlərindən tutmuş, qaz kəmərlərinədək bütün enerji layihələrimiz regionda çox dostyana mühitdə tamamlanıb. Bu, birincisi. İkincisi, Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik. Dəfələrlə qeyd etdiyim kimi, bu məsələlər bəzən süni şəkildə şişirdilir. Biz heç bir halda Rusiyanın rəqibi deyilik. Çünki Rusiya Avropanı yüz milyardlarla kubmetr qazla təchiz edir və Rusiya qazına tələbat artır. Azərbaycan yeni başlayıb və qeyd etdiyim kimi, bizim Avropaya təchizatımız 2023-cü ildə 11 milyard kubmetr olacaq və əgər yeni müqavilələrimiz olmasa, yeni hasilata investisiya yatırmasaq, bu, belə qala bilər. Ona görə də, bu, heç bir halda bizim Rusiya ilə çox müsbət və yaxşı balanslaşdırılmış münasibətlərimizdə mənfi rol oynaya bilməz”.
Digər xəbərlər