Saytımızı qiymətləndirin


 
 

Beynəlxalq ictimaiyyət İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı qlobal mübarizəsini dəstəkləyir
Tarix: 17-12-2021 | Saat: 19:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Beynəlxalq ictimaiyyət İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı qlobal mübarizəsini dəstəkləyir

Dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilib.

Qarabagiinfo.az xəbər verir ki, bu startegiya Azərbaycan dövlətinin, dövlət rəhbərliyinin dünyanın pandemiya ilə mübarizəyə başladığı ilk dönəmdən irəli sürülüb və daim dəstəklənib.

Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və diplomatik yüksək əlaqələri nətivcəsində beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini daim dəstəkləyir. Dünənki 179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamənin əleyhinə heç bir ölkənin səs verməməsi də bunun bariz nümunəsidir.

COVID-19 virusu Çindən başlayaraq dünya ölkələrinə yayıldıqda, insanlar kütləvi şəkildə öldüyü bir zamanda artıq dövlətlər az qala bir-biri ilə düşmən münasibətlər həddində idilər. Hər ölkə bu prosesdən yalnız özünü xilas etməyə çalışırdı. Amma Prezident İlham Əliyev bu bəladan yalnız birgə mübarizə, həmrəylik yolu ilə çıxmağın mümkünlüyünü irəli sürürdü. Kasıb, dünya siyasətinin formalaşmasında rol oynamayan və ya az rol oynayan ölkələr diqqətdən kənarda qalıb, onlara ögey münasibət göstərilirdi.

“Vaksinlərin 53 faizini zəngin dövlətlər sifariş verib”

İlk mərhələdə virusun müəyyən edilməsi çox çətin olduğu üçün keyfiyyətli test nümunələrinin tapılması qəliz məsələ idi. Dövlətlər bu məsələni həll etməkdə çətinlik çəkirdilər. Hətta tibbi maska və spirt qıtlığı kasıb ölkələrin vətəndaşlarını ölümlə üz-üzə qoymuşdu. Bu mərhələdə Azərbaycan dövlət rəhbərliyinin şəxsi imici və operativ addımları sayəsində Azərbaycan xalqı bu çətinliyi hiss etmədi. Amma dünya ölkələrində bu problemlər insanların gündəlik həyatına, sağlamlığına cidid təhdid yaradırdı.

Dövlətlər bir-birinə tibbi maska, test nümunələri verməkdən imtina edirdi. Hətta bəzi ölkələr hava sahəsindən istifadə edən mülki təyyarələri hərbi aviasiya vasitəsilə enişə məcbur edib COVID-19 ilə mübarizə üçün istifadə olunacaq tibbi maska, spirt və test nümunələrinin müsadirə edilməsi hallarına da rast gəlinirdi.

“Azərbaycan COVID-ə qarşı vaksinlərin ədalətli bölünməsini dəstəkləyib”

Belə bir məqamda, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyi ələ aldı. Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.

Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan Prezidenti “peyvənd millətçiliyi”, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizəni daim gündəlikdə saxlayıb. 

Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir:

“Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.

“Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib.

Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir.

Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul etmişdir.

Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib”.

Azərbaycan indiyədək 80-ə yaxın ölkəyə birbaşa və ÜST xətti ilə maliyyə və humanitar yardım edib, bir sıra ölkələrə təmənnasız olaraq COVİD-19 əleyhinə vaksinlər göndərib”.

Dövlət başçısı müsahibələrinin birində qeyd etmişdi ki, Azərbaycan Qoşulmama Hərəkatındakı sədrliyinə çox böyük məsuliyyətlə yanaşıb: “Mən sədrliyimizin ilk aylarında demişdim ki, biz buna formal yanaşmırıq. Çünki Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu müddət ərzində müxtəlif sədrlər olubdur. Bəziləri buna laqeyd yanaşıblar. Sadəcə olaraq, necə deyərlər, bir status kimi formal yanaşırdılar. Bizim yanaşmamız isə çox dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanmışdır. Biz üzv ölkələrin maraqlarını beynəlxalq tribunalarda müdafiə edirik, onlar da bizi müdafiə edirlər. Bizim təşəbbüsümüzlə COVID-lə bağlı Zirvə görüşü keçirildi. Biz 30-dan çox ölkəyə humanitar və maddi yardım göstərdik. Onların böyük hissəsi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Bizim təşəbbüsümüzlə COVID-lə bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirildi. BMT çərçivəsində digər addımlar atıldı. Biz vaksin millətçiliyinə qarşı öz səsimizi ucaltmışıq.

“Azərbaycan vaksinlərin ədalətsiz bölgüsünə səssiz qalmayacaq”

Mən bunu rəqəmlərlə dəfələrlə ən yüksək kürsülərdən səsləndirmişəm ki, zəngin ölkələr vaksinlərin 82 faizini özünə götürüb, əl qoyub, amma kasıb ölkələrin cəmi 0,3 faiz vaksinə əli çatır. Bu, nə dərəcədə ədalətlidir? Əlbəttə, ədalətsizlikdir. Müstəmləkəçiliyin elə bil ki, növbəti təzahürüdür. Vaksin millətçiliyinə qarşı biz fəal mübarizə aparırıq. Mən deyə bilərəm ki, dünyada ön sıralardayıq. Bu məsələ ilə bağlı bizim qədər, yəni, ölkə qismində çıxış edən, sözünü deyən ikinci ölkə yoxdur. Bəli, Ümumdünya Səhiyyə Təşkilatı deyir, BMT deyir, amma bunun təşəbbüskarı, deyə bilərəm ki, biz olmuşuq. Üzv ölkələr də görürlər ki, biz doğrudan da, onları müdafiə etməyə çalışırıq, öz imkanlarımız daxilində kömək göstəririk, beynəlxalq tribunalarda onları müdafiə edirik”. 

“Peyvənd millətçiliyi” narahatlıq doğurur”

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın koronavirusla mübarizə sahəsində gördüyü işlərdən danışıb və dünyanın bu istiqamətdə görməli olduğu işlərə dair strategiyanı açıqlayıb:

“Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etmişik. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik.

ÜST-nin Baş direktoru Azərbaycana təşəkkür edib

Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmişdir. Zirvə toplantısı zamanı mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif etdim. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəkləndi və 2020-ci il 3-4 dekabr tarixlərində xüsusi sessiya baş tutdu. Təşəbbüslərimizi dəstəkləyən BMT-nin Baş katibi cənab Antonio Quterreşə və bütün dövlətlərə minnətdarlığımı bildirirəm.

Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib. Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.

Bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

Cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır”.

Bu prosesdə dövlətimizin əldə etdiyi uğurlardan və aldığı dəstəklərdən biri də 2021-ci ilin mart ayında Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamənin yekdilliklə qəbul olunması idi.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər