Saytımızı qiymətləndirin


 
 

Rusiyalı ekspertlər: ““3+3” formatının ən başlıca vəzifəsi Zəngəzur dəhlizinin açılmasıdır”
Tarix: 13-12-2021 | Saat: 18:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyalı ekspertlər: ““3+3” formatının ən başlıca vəzifəsi Zəngəzur dəhlizinin açılmasıdır”

Cənubi Qafqazda “3+3” əməkdaşlıq mexanizminin həyata keçirilməsi İrəvana bugünkü reallığı dərk etməyə imkan verəcək.

Bunu Qarabaginfo.az-ın Moskva müxbirinə açıqlamasında Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

Onun fikrincə, dekabrın 10-da Moskvada Cənubi Qafqazda yeni əməkdaşlıq mexanizmi olan “3+3” formatının təsis edilməsi region üçün həyatı əhəmiyyət daşıyır: “Bakı və Ankaranın təşəbbüsünün Moskva və Tehran tərəfindən dəstəklənməsi regionda iqtisadi əməkdaşlığa alternativin olmadığının göstəricisidir. “3+3” formatında görüş regionda iqtisadi əməkdaşlıq və inteqrasiya prosesinə başlamaq baxımından olduqca vacibdir. Biz bu gün Gürcüstanın bu prosesdən kənarda qaldığını görürük. Lakin buna baxmayaraq, ümid edirik ki, Ermənistanın bu formatda iştirakı İrəvana bugünkü reallığı dərk etməyə imkan verəcək. Regionda iqtisadi əməkdaşlığa alternativ yoxdur. Region ölkələrinin iqtisadi cəhətdən bağlılığı, ümumi iqtisadi məkanda birgə iqtisadi layihələrin həyata keçirilməsi, ümumi bazarın yaranması bütün Cənubi Qafqaz ölkələrin irəli getməsinə güclü impuls verəcək. Bu əməkdaşlıq mexanizminin ən başlıca vəzifəsi Zəngəzur dəhlizinin açılmasıdır. Bu, Ermənistan ərazisindən keçən xarici dəhlizi olacaq və Azərbaycanı Naxçıvanla əlaqələndirəcək. Ermənistan nə qədər tez bu layihəni həyata keçirsə, bir o qədər tez regionun iqtisadi inkişafının, sənayenin çiçəklənməsini, regionun bu layihədə iştirak edən ölkələrinin sadə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinin şahidi olacağıq”.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov APA-ya açıqlamasında “3+3” əməkdaşlıq formatının perspektivlərinin böyük olduğunu və bu formatın təkcə regionun iqtisadi deyil, həm də siyasi problemlərini həll etməyə imkan verəcəyini proqnozlaşdırır: ““3+3” formatının çox yaxşı perspektivi var. Bu əməkdaşlıq formatı hazırda təkcə mövcud olan problemlərin həll üçün deyil, gələcəkdə azad iqtisadi ticarət zonasının yaradılması üçündür. Hansı ki, bu zonada həm Cənubi Qafqaz ölkələri, həm də onlara qonşu olan Rusiya, Türkiyə və İran kimi nəhəng ölkələr iştirak edəcəklər. Perspektivdə, əgər xüsusi problemlər yaranmasa, o zaman azad iqtisadi ticarət zonası yaradıla bilər. Bunun əsasında isə nəqliyyat-logistika layihələrini birgə idarə etmək mümkün olacaq. Bu isə Azərbaycan, Ermənistan və Gürcüstana nəhəng ölkələrin investisiya cəlb etməsi üçün imkan yaradacaq. Bütün bunlar baş versə, düşünürəm ki, biz yaxın gələcəkdə Cənubi Qafqaz ölkələrinin iqtisadi cəhətdən sürətli inkişafını görə bilərik. Bundan başqa, “3+3” formatı hansısa siyasi problemləri həll etməyə imkan verəcək. Ona görə də, bu layihənin böyük perspektivləri var”.

Rusiyalı ekspertlər regionda yeni əməkdaşlıq formatının yaranmasının Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinin siyasi və iqtisadi yekunu olduğunu vurğulayıblar. (apa.az)



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər