Dekabrın 9-u saat 17 radələrində “Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi mühəndis vəzifəsində işləyən Firdovsi Mirzəyev və balans mühəndisi vəzifəsində işləyən Şükür Mirzəyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qarabaginfo.Az-ın məlumatına görə, Ağdam Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, Firdovsi Mirzəyev və Şükür Mirzəyev Ağdam rayonu, Quzanlı qəsəbəsində Elmira Əliyevaya məxsus yaşayış evinin elektrik sayğacına baxış keçirən zaman həmin şəxsin elektrik şəbəkəsinə qanunsuz qoşulub, bununla bağlı və elektrik sərfiyyatına görə borcunu ödəməməsi barədə iradlarını bildirərkən sonuncunun evində qonaq olan tanışı Rəhim Kərimov xidməti vəzifələrini icra edən F.Mirzəyevə və Ş.Mirzəyevə əlində olan bıçaqla xəsarətlər yetirib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Rəhim Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq davam edir.