Saytımızı qiymətləndirin


 
 

"21 müharibə iştirakçısı olan “Mi-17”nin silahlandırmadan çıxarılacağı gözləmirəm"
Tarix: 06-12-2021 | Saat: 09:59
Bölmə:Karusel / Cəmiyyət / Yazar | çapa göndər

Noyabrın 30-da baş verən “Mi-17”helikopter qəzası ilə əlaqədar olaraq, bu helikopterin təyinatı, istehsalçısı, konstruksiyası, texniki-uçuş imkanları və istifadəsinə aid bəzi məlumatları oxucuların diqqətinə çatdıracam.
 
Təyinatı
 
Azərbaycanın istifadə etdiyi “Mi-17”helikopteri çöxməqsədlidir, onlardan qoşunlarının hərəkətliliyinin artırılmasında, sürətli daşınmalarda, taktiki hava desantının endirilməsində, eləcə də silahlanmasında mövcud olan idarə olunan və olunmayan raketlərdən, həminin  aviasiya topundan və bombalardan düşmən qoşunlarına zərbə endirmək üçün nəzərdə tutulur. “Mi-17”helikopteri “Mi-8” helikopterinin eksport versiyasıdır. İlkin versiyada “Mi-8” mülki helikopter kimi istehsal olunub, sonradan isə hərbi məqsədlər üçün uyğunlaşdırılıb. Onun varisi olan “Mi-17”isə həm yerli Rusiya bazarına təqdim edilib, həm də xarici bazara böyük miqdarda ixrac edilib. 
Hazırda “Mi-17”helikopterləri dünyanın onlarla ölkəsində sərnişin və yük daşımaları məqsədilə geniş şəkildə istifadə olunur. NATO kod adı – “Hip” olan “Mi-8”/”Mi-17”helikopterlərinin əksəriyyəti hərbi təyinatlı maşınlardır.
 
“Mi-8”/”Mi-17”ailəsinin helikopterləri Avropada yaradılan helikopterlər arasında ən uğurlu vasitə hesab olunur. Texniki imkanlarına görə yalnız ABŞ helikopterlərindən geri qalır. “Mil” şirkətinin zavodlarında istehsal edilən 12 mindən çox helikopter hazırda dünyanın 80-dən çox ölkəsində mülki və hərbi müştərilər tərəfindən istismar edilir. 
 
Hazırlanması
 
1958-ci ildə SSRİ Mülki Aviasiya Nazirliyinin “Mi-4” helikopterlərini əvəz etmək üçün qaz turbinli mühərriki olan orta ölçülü “V-8” helikopterlərinin hazırlanması üçün qərar qəbul edildi. “Mi-4” helikopterləri hərbi və mülki aviasiyada geniş istifadə olunurdu, lakin porşenli mühərriklərlə təchiz edilən, 1950-ci illərin ikinci yarısında onlar artıq artan tələblərə tam cavab verə bilmirdilər. “V-8” helikopteri üçün 1900 at gücünə malik İvçenko Dizayn Bürosu tərəfindən hazırlanan “AI-24V” GTE mühəriki seçildi. Yeni helikopterin dizaynında “Mi-4”-dən çox şey götürüldü. Taxta pərli dörd qanadlı əsas rotor, quyruq hissəsi, transmissiya olduğu kimi qaldı. Yalnız gövdə kökündən dəyişdirildi, onun əsas hissəsini geniş yük bölməsi tutdu. 
Sonra dizaynın qalan hissəsini təkmilləşdirmək qərara alındı. Bir mühərrikli “V-8” helikopterinin ilk uçuşu 1961-ci ilin iyununda baş tutdu. Sərnişin daşımaq üçün uyğunlaşdırılan “Mi-8” helikopterinin kabinində geniş düzbucaqlı pəncərələr yerləşdirildi. Helikopter 18 sərnişini daşıya bilirdi. 
 
“V-8” helikopterinin dizaynı ilə eyni vaxtda “Mil” Dizayn Bürosu iki qaz turbinli mühərrikə malik “V-8A” helikopterini hazırlayırdı. “V-8”-in uçuş sınaqları göstərdi ki, onun imkanlarını iki mühərrik quraşdırmaqla xeyli təkmilləşdirmək olar. Helikopter üçün 1500 at gücünə malik TV2-117 mühərrikləri hazırlandı. İlk dəfə “V-8A” helikopteri 2 avqust 1962-ci ildə havaya qalxdı. Uçuş sınaqları zamanı taxta rotor beş qanadlı tam metaldan olan rotorla əvəz olundu. “V-8A” helikopteri “V-8” helikopterinin rəngini tamamilə təkrarladı. Sonradan, istehsaldan əvvəlki “V-8AP” sərnişin və “V-8AT” desant-nəqliyyat versiyaları peyda oldu, onlar müvafiq olaraq “Mi-8P2 və “Mi-8T” adları altında seriya istehsalına daxil oldular. Sərnişin versiyalı helikopterlərdə düzbucaqlı pəncərələr, hərbi təyinatlı “Mi-8T”-də isə kabinənin daha kiçik oval pəncərələri yerləşdirildi. Yüksək rütbəli məmurların daşınması üçün “Mi-8PS” salon-helikopterləri hazırlandı.  Rusiya prezidenti üçün xüsusi “Mi-8APS” helikopteri hazırlanıb.
 
Yeni mühərriklə təkmilləşdirilməsi
 
1971-ci ildə TVZ-117 qaz turbin mühərrik və yeni transmissiya ilə helikopterin təkmilləşdirilən versiyasının hazırlanmasına başlandı. Onun uçuş sınaqları 1975-ci ilin avqustunda başladı. “Mi-8MT” adı ilə istehsala buraxılan helikopter dünya bazarında “Mi-17”kimi tanınır. Azərbaycan Silahlı Qüvvələri də məhz bu versiyanı silahlanmaya qəbul edib. 
Mülki istifadə üçün “Mi-8ATS” kənd təsərrüfatı helikopteri, asılmış operator kabinəsinə malik “Mi-8MT” kran helikopteri və meşə yanğınlarının söndürülməsi üçün “Mi-8TL” versiyası da istehsal edilib. 1991-ci ildə “Mi-8” helikopterlərinin Ulan-Ude zavodunda seriyalı istehsalına başlandı. Həmin il mən Ulan-Ude şəhərində zabit kimi xidmətimə yeni başlamışdım. Müəyyən şəxsi əlaqələrim hesabına bir dəfə qapalı hərbi obyekt olan bu zavodun istehsal sexlərindən birində olmuşdum. O zaman düşünə bilməzdim ki, bu zavodun istehsal etdiyi helikopterlər barədə nə zamansa məqalə yazmalı olacam. Ulan-Ude zavodunda istehsal olunan helikopterlər “Mi-17” təyinatını aldı. Hazırda helikopterlər Kazan Helikopter zavodunda da istehsal edilir. 
 
İstifadəçiləri
 
“Mi-8”/”Mi-17”helikopterləri dünyada geniş yayılıb. 1965-ci ildə Parisdə keçirilən aviasiya sərgisində “Mi-8” ilk dəfə nümayiş etdirildi, bundan dərhal sonra xaric ölkələrdə ona maraq yarandı və ixracına başlandı. “Mi-8” Qərbdə yaradılan analoji maşınlarla uğurla rəqabət aparır. Yaxşı uçuş keyfiyyətlərinə malik olmaqla kaprizsiz və istismarı sadə vasitədi.  Bunların sayəsində onlar təkcə üçüncü dünya ölkələrində deyil, həm də ABŞ, Cənubi Afrika, Yaponiya, Cənubi Koreya və s. kimi ölkələrdə çox məşhur idi. Hazırda helikopterlər istehsalçı və keçmiş SSRİ respublikalarından başqa, Türkiyə, Əlcəzair, Bolqarıstan, Banqladeş, Vyetnam, Hindistan, Çin, Suriya, Peru, Polşa, Sudan, Finlandiya, Çexiya və s. kimi ölkələrdə stismar olunur. Ümumilikdə 4000-dən çox “Mi-17”ixrac edilib. Bu gün “Mi-8” və “Mi-17”dünyanın 83 ölkəsində aktiv istifadədir. 9 istifadəçi ölkə isə onları silahlanmasından çıxarıb. Xaric ölkələrdə onları həm hərbi, həm mülki məqsədlərlə istifadə edirlər. 
 
Azərbaycana çatdırılması
 
Azərbaycan Silahlı Qüvvələri hazırda təxminən 65 ədədə qədər “Mi-17”/”Mi-8” çoxməqsədli və 24 ədəd “Mi-35M” zərbə helikopterlərinə malikdir. Onların əksəriyyəti 2010-2020-ci illər arasında Azərbaycana çatdırılıb. Bundan başqa Azərbaycan Sialahlı Qüvvələri ABŞ-ın “Bell 412”, “Bell 407” və MD 500 çoxməqsədli, CAR-ın ATE “SuperHind” hücum, SSRİ-nin “Ka-32” çoxməqsədli helikopterlərinə malikdir. Onların bir hissəsinin təmirdə, az bir hissəsinin isə uzun müddətli konservasiyada olduğu ehtimal edilir.
 
Versiyaları
 
Təklif olunan geniş çeşidli naviqasiya avadanlığı və avionika sayəsində “Mi-17”helikopteri aşağıda sadlanan müxtəlif məqsədlərlə istismar edilə bilər:
 
Sərnişinlərin daşınması;
Yüklərin daşınması;
Axtarış və xilasetmə işləri;
 
Çoxməqsədli versiyada.
 
Helikopterin desant daşımaq üçün nəzərdə tutulan versiyasında oturacaqları çıxararaq əvəzində 12 ədəd  xərək yerləşdirməklə onu sanitar versiyaya və ya salonu boş saxlmaqla yük daşıma vasitəsinə çevirmək mümkündür. Salonda 4000 kq, xarici qarmaqda isə 3000 kq yük daşına bilir. 
“Mi-8” helikopterinin hərbi məqsədlər üçün 4 təcrübə, 6 sərnişin, 2 nəqliyyat, 21 çöxməqsədli, 26 xüsusi təyinatlı, 9 komanda məntəqəsi, 10 sanitar və 19 radioelektron maneə versiyası hazırlanıb. 
Azərbaycan Silahlı Qüvvələrinin silhlanmasına “Mi-17”helikopterinin çöxməqsədli verisyası daxil edilib. Azərbaycan və Hindistana ixrac edilən helikopterlər ölkələrin simvolları fərqli olmaqla eyni rəgdə boyanıb.
 
Döyüşlərdə istifadəsi
 
“Mi-8” helikopterləri və onun müxtəlif versiyalarının ilk döyüş tətbiqi 1967-ci ilin “Altı günlük müharibə”sində baş verib. Bundan sonra baş verən bütün münaqişə və müharibələrdə bu helikopterlərdən istifadə edilib. “Mi-8” versiyaları “Qiyamət Günü” (1973), Efiopiya-Somali müharibəsində (1977-1978), Livan müharibəsində (1981), Əfqanıstan müharibəsində (1979-1989), Körfəz müharibəsində (1990-1991), Gürcüstan-Rusiya müharibəsində (1992-1993), İran-İraq müharibəsində (1980-1988), Pakiş müharibəsində (1981), Azərbaycn-Ermənistan müharibəsində (1992-2020), Birinci Çeçenistan müharibəsində (1994-1996), Efiopiya-Eritreya müharibəsində (1998-2000), Dağıstan Respublikasında (1999), Kargil müharibəsində (1999), NATO-nun Yuqoslaviyaya qarşı əməliyyatında (1999), İkinci Çeçenistan müharibəsində (1999), Əfqanıstanda (2001- 2020), İraq müharibəsində (2003-2011), Butan əməliyyatında (2003), Cənubi Osetiyada (2008), Suriyadakı vətəndaş müharibəsində (2011-ci ildən) və Ukraynanın şərqindəki əməliyyatlarda (2014) tətbiq edilib.
 
Üstün cəhətləri
 
“Mi-17” helikopteri orta sinifə aid helikopteridir. Onun konstruktorları “Mi-8”-in yüksək səviyyəli uçuş xüsusiyyətləri, geniş temperatur diapazonunda (-50C-dən + 50C-ə qədər) istismar imkanları, etibarlılıq, sadə  texniki qulluq, həmçinin xarici analoqları ilə müqayisədə xeyli aşağı qiymət kimi bütün əsas üstünlüklərini qoruyub saxlamağa müvəffəq oldular. “Mi-17”-nin “Mi-8” ilə müqayisədə əsas üstün xüsusiyyəti daha güclü mühərrikin quraşdırılmasından ibarətdir. 
Bu modelin başqa bir xüsusiyyəti quyruq pərlərinin sol  tərəfə ötürülməsi idi ki, bu da “Mi-17”-nin uçuş performansını, xüsusən də uçuş yüksəkliyinin və qalxma sürətini yaxşılaşdırmağa imkan verdi. “Mi-17”-nin güc qurğusu rotorun sürətinin avtomatik saxlanılması sistemi və mühərriklərin işinin sinxronlaşdırılması sisteminə malikdir: bir mühərrik nasaz olsa belə helikopter qəza rejimində işləyən bir mühərriklə uçuşunu 1 saat davam etdirə bilir. Şüşə kabin və rəngli monitorlar pilot üçün çox rahat və komfortludur. 
 
Çatışmazlıqları
 
Hər bir vasitənin müsbət cəhətləri olduğu kimi, çatışmazlıqları da mövcuddur. Helikopterdə mühərrik sıradan çxarsa, onu dərhal işə salmaq olmur.  Bu, orijinal “Mi-8”-də mümkün idi, lakin sonrakı modifikasiyalarda mümkün deyil. Əvvəlcə güc qurğunu işə salınmalıdır, bu isə 40-50 saniyə çəkir. Bu müddət təyyarələr üçün bəlkə keçərlidir. Helikopterlərin adətən 100-500 metr yüksəklikdə üçduğunu nəzərə alsaq, mühərrikin yenidən işə salınmasına qədər vasitənin yerə çırpılması qaçılmaz olacaq. Ön paneldəki cihazların düzülüşü də bəzi pilotları qane etmir. Avtopilot funksiyasından narazı qalan az deyil.  
 
Tərkibi
 
“Mi-17”helikopteri aşağıdakı montaj bölmələrindən, qurğulardan və sistemlərdən ibarətdir:
 
gövdə;
sabitləşdirici;
kapot;
uçuş və enmə cihazları;
əsas və quyruq pərləri;
güc və pərvanə qurğuları;
transmissiya;
idarəetmə və avtopilot sistemləri;
hidravlik sistem;
hava sistemi;
buzlanma əleyhinə sistem;
kabinin isitmə və havalandırma sistemləri;
xarici yük asqıları;
elektrik, radio və digər cihaz avadanlıqları.
 
Silahlanması
 
Helikopterin silahlanması 1 ədəd 12.7 mm-lik aviasiya pulemyotundan və 6 sabit asqıda 1500 kq-dan ibarət döyüş yükündən ibarətdir. Döyüş yükü standart versiyada aşağıdakılardan birindən ibarət ola bilər: 
4 ədəd 16x55 mm-lik UV-16-57  və ya 32x57 mm-lik UV-32-57 idarəolunmayan raketlərin atıcı qurğularından;
6 ədəd 250 kq-lıq bombalardan; 
 23 mm-lik QŞ-23L topu ilə 2 ədəd UPK-23-250 konteynerindən və 4 ədəd M-17P “Scorpion” tank əleyhinə idarə olunan raketdən. 
Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan “Mi-17” helikopterləri isə İsrailin 13 km atəş məsafəsinə malik LAHAT və 30 km atəş məsafəsinə malik “Spike-NLOS” kimi sinfinin ən üstün lzer tuşlamalı tank əleyhinə idarə olunan raketləri ilə təchiz edilib. Onlardan Vətən Müharibəsində uğurla istifadə edilib.
 
Mi-17-nin texniki-uçuş xüsusiyyətləri
 
Maksimum sürət: 250 km/saat;
Kreyser sürəti: 230 km/saat;
Maksimum uçuş məsafəsi: 610 km;
Praktik üçüş yüksəkliyi: 6000 m;
Yerin təsir zonasından kənarda statik üçüş yüksəkliyi: 1760 m;
Maksimum uçuş kütləsi: 13000 kq;
Xarici asqıdakı yüklə maksimum kütləsi: 13000 kq;
Xarici asqıdakı yükün müksimum kütləsi: 4000 kq;
Nəqliyyat kabinəsində faydalı yükün maksimum kütləsi: 4000 kq;
Mühərrikləri: 2 ədəd qaz turbinli TV3-117VM;
Uçuş rejimində mühərrikin gücü: 2x 2000 at gücü;
Fövqəladə rejimində mühərrikin gücü: 2x 2200 at gücü;
Salonun uzunluğu: 5340 mm;
Eni: 2340 mm;
Hündürlüyü: 1800 mm;
Həcmi: 27 m3;
Uçuş heyətinin sayı: 3 nəfər;
Sərnişinlər (oturacaqlarda): 26 nəfərə qədər.
 
Təmir və modernləşdirilmə imkanları
 
Helikopterin istehsalçısından başqa, Azərbaycanın digər müttəfiqləri də bu helikopterin tğmir və modernləşdirilməsini həyata keçirirlər. 2021-ci ilin sentyabrında Türkiyənin Aviasiya Birliyi və Ukraynanın silah ixracı ilə məşğul olan “Ukrspecexport” şirkətləri arasında İstambulda  keçirilən IDEF-2021 sərgisində mühüm bir müqavilə imzalandı. Müqaviləyə görə Türkiyə və Ukraynanın birgə qurduğu müəssisədə 1500 ədəd Rusiya istehsalı “Mi-17”helikopterinə təmir və texniki xidmət göstərilməsi planlaşdırılıb. 
Müqavilə çərçivəsində tərəfdaşlar əvvəlcə hazırda Türkiyənin jandarma qüvvələrində istifadə olunan 18 ədəd “Mi-17”helikopterinə texniki və təmir xidmətləri göstərəcəklər. Hər bir “Mi-17”-nin təmir və texniki işləri 2,5 milyon dollara başa gələcək. İlkin razılaşmaya əsasən, müəssisə hər helikopterdən 420 min dollar qazanacaq. 
 
Qəzaları
 
Azərbaycanda baş verən son qəza ilə birlikdə, son 10 ildə dünyada “Mi-17” helikopterlərinin iştirakı ilə baş verən 23 qəzanın təxminən yarısı pilotların səhvi, dörddən biri texniki nasazlıq, 12%-i pis hava şəraiti, 9%-i təxribatlar, 7%-i isə yerdəki dispetçerlərin səhvi nəticəsində səbəb olub. Əslində bu statistika faciə ilə nəticələnən helikopter qəzalarının statisikasıdır. İtkiyə səbəb olmayan qəzaların real sayı iki dəfə çox ola biləcəyini ehtimal edirəm. İstənilən halda 23 qəza sayı və qəzaların baş verməsində əsasən pilot xətalarının üstünlük təşkil etməsi, bu yaşda olan aviasiya vasitələri üçün yaxşı göstəricidir. Daha dəqiq statistika üçün qəzaya səbəb olan pilotların təcrübəsini də araşdırmaq da mümkündür. Pilot xətasi adətən iki halda daha aktual olur- ya o təcrübəsizlikdən səhvə yol verir, ya da çox təcrübəlidir və özünə həddən artıq güvənir. Bizdə baş verən aviasiya qəzalarında daha çox təcrübəli pilotların həlak olması da dərin təəssüf hissi doğurur. 
 
Nəticə
 
“Mi-17” helikopteri məşhur sələflərinin bütün ən yaxşı keyfiyyətlərini özündə cəmləşdirən və dövrünün müasir texnologiyaların tətbiqi sayəsində əlavə imkanlar əldə edən universal vasitədir. “Mi-8” helikopterinin modernləşdirilən eksport versiyası olan “Mi-17” helikopteri SSRİ/Rusiya helikopter inşaaatı sənayesinin orta sinifdən olan çoxməqsədli helikopterlər ailəsinin ən uğurlu və uzun ömürlü nümayəndələrindən biridir. Hər hansı bir texnika istismar müddəti uzandıqca aşınmaya məruz qalır. “Mi-17”etibarlı helikopter hesab olunsa da, zaman keçdikcə resurlarsını bitirir, təmirə və ya təkmilləşdirilməyə ehtiyac duyur. Helikopterlər hər üçüşdan əvvəl və sonra ciddi texniki baxışdan keçirililir. Həm Vətən Müharibəsində, həm də ondan əvvəl və sonra “Mi-17”intensiv tempdə istifadə olundu və bir dəfə də olsun rəsmi qəza qeydə alınmadı. Bu isə artıq ciddi bir göstəricidir. 
İstənilən halda dünyada helikopter istehsalının lideri sayılan ABŞ “Mi-17” helikopterlərini alıbsa, deməli Pentaqon “qiymət-keyfiyyət-zərurət” seqmentində ondan yaxşısını tapa bilməyib.
Hava əməliyyatlarında özünü klassik sovet helikopterinin nümyəndəsi kimi, universallığı və etibarlılığı ilə bir daha tanıdan bu helikopterlərin aşağı qiyməti də onun müsbət və cəlbedici cəhətlərindəndir. Yüksək yanacaq sərfiyyatı və digər xırda çatışmazlıqların olması onu yeni modellərdən zəif vasitə kimi qələmə verməyə əsas vermir. 21 müharibə iştirakçısı olan “Mi-17” helikopterinin bəzi çatışmazlıqları olmasına baxmayaraq, onun bu qəzadan sonra silahlandırmadan çıxarılacağını gözləmirəm. Onların istismarı təxminən 2030-cu ilə qədər davam edəcək, lakin onun bəzi funksiyalarının, məsələn sürət xüsusiyyətlərinin və radar imkanlarının təkmilləşdirilməsi də pis olmaz. 7 milyon doolarlıq dəyərə malik vasitənin aktiv mühafizə sisteminin tətbiqi də arzuolunandır. 
Azərbaycanda Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri üçün ilk aviasiya təmiri müəssisəsinin tikintisinə 2020-ci ildə başlanılıb. İnşaat işlərini yerli “ASG Helicopter Services” tərəfindən maliyyələşdirilir. Mərkəz hazırda bu sahədə istifadə olunan müasir avadanlıqlarla təchiz olunub. Mərkəzin istehsalat gücü ildə 12 vahiddən 15 vahidədək təmirin aparılması üçün nəzərdə tutulub. Güc qurğularının və çıxarıla bilən avadanlıqların bir hissəsinin təmiri həm ölkədəki, həm də xaricdəki aparıcı sənaye müəssisələrində həyata keçiriləcək. Bu ilin sentyabrında Azərbaycanda ilk “Mi-17”yerli müəssisədə təmir olunub. 
Hazırda Türkiyə heliopterlərinə xidmət üçün Ankarada yeni təmir zavodu qurulması planlaşdırılıb. Ehtiyat hissələri və mühərrik sınaqları Ukraynada mühərrik istehsalçısı “Motor Sich” tərəfindən aparılacaq. Türkiyə-Ukrayna birgə müəssisəsində Liviya və Pakistan ilə bərabər Azərbaycan helikopterləri də modernləşdirilə bilər.
Bir şeyi unutmalı deyilik: istənilən texniki vasitə, yerdə, suda və ya havada fəaliyyət göstərməsindən asılı olmayaraq qəzadan sığortalanmayıb. Burada vacib olan hadisənin dərindən və müstəqil ekspertlərin iştirakı ilə araşdırılması, ictimaiyyətin vaxtaşırı məlumatlandırılması, günahkarlar varsa, onların cəzalandırılması və bu kimi hadisələrin gələcəkdə təkrarlanmaması üçün effektiv tədbirlərin həyata keçirilməsindən ibarətdir. 
Allah bizə Qələbə bəxş edən şəhidlərimizin hamısına rəhmət eləsin!(Moderator.az)
 
Ədalət Verdiyev, hərbi ekspert


Xəbəri paylaş

1351 dəfə oxunub.

Digər xəbərlər