Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc bir neçə gündür Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovdan danışıb.
Qarabaginfo.az-ın məlumatına görə, Z. Oruc “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Saleh Rüstəmovla bağlı müxtəlif təşkilatlardan – 3cü sektor təsmilçilərindən müraciətlər alıb:
“Onun ətrafında gedən kampaniyanın ölkə xaricinə çıxarılması və ölkəmizin əleyhinə son həftələrdə daha da intensivliklə aparıldığını yaxşı görürük. Bir sıra əcnəbi media platformaları, sosial şəbəkələr hakimiyyətin həyata keçirdiyi hüquqi tədbirləri, əfv və amnistiya qərarlarını belə hadisələr vasitəsilə təsirsiz etməyə, Vətən müharibəsindən sonrakı gündəliyi dəyişdirməyə, Azərbaycanın beynəlxalq hesabatlardakı tənqidini daha da kəskinləşdirməyə çalışırlar. Halbuki istənilən şəxslə bağlı həm hüquq-mühafizə və məhkəmə orqanları, eləcə də müvafiq hakimiyyət təmsilçiləri ilə görüşmək, danışmaq olardı.
Saleh Rüstəmovun aclıq aksiyası təəssüf doğurur və onun özünə qarşı belə qəddar hərəkətini kənardan daha çox stimullaşdıranlar bir şəxsin iztirabı hesabına siyasi istismarçılıq edilər. Hərçənd onun əməli dövlət və şəxsiyyət əleyhinə olmadığından hazırda Zəfər amnistisiyasının yaşadığımız günlərdə sözügedən şəxslə də bağlı müvafiq dövlət qurumları ilə danışmaq olardı.
Komitə sədri kimi bizə edilən müraciətlər çərçivəsində belə müzakirələri aparacağıq. Bizim üçün ən əhəmiyyətli məsələ fərdi məsələlərin ölkə sərhədlərindən kənarda müzakirə edilməməsi, xarici təzyiq silahına çevrilməməsidir”.
Qeyd edək ki, Saleh Rüstəmov I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gələn zaman saxlanılıb və narkotik maddələri saxlamasında ittiham olunaraq həbs edilib.Sonradan cinayət işinə əlavə edilən başqa ittihamlara əsasən S. Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib.