Tarix: 29-11-2021 | Saat: 08:42
Bölmə:Karusel / Region | çapa göndər
“Hazırda Azərbaycandakı Qərb şəbəkəsi və hakimiyyət əleyhdarları, son 1 il ərzində olduğu kimi, indi də Soçi görüşünün əhəmiyyətini azaltmağa çalışslar da, Rusiya Prezidenti Putinin Əliyev və Paşinyanla həm ayrı-ayrılıqda, həm də birgə keçirdiyi görüşlər zamanı səsləndirdiyi fikirlər, çıxışlarda vurğulanan əsas tezislər, eləcə də imzalanan yekun bəyanat Azərbaycanın bu mərhələdə də ciddi diplomatik uğur qazandığını deməyə əsas verir”.
Bu fikirləri Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü Soçi görüşünü şərh edərkən deyib.
E.Şükürlünün fikrincə, hər şeydən əvvəl, bu görüşün 15 dekabra planlaşdırılan Brüssel görüşündən öncə keçirilməsinə və son vaxtlar təmaslardan yayınan Paşinyana əvvəl imzaladığı sənədləri yenidən təsdiqləyən öhdəliklərə imza atdırılmasına diqqət yetirmək gərəkdir: “Çünki 2020-ci ilin 9 noyabrında və 2021-ci ilin 11 yanvarında Putinin vasitəçiliyi ilə üzərinə öhdəliklər götürən Paşinyan əvvəl Ermənistandakı seçkiləri, 20 iyundan sonra isə yeni hökumət formalaşdırmaqda olduğunu və daxili vəziyyəti, sənədlərdəki terminləri bəhanə edərək, öhdəliklərini yerinə yetirməkdən yayınır, xüsusən də proseslərə Qərbi qoşmağa çalışırdı. Şübhəsiz ki, bu da Azərbaycanın haqlı narazılığına səbəb olurdu və razılaşmaların əsas zəmanətçisi olan Rusiya ilə gələcək münasibətlərə çox ciddi təsir edə bilərdi. Rusiya sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələnin müzakirəsi üçün 9 noyabra görüş təyin etsə də, Paşinyan növbəti dəfə bundan yayınmışdı və sonra da ortaya çıxmışdı ki, o, Fransanın fəal vasitəçiliyi ilə Brüsseldə yeni təkliflərlə, xüsusən də sərhədlərə Qərb hərbi qüvvələrinin gətirilməsi istəyi ilə çıxış etməyə hazırlaşır. Ancaq 16 noyabrda sərhədlərimizdə Ermənistanın təxribat cəhdlərinə cavab olaraq keçirilən əməliyyatlardan sonra Paşinyana növbəti qulaqburması verildi və o, müharibə vəziyyətinin hər an bərpa olunacağını anlayaraq, tələm-tələsik çıxıb elan etdi ki, Rusiyanın sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təklif etdiyi sənədi qəbul etməyə, Azərbaycanın ərazi bütövlüyünü tanımağa və nəqliyyat əlaqələrinin işə düşməsini öz variantları istiqamətində təmin etməyə hazırdır, rus sülhməramlılarının fəaliyyətindən də razıdır. Diqqət yetirdinizsə, Soçi görüşündə də mətbuata açıq mesajlar və imzalanan bəyanat məhz bu tezislər əsasında quruldu. Paşinyan növbəti dəfə üzərinə öhdəlik götürdü ki, o, 9 noyabr və 11 yanvar razılaşmalarının bütün müddəalarını ardıcıl şəkildə və özü də tezliklə yerinə yetirməyə sadiqdir. Bu müddəalarda nələrin nəzərdə tutulduğu isə bəllidir. İndi o, Brüssel danışıqlarında da təməl olaraq bu sənədləri əsas götürəcək”.
E.Şükürlü hesab edir ki, Soçi görüşünün ən mühüm nəticəsi Paşinyanın prosesi ləngitmək və süni şəkildə uzatmaq cəhdinin qarşısının alınması və ona öhdəliklərinin icrası üçün konkret vaxt limitinin qoyulmasıdır: “Gələn il Fransa Avropa İttifaqına sədrlik edəcək və Paşinyan bu məsələdə Fransanın dəstəyinə çox böyük ümid bağlayır. Ancaq Putinin açıqlamalarından aydın oldu ki, o, Paşinyanın prosesi ləngitmək istəyinin səbəblərini yaxşı anlayır və bundan çox narazıdır. Baxın, o, xüsusi vurğuladı ki, tərəflərin bir-birinin ərazi bütövlüyünü və dövlət suverenliyini tanımasını və yekun sülh sazişinin imzalanmasını tezləşdirmək gərəkdir. Eyni zamanda, bildirdi ki, bu ilin sonunadək hansısa mexanizmlər yaradılmalıdır və iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəlinib artıq. Putinin daha bir vacib açıqlaması isə o oldu ki, nəqliyyat dəhlizlərinin açılması üçün baş nazirlərin müavinlərindən ibarət Üçtərəfli Komissiyanın gələn həftə toplaşacağını və razılaşdırılan qərarları elan edəcəyini bildirdi. Deməli, Brüssel görüşünədək Moskvada tərəflər arasında razılaşdırılmış daha bir sənəd ictimaiyyətə açıqlanacaq. Elə Azərbaycan Prezidenti də vurğuladı ki, görüşün yekun nəticələri yaxşı olacaq və bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq”.
E.Şükürlünün fikrincə, Paşinyanın mətbuat konfransının gedişində sülh üçün Ermənistan xalqından mandat aldığını və əsas hədəfinin də sülh olduğunu xüsusi qabartması da təhlil ediləcək ciddi bəyanatdır və həm Rusiya rəhbərliyinə, həm də Qərbə ünvanlanıb: “Bu, o deməkdir ki, Paşinyan müharibə istəmədiyini, Ermənistanda qalıcı sülh sazişini imzalamağa hazır yeganə siyasi qüvvənin onun təmsil etdiyi hakimiyyət olduğunu çatdırmaq və bunun üçün beynəlxalq ictimaiyyətdən, xüsusən də Rusiyadan təhlükəsizlik zəmanəti almaq istəyir. Çünki revanşistlərin arxasında da Rusiya durur və onları idarə etmək imkanı Rusiyanın əlindədir. Paşinyan indidən o zəmanəti əldə etməyə çalışır ki, o, Azərbaycanla böyük sülh sazişini imzaladıqdan sonra Rusiya tərəfindən revanşistlərin əliylə devrilməyəcək. Çox böyük ehtimalla, Putinlə bağlı qapı arxasındakı söhbətində bu məsələ əsas müzakirə mövzusu olub”.
E.Şükürlü Soçi görüşünün Brüssel görüşünə əhəmiyyətli təsir göstərəcəyindən də danışıb: “Rusiya Cənubi Qafqazda söz sahibi olduğunu, həm Azərbaycan, həm də Ermənistana ciddi təsir imkanlarını saxladığını və qalıcı sülh sazişinin imzalanmasının da xeyli dərəcədə onun iradəsindən asılı olduğunu növbəti dəfə Qərbə nümayiş etdirdi. Göstərdi ki, Qərb yalnız onun iradəsiylə hesablaşmaqla bölgədə uzunmüddətli sülhə nail ola bilər. Məncə, Cənubi Qafqazın Avropanın enerji təchizatında və Şərqlə əlaqələrində əsas dəhlizlərdən biri olduğunu nəzərə alan Avropa İttifaqı da bundan sonrakı mərhələdə Rusiya ilə açıq qarşıdurmadan yayınaraq, onun tərəflər arasında sülh prosesinin aparılmasındakı dominant mövqeyini qəbul edəcək və Brüssel görüşü Qərbin də danışıqlarda konstruktiv iştirakını təmin edəcək. Hətta ATƏT Minsk Qrupunun fəaliyyəti yenidən dirçəldilsə və sonrakı danışıqlar həmin formatda davam etdirilsə belə, bundan sonra danışıqlarda əsas bünövrə, təməl sənədlər Ermənistan və Azərbaycan arasında 44 günlük savaşdan sonra Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənədlər olacaq”.
E.Şükürlü hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin, eləcə də danışıqların gedişinin Türkiyəni də tam qane etdiyini, ancaq Qərbə yaxın qüvvələrin məqsədli şəkildə Rusiya ilə Türkiyəni üz-üzə gətirməyə çalışdıqlarını bildirib və siyasi qüvvələri bu təbliğatın təsirinə düşməməyə çağırıb: “Cəmiyyətdə qəsdən belə təəssürat yaradırlar ki, guya, Azərbaycan 44 günlük savaşda ona müstəsna kömək göstərmiş Türkiyəni danışıqlar prosesindən kənarda qoyub və qardaş Türkiyə proseslərin gedişindən narazıdır. Bu da Qərb şəbəkəsinin uydurduğu tezisdir və Qarabağ məsələsi üzərində çox gözəl əməkdaşlıq formatı qurmuş Rusiya-Türkiyə-Azərbaycan münasibətlərini pozmağa hesablanıb. Bilmək gərəkdir ki, Azərbaycan hakimiyyəti danışıqların bütün detalları haqda əsas müttəfiqi Türkiyəni məlumatlandırır və onunla uzlaşdırılmış şəkildə fəaliyyət göstərir”.(Yenisabah)
Digər xəbərlər