Saytımızı qiymətləndirin


 
 

Rüşvəti yayan tapıldı
Tarix: 28-11-2021 | Saat: 23:18
Bölmə:Karusel / Yazar | çapa göndər

Baxıram, son vaxtlar hamı bizi, kasıb camaatı borclu çıxarır. Biz bahalıqdan şikayət edən kimi qabağımıza Qarabağ kartını qoyurlar. Bu gün ağac satan dayı da dedi ki, ağacların bahalaşmasının bir səbəbi var: artıq Qarabağa aparırlar. 3 ay bundan əvvəllə müqayisədə hərəsi 2-3 manat bahalaşan tinglərin də yolu Qarabağa sarı imiş. 30 il boyunca “Qarabağ boyda dərdimiz var” sözünü qulağımıza sırğa etdirdilər. İndən belə də hər ağzımızı açıb, bahalaşmadan, problemdən narazılıq edəndə “Qarabağ boyda sevincimiz var, imkan verin, oranı quraq” deyəcəklər. Və beləcə qocalacağıq: bu dərdlərin-sevinclərin fonunda… Təbii ki, bəhanənin beləsinə can qurban, səslənişi belə gözəldir. İki-üç il əvvələ qədər xəyalımıza belə gəlməyən Qarabağa indi ağaclar daşınır, tikinti materialları gedir. Girirsən tikinti malları mağazasına, axtardığın çox şey tapılmır – bazarda kasadlıqdır, çox mallar Qarabağa gedir deyirlər. Hətta fəhlə-usta heyətində də bir azalma var. Bacarıqlı olanlarını seçib aparıblar, gözəl torpaqlarımızı abad etməyə. Sevincimiz böyükdür, bu sevincdən sui-istifadə etməsələr kaş ki… İmkan versinlər, istisinə qızınaq, tüstüsünə kor etməsinlər bizi.

Tüstü demiş, bir neçə il öncə də rəhbər vəzifədə olanlardan biri demişdi ki, “Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək. Sahibkarlara müraciət olunub ki, əməkdaşlarımızı korrupsiya və rüşvətxorluğa cəlb etməsinlər”.
Yuxarıda dedim axı, günah yenə binəva camaatdadır. Həkimi rüşvətə cəlb edən biz, müəllimi dərs keçməyə qoymayan biz, vergi, gömrük, sosial fond…hamısını rüşvətə alışdıran yenə biz. Hər müəllimlər günündə məktəblərin qabağında valideynlər yığışıb, müəllimləri divara dirəyir, zorla ciblərinə yığdıqları pulu soxuşdururlar. Müəllimələr yalvarır, “ayıbdır, bizi ləkələməyin” deyirlər, amma azğınlaşmış, harınlaşmış valideyn dinləyirmi? Bəs xəstələrə nə deməli? O ağrıyan vücudları, müalicəyə dövlət xəstəxanalarına axışan canları ilə müayinə bitən kimi Brus Liyə, şirə, pələngə dönürlər. Az qalırlar, xalatının cibinə pul basdıqları həkimlərlə əlbəyaxa davaya çıxsınlar. Sözün birbaşa mənasında “dartma, yaxam cırıldı” mübahisəsi düşür ortaya. Nə həkimlərin Hippokrat andını veclərinə alırlar, nə onların abırdan qızaran üzlərinə.
Burda bir haşiyə çıxım. İllərdən 2009, aylardan dekabr idi. Şəxsən özüm şahid idim: Səhər saatlarında dövlət xəstəxanalarından birində, Təcili Yardımla xəstəxanaya hamilə bir qadını gətirmişdilər. Ana yoldaca doğuş gerçəkləşdirmişdi, qəbul otağında uzanmışdı körpəsi ilə. Bir Allahın bəndəsi yaxın gəlmirdi anaya. Cüzamlı kimi davranırdı bütün heyət ona. Yoox, yanlış anladız. Elə bildiz, ana sahibsiz olduğu, doğuş həkim müdaxiləsi olmadan baş tutduğu, heç bir həkimə, tibb bacısına, sanitar işçiyə pul verilməyəcəyi üçün yaxın dayanmırdılar? Əsla! Çox qarafikirlisiz! Sadəcə ana xəstəxanaya daxil olan kimi həkimlərə uşağının dünyaya gəlişi münasibətilə şirinlik vermək istəmiş, xəstəxana da bundan qeyzlənib, ananı cəzalandırmışdı – iqnor ilə…

Bu günə qədər həbs edilən icra başçılarını unutmusuzmu bəs? Onların skoçladıqları paçka-paçka pullar necə evlərindən, iş yerlərinin kassasından çıxmışdı, bilirsizmi? Əhali icra başçılarınının qapılarında o rüşvəti verməyə imkan tapmırdı – cangüdənləri icazə vermirdi. Onlar da icra hakimiyyəti binalarının qabağında, aşağıdan yuxarı, pulları skoçlayıb, tuşlayırdılar birbaşa başçının pəncərəsinə. Pullar səpələnməsin, əsl sahibinə çatsın deyə. Bu ölkədə məmurunu da, həkimini, müəllimini də korlayan bu camaatdır. Camaat faktiki məmura pul verməyəndə yediyi-içdiyi canına sinmir. Bizdə hamı bir-birini dolandırır. Bu torpaqlarda uşaq dünyaya gələndə onun qulağına adını yox, “əl əli yuyar, əl də üzü” cümləsini pıçıldayırlar. Bu da olur onun həyat kredosu.

Bizə kütləvi psixoloji dəstək lazımdır. Cəmiyyət olaraq, bir-birimizi “pis yola çəkməmək” üçün peşəkar məsləhətinə, terapiyalara ehtiyac duyuruq. Əks halda, hərc-mərclik yenə aləmi bürüyəcək, AXC-Müsavat hakimiyyəti dönəmindəki kimi….

Cəlb etməyin məmurları rüşvətə! Çingiz Abdullayev demişkən, “siz verirsüz məmurlara rüşvəti məcbur edib, sonra onlar da olur pis kişi, aldıqları üçün sizdən həmin pulları”. Başa düşdüz? Niyə belə olmalıdır axı? Etməyin də.

Sevinc Telmanqızı


Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər