Ana Sayfa > Karusel / Yazar > Rüşvəti yayan tapıldı
Rüşvəti yayan tapıldı28-11-2021, 23:18. Yazar: Admin |
Baxıram, son vaxtlar hamı bizi, kasıb camaatı borclu çıxarır. Biz bahalıqdan şikayət edən kimi qabağımıza Qarabağ kartını qoyurlar. Bu gün ağac satan dayı da dedi ki, ağacların bahalaşmasının bir səbəbi var: artıq Qarabağa aparırlar. 3 ay bundan əvvəllə müqayisədə hərəsi 2-3 manat bahalaşan tinglərin də yolu Qarabağa sarı imiş. 30 il boyunca “Qarabağ boyda dərdimiz var” sözünü qulağımıza sırğa etdirdilər. İndən belə də hər ağzımızı açıb, bahalaşmadan, problemdən narazılıq edəndə “Qarabağ boyda sevincimiz var, imkan verin, oranı quraq” deyəcəklər. Və beləcə qocalacağıq: bu dərdlərin-sevinclərin fonunda… Təbii ki, bəhanənin beləsinə can qurban, səslənişi belə gözəldir. İki-üç il əvvələ qədər xəyalımıza belə gəlməyən Qarabağa indi ağaclar daşınır, tikinti materialları gedir. Girirsən tikinti malları mağazasına, axtardığın çox şey tapılmır – bazarda kasadlıqdır, çox mallar Qarabağa gedir deyirlər. Hətta fəhlə-usta heyətində də bir azalma var. Bacarıqlı olanlarını seçib aparıblar, gözəl torpaqlarımızı abad etməyə. Sevincimiz böyükdür, bu sevincdən sui-istifadə etməsələr kaş ki… İmkan versinlər, istisinə qızınaq, tüstüsünə kor etməsinlər bizi. Tüstü demiş, bir neçə il öncə də rəhbər vəzifədə olanlardan biri demişdi ki, “Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək. Sahibkarlara müraciət olunub ki, əməkdaşlarımızı korrupsiya və rüşvətxorluğa cəlb etməsinlər”. Bu günə qədər həbs edilən icra başçılarını unutmusuzmu bəs? Onların skoçladıqları paçka-paçka pullar necə evlərindən, iş yerlərinin kassasından çıxmışdı, bilirsizmi? Əhali icra başçılarınının qapılarında o rüşvəti verməyə imkan tapmırdı – cangüdənləri icazə vermirdi. Onlar da icra hakimiyyəti binalarının qabağında, aşağıdan yuxarı, pulları skoçlayıb, tuşlayırdılar birbaşa başçının pəncərəsinə. Pullar səpələnməsin, əsl sahibinə çatsın deyə. Bu ölkədə məmurunu da, həkimini, müəllimini də korlayan bu camaatdır. Camaat faktiki məmura pul verməyəndə yediyi-içdiyi canına sinmir. Bizdə hamı bir-birini dolandırır. Bu torpaqlarda uşaq dünyaya gələndə onun qulağına adını yox, “əl əli yuyar, əl də üzü” cümləsini pıçıldayırlar. Bu da olur onun həyat kredosu. Geri dön |