Saytımızı qiymətləndirin


 
 

Qırğızıstanda dövlət çevrilişinə cəhd və Dağlıq Bədəxşanda həyəcanlar
Tarix: 28-11-2021 | Saat: 21:28
Bölmə:Karusel / Dünya | çapa göndər

Qırğızıstanda hakimiyyəti zorla ələ keçirməyə cəhdin qarşısı alınıb.  Bu barədə Dövlət milli təhlükəsizlik Komitəsinin (DMTK) mətbuat xidməti məlumat yayıb.  Tacikistanın Dağlıq Bədəxşan muxtar vilayətinin (DBMV) sakinləri isə Xoroq şəhərində iki gündür etiraz mitinqi keçirərək hakimiyyətdən bölgənin demilitarizasiyasını tələb edirlər.

Doğrudanmı, Bişkekdə əsl çevrilişə cəhd hazırlıqları olub, yoxsa DMTK müxalifəti noyabrın 28-də keçiriləcək parlament seçkilərinin nəticələrinə etirazın yolverilməzliyi ilə bağlı özünəməxsus şəkildə xəbərdar etmək qərarına gəlib  - düzü, sual prinsipial deyil.

 

Qırğızıstanda “rəngli inqilab”ın klassik mexanizmi yenidən işə salınıb

Əhəmiyyətli olan başqa şeydir - Qırğızıstan hakimiyyəti son illərdə formalaşmış milli ənənənin qarşısını ciddi şəkildə almaq niyyətindədir. Həmin ənənəyə görə isə hər seçki çevrilişlə nəticələnir. Ölkə prezidenti Sadır Japarovun ötən ay haqlı olaraq söylədiyi kimi: “Prezidentləri qovmaq praktikasına son qoymaq lazımdır”.

Ötən ilin oktyabrındakı parlament seçkiləri də “oktyabr inqilabı” ilə bitmişdi. Bişkekin mərkəzində minlərlə insan toplaşaraq təkrar parlament seçkiləri tələb etmişdilər. Sonra isə klassik ssenari: polislə toqquşmalar, iğtişaşlar və talanlar, ardınca da o vaxtkı prezident Sooronbay Jeenbekovun istefa ilə bağlı müraciəti. Nəticədə həmin hadisələr zamanı tərəfdarlarının türmədən azad etdiyi indiki dövlət başçısı Sadır Japarov prezidentin səlahiyyətlərini icra etməyə başladı.

Yerli elitalar çoxdan öyrəşiblər ki, kütləvi etirazlardan istifadə etməklə mərkəzi hakimiyyəti istədikləri kimi silkələyə bilərlər. DMTK-nin mətbuat xidməti gözlənilən dövlət çevrilişinin metodlarını bu cür təsvir edir: «Parlament seçkilərinin nəticələri elan edildikdən sonra məlum qrup seçkilərdə uduzanlar da daxil olmaqla ayrı-ayrı siyasi qüvvələrin dəstəyinə arxalanaraq Bişkek ərazisində hakimiyyəti zor gücü ilə ələ keçirmək üçün kütləvi etirazlar təşkil etməyi planlaşdırıb. Bunun üçün aqressiv əhval-ruhiyyəli 1000 nəfərə yaxın gənc cəlb olunub”.

Sadır Cəfərov prezidentlərin devrilməsi praktikasına son qoymağa çağırıb. Baxmayaraq ki, o özü Sooronbay Jeenbekovu devirib

Burada yeni və orijinal heç nə yoxdur -  Qırğızıstanda siyasi və hətta iqtisadi mübahisələri həll etmək üçün məhz bu ssenaridən yararlanırlar.  Və Sadır Japarov müxalifətin bu cür hərəkətlərinin həm mexanikasını, həm də təhlükəsini çox yaxşı bilir.  Ona görə də bu dəfə qabaqdan gəlmişlik edərək bütün yerli isteblişmentə göstərir ki, köhnə oyunların dövrü bitib, yeni qaydalarla yaşamaq zamanıdır.  Kim razı deyil - onu məhkəmə və türmə gözləyir.

Tacikistan hakimiyyəti isə eyni sərtliyi və qətiyyəti Dağlıq Bədəxşan muxtar vilayətindəki (DBMV) etirazlara münasibətdə nümayiş etdirmək niyyətindədir. Həmin vilayət tədricən, ancaq dönməz şəkildə Rahmon rejimi üçün sosial irinə çevrilir.

Dağlıq Bədəxşan həm sosial-iqtisadi, həm də siyasi planda çox spesifik ərazidir.  Orada mərkəzi hakimiyyəti və şəxsən Rahmonu qətiyyən sevmirlər.  Yerli sakinlər yerdə qalan taciklərdən təkcə dilə görə yox, həm də etiqadları ilə fərqlənirlər, belə ki, pamirlilər - ismaililər təriqətinə məxsusdurlar.

Hakimiyyətin vilayətə ayırdığı dotasiya  cüzidir, ancaq bu, ismaililər icmasının Londonda yaşayan irsi rəhbəri, biznesmen Ağa xanın Fondunun göndərdiyi vəsaitlərlə kompensasiya olunur. Bu vəziyyət Düşənbəni razı sala bilməz, mərkəzi hakimiyyətin vilayətə nəzarəti çox zəifdir.

 

Bədəxşanda Rahmonun sakitləşdirməyə çalışdığı üsyankar əhali var

Və Rahmon 2018-ci ildə vilayətdə qayda-qanun yaratmağa başlayır. O, vilayətin başçısını və yerli hüquq-mühafizə orqanlarının rəhbərlərini istefaya göndərərək onların yerinə tacikləri təyin edir.  Təhlükəsizliyin təmin olunması və intizamın bərpası üçün İdarələrarası qərargah yaradılır.  Dağlıq Bədəxşana silahlı qüvvələr göndərilir. Əhalidən silahlar yığılır, Xoroqda isə xüsusi təyinatlı milislərin iştirakı ilə əlavə postlar qurulur.

«Gəlmələr» özlərini işğal olunmuş ərazilərdəki kimi aparırlar. Mütəmadi olaraq müxtəlif insidentlər yaşanır və bir qayda olaraq yerlilər günahkar sayılır. «Artıq 10 ildir vilayət əhalisinin, əsasən də gənclərin gözdən salınması üçün miqyaslı kampaniya davam edir. Gəncləri müxtəlif ittihamlarla uzun müddətli həbsə məhkum edirlər.  Bu illər ərzində 1000-dən çox gənc insan mühakimə olunub və bu, əhalisi az olan vilayət üçün çox böyük rəqəmdir», - vilayətin sakinlərindən biri Change.org saytındakı müraciətində yazır.

Bu yaxınlarda hüquq-mühafizə orqanlarının əməkdaşları 29 yaşlı Gülbiddin Ziyorbekovu saxlamağa çalışarkən güllələyiblər.  Onu rayon prokurorunun köməkçisini girov götürməkdə və döyməkdə ittiham edirdilər.  Hakimiyyət onun silahlı müqavimət göstərdiyini iddia edir, ancaq şahidlər Ziyorbekovun müqavimət göstərmədiyini və silahsız olduğunu söyləyir.  Hər iki münaqişə tərəfinin bilgilərinə görə, daha əvvəl yerli əhali ilə güc strukturlarının nümayəndələri arasında baş verən toqquşmalarda ən azı 8 mülki şəxs və 5 hüquq mühafizəçisi yaralanıb.

Xoroq küçələrə çıxıb - hakimiyyət polis güclərinin sayını artırıb və onlar Xoroqu mühasirəyə alıb, İnternet qapadılıb.  Vəziyyət son həddədək gərginləşib və üzümüzə gələn həftədə münaqişənin inkişafını görəcəyik.

İqor Pankratenko, haqqin.az



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər