Tarix: 05-11-2021 | Saat: 19:04
Bölmə:Karusel / Siyasət | çapa göndər
\
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, səfiri səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan ilə Qazaxıstan arasında çoxəsrlik tarixə malik dostluq əlaqələrini, ortaq türk mənşəli, ortaq dini, dili, mədəni və mənəvi əlaqələri olan qardaş dövlətlərimiz və xalqlarımız arasında hərtərəfli münasibətlərin inkişafını, müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib. Əlavə edib ki, dövlət başçıları səviyyəsində münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilməsi, yüksək səviyyəli rəsmi və işgüzar səfərlərin həyata keçirilməsi müxtəlif sahələrdə mühüm addımların atılmasını və müsbət nəticələrin əldə olunmasını şərtləndirir.
Ölkələrimizin qlobal arenada, TÜRKSOY, Türk Şurası, UNESCO kimi beynəlxalq təşkilatlar çərçivəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəklədiyini vurğulayan nazir dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından danışıb və Qazaxıstanı bu çağırışa qoşulmağa dəvət edib.
İkitərəfli münasibətlərin, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu və birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdıran Anar Kərimov kino sahəsində işbirliyini, kitabxanalar və muzeylərimiz arasında təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Serjan Abdıkarimov dost və qardaş ölkələr olan Qazaxıstan və Azərbaycan arasında demək olar ki, bütün sahələr üzrə sıx əlaqələri qeyd edib, mədəniyyət sahəsində birgə fəaliyyətin və müştərək layihələrin həyata keçirilməsinin önəmini dəstəkləyib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunan diplomat Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əlaqələrdən və birgə layihələrdən bəhs edib.
Söhbət zamanı Qazaxıstanın ölkəmizin haqlı mövqeyini və ərazi bütövlüyünü hər zaman müdafiə etdiyi vurğulanıb, işğaldan azad olunan Azərbaycan ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərində dəstəyə hazır olduğu ifadə edilib.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Digər xəbərlər