Saytımızı qiymətləndirin


 
 

VIII Qlobal Bakı Forumunda "Səhiyyə və əhalinin vaksinasiyası" adlı panel keçirilib
Tarix: 05-11-2021 | Saat: 13:20
Bölmə:Karusel / Siyasət | çapa göndər

VIII Qlobal Bakı Forumunda "Səhiyyə və əhalinin vaksinasiyası" adlı panel keçirilib

VIII Qlobal Bakı Forumu çərçivəsində "Səhiyyə və əhalinin vaksinasiyası" adlı panel keçirilib.

Qarabaginfo.az xəbərb verir ki, panelə Amerika Xarici Siyasət Milli Komitəsinin prezidenti Suzan Elliott moderatorluq edib.

İsrailin keçmiş prezidenti Dalia İtzik paneldə çıxış edib. O bildirib ki, İsrail nadir ölkələrdəndir ki, əhalisinin əksəriyyət hissəsi peyvənd olunub: “6 milyon ilk dozanı, 5.5 milyon iki dozanı, 4 milyon isə “buster” peyvəndini vurdurub. Peyvənd faizi çox olduğuna görə, ölüm faizi aşağı düşüb. Yanlış məlumatlar, dezinformasiya peyvəndlənmənin qarşısını alır ki, bu da insanların həyatını risk altında qoyur”.

D.İtzik deyib ki, peyvəndlərin vurulub-vurulmaması ilə bağlı ölkələrdə dilemma yaranıb, çünki hər bir vətəndaşın sərbəst seçimi var, digər tərəfdən isə sosial məsuliyyət məsələsi meydana çıxır, çoxluğun sağlamlığı təhdid olunur.

Keçmiş prezidenti bildirib ki, qlobal səviyyədə peyvəndlərin paylanması üçün COVAX sistemi yaradılıb ki, bu peyvəndlərin müxtəlif ölkələrə paylanmasını daha da sürətləndirilib. Onun sözlərinə görə, bu məsələdə hər bir ölkənin əvvəlcə öz vətəndaşlarını nəzərə alması anlaşılandır, amma müxtəlif ölkələr üçün də eyni əlçatımlılıq olmalıdır və bu istiqamətdə əməkdaşlıq yaradılmalıdır.

D.İtzik öz ölkəsinin müxtəlif ölkələrlə əməkdaşlıq etdiyini, peyvənd yardımı göndərdiyini vurğulayıb.

Sloveniyanın keçmiş prezidenti Danila Turk foruma onlayn qatılıb. O bildirib ki, peyvəndin dünya ölkələri arasında paylanmasında ədalətsizlik var, bəzi ölkələrdə peyvənd vurulanların sayı əhalinin çox hissəsini əhatə etsə də, bəzi ölkələrdə yalnız kiçik bir qismə peyvənd vurulub.

D.Turk deyib ki, G7 və G20 ölkələri bu məsələdə liderlik etməli olsalar da, bu, müşahidə olunmur. Pandemiyanın ilk dönəmində bu ölkələrin liderləri qlobal əməkdaşlıqdan danışsalar da onlar zamanla bunun qeyri-mümkün olduğunu bəyan ediblər.

Sloveniyanın keçmiş prezidenti deyib ki, pandemiya ilə mübarizə üçün qlobal platforma yaradılmalı və bu platformada bütün səylər birləşməlidir.

D.Turk həmçinin vurğulayıb ki, hər bir fərdin fiziki və mental sağlamlığı vacibdir və buna dəstək alması hüquq var. O deyib ki, pandemiya dövründə yaranan təzyiqlə əlaqədar insanlar mental problemlərlə üzləşib. O, bu istiqamətə də xüsusi diqqətin vacibliyini vurğulayıb.

Latviyanın keçmiş Baş naziri Laimdota Straujuma da foruma onlayn qatılıb. O, çıxışında pandemiyanın gətirdiyi məhdudiyyətlərə toxunub. L.Straujuma bildirib ki, bəzi hallarda informasiyanın yayılması ilə bağlı məhdudiyyətlər tətbiq olunub ki, bu da təhlükəli nəticələrə gətirib çıxara bilər. O, həmçinin saxta (feyk) xəbərlərin cəmiyyətdə yayılmasının təhlükəsini vurğulayıb.

Keçmiş Baş nazir bu istiqamətdə texnologiya şirkətlərinin üzərinə də məsuliyyət düşdüyünü, onların bu istiqamətdə qətiyyətli siyasət yürütməli olduqlarını diqqətə çatdırıb.

Tacikistan prezidentinin ictimaiyyətlə əlaqələr və sosial inkişaf məsələləri üzrə köməkçisi Emomali Nasraddinzoda da paneldə çıxış edib. O, pandemiyanın təhsilə vurduğu zərər barədə danışıb. E. Nasraddinzoda bildirib ki, pandemiya ilə əlaqədar məktəblər, universitetlər bağlanıb, şagirdlər, tələbələr təhsildən kənarda qalıb.
O, çıxışında bildirib ki, pandemiya nəticəsində təhsil sahəsində, xüsusilə distant təhsil sahəsində problemlər üz çıxıb: "Bizə aydın oldu ki, müəllimlərin texniki bilgilərinin kasadlığı var, şagirdlərin texniki vasitələrinin olmaması, dərs vəsaitlərinin çatışmazlığı kimi problemlərin mövcudluğunu gördük".

O, həmçinin Tacikistan hökumətinin pandemiyanın təsirlərinin minimuma endirilməsi ilə bağlı gördüyü işlər barədə də məlumat verib.



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər