“Onlar Paşinyanı çox tez neytrallaşdırmağa çalışacaqlar. Hətta Nikola qarşı terror hücumu da ola bilər”. Bu barədə erməni mediasında geniş müzakirələr aparılır və fikirlər səsləndirilir. Belə ki, Politik.am saytının redaktoru Boris Tamoyan və jurnalist Angela Tovmasyan ötən həftənin ən mühüm hadisələrindən danışarkən fikir səsləndiriblər.
Qarabaginfo.az xəbər verir ki, erməni mediasında geniş müzakirələrə səbəb olan bu xəbəri konkret.az-a şərh edən Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, 9-10 noyabrla bağlı iddialar var: “Yəni Ermənistan müxalifəti İrəvanın Respublika meydanında Paşinyan əleyhinə mitinqlər planlaşdırır. Paşinyan isə COVID-19 pandemiyasını əsas gətirərək mitinqlərin qarşısını almağa çalışır, polis güclərini mərkəzi meydana toplayır və karantin qaydalarını pozmamağa çağırır. Paşinyan bunu ona görə edir ki, sülh müqaviləsi bağlansa, o zaman revanşistlər xalqı ayağa qaldırıb, hakimiyyəti dəyişməyə cəhd göstərə bilərlər. Hətta Paşinyanı öldürməyə də cəhd göstərmələri mümkündür. 1999-cu ildəki kimi parlamentin gülləbaran edilməsi praktikasını təkrar etmək fikrinə də düşə bilərlər. Erməni mediasında da bu fikirlər çox geniş müzakirələrə səbəb olub”.
Əziz Əlibəyli əlavə edib ki, müzakirə edilən bu mövzular həqiqətlərlə nə qədər üst-üstə düşür sualını versək, o zaman Paşinyanın əleyhinə kifayət qədər ciddi daxili qüvvənin olduğunu deyə bilərik: “Ermənistan hakimiyyət tarixində belə bir təcrübə yaşanıbsa, bu gün onun baş verməyəcəyini qaranti etmək olmaz. Yəni Boris Tamoyan və jurnalist Angela Tovmasyanın da müzakirə etdiyi kimi, revanşistlərin Paşinyanı neytrallaşdırmağa çalışacaqları və hətta onu öldürməyə cəhd göstərəcəkləri tam realdır”.