Saytımızı qiymətləndirin


 
 

“Heydər Əliyev Azərbaycana qayıdanda qalmağa evi yox idi” - Generalın xatirələri
Tarix: 10-12-2018 | Saat: 12:24
Bölmə:Karusel / Siyasət / Mədəniyyət | çapa göndər

“Heydər Əliyev Azərbaycana qayıdanda qalmağa evi yox idi”

 

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü tamam olur. Bir çox görkəmli şəxslər, tanınmış simalar, dövlət xadimləri artıq onunla bağlı xatirələrini paylaşıblar. 10 ildən çox Əliyevlə çiyin-çiyinə çalışan, ona “Heydər” deyə müracət edən azsaylı insanlardan biri də o vaxtlar Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olmuş, hazırda Ədliyyə nazirinin müavini vəzifəsini icra edən general-leytenant Məhərrəm Əliyevdir.  “Heydər Əliyevi o qədər də tanımayan insanların belə onunla bağlı hansısa xatirələri var” deyərək general-leytenant ümummilli liderlə bağlı unudulmaz anlarını “Qafqazinfo” ilə bölüşüb. Onun sözlərinə görə, həyatının ən yaddaqalan illəri 1990-cı illərdən 2003-cü ilə - Heydər Əliyevin ölümünə qədərki dövr olub: 

“1970-1980-ci illərdə Moskvada oxuyub, orada yaşamışam. Xüsusi milis məktəbində oxuduğum illərdə Heydər Əliyev haqqında orada o qədər yüksək söhbətlər gedirdi ki... 

Məhz Heydər Əliyev Azərbaycanı tanıtdı. Bu onun qabiliyyəti, varlığı, bacarığının göstəricisi idi. Çünki o dövrlərdə Azərbaycanı çoxları tanımırdı. Xarici görünüşümə baxıb mənə deyirdilər ki, sən gürcüsən, yoxsa erməni?

Qismət ele gətirdi ki, mən 1982-ci ilin dekabrında Moskvadan köçürmə yolu ilə Bakıya  gəldim, Heydər Əliyev isə Bakıdan Moskvaya getdi. 1987-ci ildə Heydər Əliyev Qarboçovun simasızlığı ucbatından təqaüdə çıxmalı oldu. O zaman Azərbaycanda bəzi şəxslər Heydər Əliyevin adına məktublar yazmaq, kampaniyalar aparmaq üçün öyrədilirdilər. Mən düşündüm ki, axı Azərbaycana 13 il rəhbərlik edən, 5 il SSRİ kimi dövlətdə rəhbərliyin ən yüksək pilləsində olan bir şəxsiyyətə qarşı niyə bu qədər yalan- böhtan yağdırırlar. O zaman bir azərbaycanlı kimi bu insana kömək etməyin yollarını axtarmağa başladım. Bu yolla qardaşı Cəlal Əliyevlə tanış oldum və onunla birgə Əliyevin qayıdışını təşkil etməyə başladıq. 

“Azərbaycana qayıdanda qalmağa evi yox idi”

O vaxt 20 Yanvar hadisələrindən sonra Əliyev Azərbaycana gəldi. Vətəninə qayıdanda onun qalmağa yeri yox idi. Yəni 13 il Azərbaycana rəhbərlik edən bir şəxsiyyətin evi yox idi. Heydər Əliyev Cəlal müəllimgilin evinde qalmalı oldu. Elə həmin evdə Heydər Əliyevlə birgə çox vaxt keçirmişik. 

Lakin Əliyev Bakıda çox qala bilmədi. Təhdid və hədə-qorxular onu Naxçıvana getməyə məcbur etdi. O dövrlərdə Heydər Əliyevi evdən aeroporta, aeroportdan evə öz “Jiquli”mlə aparıb-gətirirdim. Nömrəsi “03-33-MK” idi, Moskvadan gətirmişdim. Hətta sonralar jurnalistlər mənimlə bağlı ona sual verəndə həmin günləri “Hə Məhərrəm Əliyevin bir salxaq “Jiquli”si vardı, məni ora- bura aparırdı” deyə xatırlamışdı. 

Bir dəfə qış ayları idi. Əliyev o zamanlar Naxçıvanda Vasif Talıbovun evində qalırdı. İkiotaqlı balaca mənzil idi. Mən Cəlal Əliyevlə Naxçıvana getmişdik. Heydər Əliyev bizə dedi ki, səhər yeməyinə gələrsiniz, burada birgə yeyərik. Vasif Talıbovun xanımı umac aşı bişirmişdi. Əliyev bizimlə “utanmayın, yeyin, özümüzünküdür” deyə zarafat etmişdi.

Bir dəfə Cəfər Cabbarlının ildönümü qeyd edilirdi. Hardasa 1990-91-ci illər idi. Əliyev onda hələ vəzifədə deyildi. Onu “Tarqovu”da teatrlardan birində qeyd edilən Cabbarlının ildönümü tədbirinə də həmin “Jiquli” ilə aparmışdım. Yanında məndən başqa nə cangündəni, nə də başqa heç kimi yox idi. Əliyev keçdi camaatın arasında əyləşdi. Hamı onu tanıyırdı. Bəzi şəxslər təklif etdilər ki, keçib yuxarı başda əyləşsin. Əliyev isə “mən elə yerlərdə çox oturmuşam” deyə cavab vermişdi. 

Həmin dövrlərdə vəzifəsi olmasa da, şəhərə gəzməyə çıxanda camaat onu tanıyır, küçədə arxamızca gəlirdilər. Bir dəfə məndən əvvəl vəzifədə olan bir şəhər rəisi vardı. Bizi saxladı ki, Heydər Əliyev, axı bu qədər camaat sizin arxanızca gəlir, olmaz belə. O isə dedi ki, axı mən nə edə bilərəm? Camaata necə deyim ki, gəlməsin? Mən gəzirəm, heç kimə demirəm ki, arxamca gəlsin. 

Bir dəfə gördüm ki, kefi yoxdur. Pirşağıda yeni tikdirdiyim bağ evim vardı. Onu “Jiquli”mlə apardım bağa ki, bir qədər gəzsin, eyni açılsın.  Bilirsiniz, işləməyi sevən bir insan üçün işsiz qalmaq çox çətin idi. Belə insanlar bunun üçün yaşayırlar çünki. Bəlkə də, mənim kimi birisi olsaydı, deyərdi ki, işləmirəm lap yaxşı…

“Heç vaxt heç nəyi unutmazdı...”

1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə məni vəzifədən çıxarmışdılar. Guya ki mən onun qohumu idim, halbuki belə bir şey yox idi. Heyder Əliyev hara, men hara…

Elə həmin ildə Əliyev məni Bakı Şəhər Baş Polis İdarəsinə rəis vəzifəsinə gətirdi. O, doğurdan da böyük şəxsiyyət idi. Onda azərbaycanlıya məxsus bir kişilik xüsusiyyəti vardı. Heç vaxt heç nəyi unutmazdı. Qismət elə gətirdi ki, onunla 10 il birgə çalışdım. Məni həmişə bütün iclaslara dəvət edirdi. Baxmayaraq ki, indi şəhər polisini böyük müşavirələrə dəvət etmirlər.

O, hər zaman öz üzərində işləyirdi. Gecə saat 3-ə, 4-ə qədər çalışdığının şahidi olmuşam. Yadıma gəlmir ki, işlədiyi dövrdə bir dəfə də olsun məzuniyyətə çıxsın.  

OMON-un silahlandığı 1995-ci illərdə tutulan bütün OMON-çuları mən saxlamışdım. Əliyevdən əvvəl Vəzirov, Mütəllibov, Elçibəy qaçıb getdilər. Yeganə şəxsiyyət idi ki, ölümün gözünə düz baxdı. Bəlkə də, çoxları Azərbaycanda bunu hələ dərk etmir, amma Heydər Əliyev Azərbaycanın həm keçmişi, həm bu günü, həm də gələcəyidir. 

Sadəcə bir təskinliyimiz var ki, özündən sonra yetişdirdiyi bir şəxsiyyəti yerinə qoyub getdi. 15 ildə İlham Əliyev Azərbaycan üçün çox işlər görüb. Əgər kimlərsə bunu görmür və bilmirsə, bu, onların öz problemidir. 

“Ən çox qızını sevərdi…”

Heydər Əliyev ailədə çox mülayim insan idi. Qızını çox sevərdi. Zərifə xanım haqqında danışarkən isə təsirlənməmək mümkün deyildi. Ailəsinə çox bağlı idi. İllər sonra Zərifə xanımın nəşini Moskvadan gətirib Bakıda dəfn edərkən orada iştirak etmişdim. Bu qədər yüksək vəzifə tutan birinin nə qədər böyük sarsıntı keçirdiyini gördüm. Baxmayaraq ki, həyat yoldaşının ölümündən illər keçirdi…

Səidə

Fotolar:Video: Nuran Məmmədov

 


 



Xəbəri paylaş

666 dəfə oxunub.

Digər xəbərlər