Saytımızı qiymətləndirin


 
 

Bayden-Ərdoğan görüşləri ABŞ və Türkiyəni düşmənə çevirir: Anlaşma ehtimalı yoxdur
Tarix: 30-10-2021 | Saat: 19:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bayden administrasiyası hakimiyyətə gəldiyi ilk gündən Türkiyəyə qarşı təzyiq siyasətini əsas prioritetə çevirib; Rəsmi Ankaranın güzəştsiz mövqeyi isə indi Ağ Evin Türkiyə əleyhinə siyasətini tədricən ABŞ-ın özünə qarşı yönəltməyə başlayıb...

ABŞ-Türkiyə münasibətlərində çatlar dərinləşməkdə davam edir. Bu iki müttəfiq dövlətin anlaşma ehtimalı zaman ötdükcə, daha da azalır. Və bu, yaxın gələcəkdə ABŞ və Türkiyənin müttəfiq dövlətlərdən rəqib ölkələrə çevrilə biləcəyinə inandırıcı görüntülər verir.

Onu da qeyd edək ki, son vaxtlar ABŞ və Türkiyə arasında yüksək səviyyəli görüşlər də intensivləşib. Hər halda, bu iki nəhəng ölkənin liderləri 2020-ci ildə bir neçə dəfə görüşüblər. Ancaq bu görüşlərin heç birisində müsbət nəticə əldə olunmayıb. Əksinə, hər görüşdən sonra münasibətlər daha da qəlizləşib.

İndi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ağ Ev sahibi Co Bayden növbəti dəfə iki ölkənin arasında olan kəskin ziddiyyətləri müzakirə edəcəklər. G-20 zirvəsi Türkiyə və ABŞ prezidentləri üçün mövcud problemləri nizamlamaq baxımdan, növbəti şans sayıla bilər. Və bu şansdan necə istifadə olunacağı da hələlik kifayət qədər suallar doğura biləcək məqamdır.

erdo-biden777.PNG (382 KB)

Onu da nəzərə almaq lazımdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Cozef Baydenin müzakirə edəcəkləri bir çox məsələlər var. Həmin məsələlər sırasına əlbəttə ki, Suriya, Əfqanıstan və Qafqazdakı durum, eləcə də ABŞ-Türkiyə ikitərəfli əlaqələri daxildir. Üstəlik, terrora qarşı mübarizə, qlobal iqtisadiyyata dair məsələlər də gündəmdə ola bilər.

Halbuki prezidentlərin görüşü ərəfəsində yaranmış vəziyyət heç də ümidverici nəticələr vəd etmir. Hətta qarşılıqlı münasibətlərdə ortaya çıxan yeni problemlər sadalanan məsələlərin müzakirəsini arxa plana da keçirə bilər. Hər halda, ABŞ və Türkiyə arasında yaşanan yeni diplomatik qalmaqal hazırda daha aktual xarakter daşıyır. Rəsmi Ankara ABŞ da daxil olmaqla, 10 ölkənin Türkiyədəki səfirlərini ölkənin daxili işlərinə kobud müdaxilə cəhdində suçlayır.

Məsələ ondadır ki, ABŞ, Almaniya, Danimarka, Kanada, Niderland, Yeni Zelandiya, Norveç, Finlandiya, Fransa və İsveç səfirləri ortaq bəyanat yayaraq, Ərdoğan hakimiyyətini demokratik prinsipləri pozmaqda ittiham etmişdilər. Həmin səfirlər Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etmiş cinayətkarın - Osman Kavalın azadlığa buraxılmasını istəmişdilər. Və bu, səfirlərin fəaliyyət göstərdikləri ölkələrin daxili işlərinə qarışmaq səlahiyyətlərinin olmaması barədə beynəlxalq konvensiyanın kobud şəkildə pozulması anlamına gəlirdi.

Ona görə də, rəsmi Ankara həmin 10 səfirin persona non-qrata elan edilməsi üçün prosedurun icrasına başlamışdı. Vəziyyətin ciddiliyini görən ABŞ və bir neçə ölkənin səfirləri dərhal öz mövqelərinə düzəliş etmək və beynəlxalq konvensiyanın tələblərinə sadiq olduqlarını bəyan etmək məcburiyyətində qaldılar. İndi rəsmi Ankara geri çəkilən səfirlərə münasibətdə mövqeyini bir qədər yumşaltsa da, digərlərini Türkiyədən qovmaq niyyətində qalır. Həmin 10 səfirin Türkiyənin dövlət tədbirlərinə dəvət edilməməsi də diplomatik qalmaqalın davam etdiyini göstərir.

ABS-PYD-ve-YPG.jpg (46 KB)

İndi Ağ Ev sahibi Co Bayden məhz bu qalmaqala da aydınlıq gətirməli olacaq. Çünki, ABŞ səfirinin Ağ Evdən ortaq bəyanata imza atmaq təlimatını alıb-almadığı hələlik dəqiqləşdirilməyib. Halbuki, hər hansı ölkənin, xüsusilə də, ABŞ səfirinin müstəqil şəkildə belə addımlar ata biləcəyi qətiyyən inandırıcı görünmür. Və prezident Co Baydenin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bu barədə həm iradlarına, həm də suallarına məruz qalacağı istisna deyil.

Ancaq bütün bunlarla yanaşı, iki prezidentin görüşündə əsas müzakirələrin məhz Suriyadakı vəziyyət və "F35" qalmaqalı ətrafında olacağı şübhə doğurmur. Çünki, son vaxtlar Türkiyə Suriya istiqamətindən ciddi təhdidlər ilə üzləşməkdədir. Türkiyə ərazisi Suriyada olan terrorçu qruplaşmalar, xüsusilə də, PKK/PYD tərəfindən raket atəşinə məruz qalır. Eyni zamanda terrorçuların Suriyada dislokasiya olunan Türkiyə hərbi kontingentinə qarşı hücumları da intensivləşib.

Təbii ki, bu məsələ ABŞ-Türkiyə münasibətlərində gərginlik yaradan əsas problemlərdən sayılır. Çünki, PKK/PYD ABŞ tərəfindən himayə olunur. ABŞ bu terrorçu qruplaşmaya hərbi təlimlər keçir və onu silah sursatla təchiz edir. Bu baxımdan, Türkiyə ərazisinin atəşə tutulduğu ən müasir raket sistemlərinin terrorçulara hansı məqsədlə verildiyinə aydınlıq gətirmək lazım gələcək.

Göründüyü kimi, Ərdoğan-Bayden görüşünün iki müttəfiq dövlətin dostluq münasibətləri atmosferində keçmə ehtimalı demək olar ki, yoxdur. Üstəlik, "F35" qalmaqalı rəngləri daha da tündləşdirir. Bu qalmaqal ABŞ-Türkiyə münasibətlərini qopma nöqtəsinə daşıyan əsas problem sayılır. Çünki, Ağ Ev Türkiyə qarşısında hərbi ticarət öhdəliklərini yerinə yetirməyib. Və Ağ Ev bu məsələdə Rusiya faktoru ilə bağlı bəhanəyə sığınır.

38de3d9f-5a6c-4701-b91a-968d515052f3.jpg (130 KB)

Məsələ ondadır ki, Ağ Ev Türkiyəni Rusiyadan "S-400" raketləri almaqda suçlayır və bunun NATO təlimatlarına uyğun olmadığını iddia edir. Halbuki, Türkiyənin "S-400" almasının əsas səbəbkarı da elə Ağ Ev hesab oluna bilər. Çünki, ABŞ Türkiyənin ehtiyacı olan "Patriot" hava hücumundan müdafiə sistemini satmaqdan imtina etmişdi. Rəsmi Ankara da alternativ variant kimi, Rusiya istehsalı olan "S-400" almaq məcburiyyətində qalmışdı.

Ancaq Ağ Evin bundan sonrakı davranışları ümumiyyətlə, beynəlxalq hüquq normalarına zidd xarakter daşıyırdı. Belə ki, rəsmi Ankara "F-35" müasir savaş təyyarələri üçün ABŞ-a ödəniş etsə də, Ağ Ev "S-400" bəhanəsi ilə bu anlaşmanı da kobud şəkildə pozan tərəf oldu. Üstəlik, rəsmi Ankara ilə beynəlxalq hüquq normaları çərçivəsində anlaşmaq əvəzinə Türkiyəyə qarşı sanksiya və embarqoların tətbiqinə üstünlük verdi.

Nəticədə indi elə vəziyyət yaranıb ki, ABŞ bir tərəfdən hərbi ticarət anlaşmalarını pozmaqla günahkar tərəfdir, digər tərəfdən isə Türkiyəni sürəkli ittiham edir. Eyni zamanda Türkiyənin "F-35"-lər üçün ödədiyi 1,7 milyard dolları da geri qaytarmağa həvəsli deyil. Və belə vəziyyətdə haqlı tərəf olan Türkiyə də ABŞ-a bu məsələ üzərindən təzyiqləri artırmağa çalışır.

Bir neçə gün öncə Türkiyə və ABŞ müdafiə nazirləri bu məsələni müzakirə ediblər. ABŞ-ın bu qalmaqalı nizamlamaq üçün əvvəlcə Türkiyəyə 40 yeni modifikasiyalı "F-16" satılmasını və Türkiyənin 80 köhnə "F-16" təyyarəsinin modernləşdirilməsini təklif etmişdi. Ancaq son məlumatlara görə, indi ABŞ Türkiyənin müsbət yanaşdığı bu təklifdən də geri çəkilməyə çalışır. Və bu, müəyyən mənada, ABŞ-ın müxtəlif bəhanə təkliflər ilə Türkiyə qarşısında vaxtı uzatmağa çalışdığını düşünməyə əsas verir.

44d58310-2af9-411b-8624-fb9c6b6efa3c.jpg (282 KB)

Təbii ki, belə vəziyyət ABŞ-Türkiyə münasibətlərinin gələcək perspektivləri baxımından o qədər də ümidverici nəticələr vəd etmir. Əksinə, bu iki müttəfiq dövlətin zaman keçdikcə, bir-birindən daha da uzaqlaşmasına səbəb olur. Hətta hesab etmək olar ki, ABŞ-Türkiyə müttəfiqliyi artıq formal xarakter daşıyır. Və bunun yaxın vaxtlarda fəqrli keyfiyyət qazanma ehtimalından danışmaq hazırda olduqca çətindir.

Nəhayət, ABŞ-a Türkiyə əleyhdarı olan bir prezidentin liderlik etməsi başqa bir problemdir. Çünki, Bayden administrasiyası hakimiyyətə gəldiyi ilk gündən Türkiyəyə qarşı təzyiq siyasətini əsas prioritetə çevirib. Rəsmi Ankaranın isə güzəştsiz mövqeyi indi Ağ Evin Türkiyə əleyhinə siyasətini tədricən ABŞ-ın özünə qarşı çevirməyə başlayıb.

Belə anlaşılır ki, Ağ Ev rəsmi Ankaraya təzyiqi artırdıqca, Türkiyə Rusiyaya doğru daha çox yaxınlaşır. Nəticədə ABŞ öz əsas beynəlxalq rəqabi olan Rusiyanı gücləndirmiş olur.

Ona görə də, prezident Co Baydenin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə anlaşması ABŞ üçün prinsipial xarakter daşıyır. Ancaq nə qədər qəribə də olsa, Ərdoğan-Bayden görüşləri ABŞ-Türkiyə münasibətlərini normallaşdırmaq əvəzinə daha da gərginləşdirir. Türkiyə lideri Ağ Ev sahibini anlaşmaq mümkün olmayan siyasətçi hesab edir. Və bu, o deməkdir ki, iki ölkənin prezidentləri görüşdükcə, ABŞ və Türkiyənin fərqli hərbi-siyasi qütblərə yönəlməsi artıq qaçılmaz reallığa çevrilməkdədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər