Saytımızı qiymətləndirin


 
 

Səfər Mehdiyev: "Son 3 ildə 6 ton narkotika qanunsuz dövriyyədən çıxarılıb
Tarix: 25-10-2021 | Saat: 17:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Doqquz ayda Gömrük Komitəsi büdcəyə 3 milyard 193 milyon manat köçürüb

"Görülən işlərin nəticəsi olaraq son üç ildə qaçaqmalçılığa, xüsusi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə olunub, 6 tona qədər narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, bir neçə cinayətkar dəstə aşkar edilərək zərərsizləşdirilib".

Qarabaginfo.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bunu qurumun sədri Səfər Mehdiyev Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin (CEPOL) icraçı direktoru Detlef Şröderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Görüşdə CEPOL-un həyata keçirdiyi və ölkəmizin də iştirak etdiyi TOPCOP (mütəşəkkil cinayətkarlığa qarşı təlim və əməliyyat tərəfdaşlığı) layihəsinin icrası, gələcək əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

S.Mehdiyev Prezident İlham Əliyevin son illər gömrük sistemində apardığı islahatlardan danışıb və bildirib ki, həyata keçirilən yeniliklərin, təbiq olunan innovativ layihələrin hesabına gömrük əməliyyatlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Gömrük sisteminin modernləşdirilməsi istiqamətində əldə edilən uğurların nəticəsi olaraq Azərbaycan Gömrüyü Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dünyanın ən inkişaf etmiş ölkələrini özündə birləşdirən Avropa Regionuna rəhbər seçilib və bu istiqamətdə iki il davam edən fəaliyyəti dövründə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr verib.

Komitə sədri ölkəmizin gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətindən bəhs edərək bu sahədə müasir bilik və bacarıqların əldə olunmasına, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqinə xüsusi önəm verildiyini bildirib, istər yerli, istər beynəlxalq qurumların mütəxəssislərinin iştirakı ilə mütəmadi olaraq təlim və seminarların keçirildiyini diqqətə çatdırıb. O, DGK-nın Akademiyasının (DGKA) gömrük orqanlarının əməkdaşları üçün də xüsusi tədris təşkil etdiyini vurğulayıb, eyni zamanda ÜGT–nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakı şəhərində yerləşdiyini və burada da təlim və regional seminarların keçirilməsinin faydasından bəhs edib.

D.Şröder səmimi görüşə görə təşəkkürünü bildirib, hüquqpozmalara qarşı mübarizə sahəsində əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. O, vurğulayıb ki, Azərbaycan gömrüyü ilə qurulan səmərəli əməkdaşlıq təmsil etdiyi qurum üçün xüsusi önəm daşıyır və hüquqpozmalara qarşı mübarizədə ümumi işə mühüm töhfə verəcək.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər