Saytımızı qiymətləndirin


 
 

MTN otağında şok dialoq: “Yekə kişisiz, bu nədi, tez açın başını...” – Yeni faktlar
Tarix: 19-10-2021 | Saat: 15:45
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun iş adamı Elvar Əliyevdən rüşvət almaları məlum olub.

Qarabaginfo.az xəbər verir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elvar Əliyev bildirib ki, 29 avqust 2013-cü ildə MTN-ə çağırılıb və qaçaqmalçılıqla məşğul olub-olmaması barədə sorğu-sual edilib: “MTN-də izahatım alındıqdan sonra buraxıldım. Sentyabrın 3-də mənə dəfələrlə zəng olunsa da, cavab vermədim. Daha sonra Elman Əhmədov mənə zəng edərək hamının MTN-də olduğunu bildirdi, məni də çağırdı. Mən qəti surətdə Elmana gəlməyəcəyimi dedim, telefonumu sındırdım”.

Elvar Əliyevin sözlərinə görə, oktyabrın 24-dək yaşadığı evdə qalıb: “Oktyabrın 24-də qayınanamın ad günü olduğuna və uzun müddət evdə qalaraq darıxdığıma görə qayınanamgilə getdim. Oktyabrın 26-da isə qayınanamgildə olarkən küçə qapısı döyüldü. Qapını açan kimi Elçin və Samir adlı MTN əməkdaşları məni maşına basdılar, sonra MTN-ə apardılar. Məni Mahirin otağına gətirdilər.

Mahir məni görən kimi əməliyyatçılara hirslənərək irad bildirdi: “Ə, yekə kişisiz, ə, bu nədi? Bu hərəkətdir? Azərbaycan vətəndaşıdır, bu sizin üçün casus və ya təxribatçı Orxan Zeynalov deyil, tez açın başını”. Mənim başımı açdılar.

Sonra Mahir Fuad Məmmədova zəng etdi. Məni Fuad Məmmədovun otağına apardılar. O mənim sağ gözümün qaraldığını görərək pis oldu. Otağında mənə çay verdi. Mahir də otağa gəldi, mehriban tərzdə ailəmin, uşağımın olub-olmadığımı soruşdu. Daha sonra bildirdi ki, Elvar, bu bir oyundur, həmin oyunda, düzdür, bizim rolumuz çox aşağıdır, amma narahat olma, sən tutulmayacaqsan.

Mahir Fuada bildirdi ki, çox saxlama burada, saxlamağa ehtiyac yoxdur, nədirsə, həll elə. Fuad isə telefonla hansısa nömrəni yığaraq “Zaur müəllim, bir nəfər var, zəhmət olmasa götürsünlər” dedi. Bir nəfər gələrək arxadan qollarıma qandal vurdu, məni kamera otağına apardılar”.

Elvar Əliyev deyib ki, oktyabrın 28-də onu Səbail rayon Məhkəməsinə aparıblar: “Barəmdə üç ay müddətinə həbs qətimkan tədbiri seçildi. Kamera otağında tək qaldığım ərəfələrdə soyuqdan ayaqlarımı yel tutdu. İndiyə qədər də onun əzabını çəkirəm”.

Elvar Əliyevin ifadəsinə görə, 2014-cü il fevralın 2-də Fuad onu otağına çağırıb və azadlığa çıxacağını bildirib: “Lakin mənim heç nədən xəbərim olmayıb. MTN-in binasından çıxandan sonra Hacı Elmanın məni gözlədiyini gördüm. Seyran və Balaşirini də mənimlə birlikdə eyni gündə buraxdılar. Sonra Elman mənim azadlığa buraxılamğım üçün 80 min manat verdiyini dedi”.

Bu iş üzrə şahid qismində ifadə verən Elman Əhmədovun sözlərinə görə, 2000-ci ildən 2013-cü ilədək “Sədərək” Ticarət Mərkəzində sahibkarlıqla məşğul olub: “Adətən Çindən elektronika mallarını gətirək satmışıq. Seyran Nəcəfov, Natiq Teymurov, Etibar Cəfərov və Elvar Əliyevi, habelə Balaşirin Babayevi tanımışam.

Balaşirin Babayev “Sədərək”də fəhlə işləyib. Qalanları isə mənimlə birlikdə həmin bazarda sahibkarlıqla məşğul olublar.

2013-cü ilin sentyabrın 3-də MTN-ə çağırılaraq tutuldum. Guya Seyran, Natiq, Elvar və digərləri ilə birlikdə qaçaqmalçılıqda ittiham olundum. Təcridxanada olduğum müddətdə mənimlə birlikdə olanlardan biri, adını xatırlamadığım həmin adam məndən müstəntiqimin kim olduğunu soruşdu. Müstəntiqimin Fuad olduğunu dedim. Həmin şəxs bildirdi ki, Fuad heç kimdir, əsas işin başında Mövlam Şıxəliyev dayanır”.

Şahid qeyd edib ki, təxminən iki aydan sonra müstəntiq Fuad onu otağına çağırıb: “Həbsdən buraxılmağım üçün rəhbərliyin sözü ilə 300 min manat verməli olduğumu dedi. Gülümsəyərək “o sözü kim deyir?” - soruşdum. Fuad “rəhbərlik deyir, əsas Mövlam Şıxəliyevdir” deyə bildirdi. Sonrakı görüşlərdə də dəfələrlə eyni sözləri təkrar etdi”.

İş üzrə şahid qismində ifadə verən MTN-in İstintaq Baş İdarəsinin Metodiki Yardım və Kriminalistika şöbəsinin müstəntiqi vəzifəsində işləmiş Fuad Məmmədov deyib ki, 2013-cü ilin sentyabrın əvvəllərində şöbə rəisi Mahir Qasımovun müavini Sahib Ələkbərovun adından Seyran Nəcəfov, Elvar Əliyev, Natiq Teymurov, Etibar Cəfərov və digərlərinin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə başlanmış cinayət işi onun icraatına verilib, istintaq qrupu yaradılıb. Onun bildirdiyinə görə, həmin cinayət isinim istintaqını aparıb: “Cinayət işi ilə bağlı heç kimdən pul almamışam, pul tələb etməmişəm”.

Şahid qismində ifadə verən Elvar Əliyevin qardaşı, Məhbub Əliyev deyib ki, 2013-cü il sentyabrın əvvəllərində Masallı rayonunda yas yerində olan zaman anası ona zəng edib, Evarın tutulduğunu söyləyib: “Dərhal Bakı şəhərinə gəldim. Elvarı qolları qandallı vəziyyətdə Səbail rayon Məhkəməsində gördüm, bununla bağlı müstəntiq Fuad Məmmədova yaxınlaşdım. Fuad bildirdi ki, yaxşı olacaq, narahat olma. Lakin heç nə yaxşı olmadı.

Elvara Vüsalə adlı vəkil tutduq. Sonra sonradan Vüsalə məni müstəntiqlə danışdırdı. Vəkil Fuadın 60 min manat müqabilində Elvarı azad edə biləcəyini bildirdi. Bundan sonra qardaşım Elvarla birlikdə işləmiş Elman Əhmədovun satmaq üçün mənə verdiyi malları təxminən 15-20 gün ərzində dəyər-dəyməzə satdıq, 40 min manat düzəltdik. Rusiyada yaşayan əməm oğlu Loğman da 20 min dollar göndərdi. 60 min manat topladıq, evimizdə axtarış aparacaqlarından, pulu götürəcəklərindən ehtiyat etdiyim üçün Vüsaləyə bildirdim.

Həmin pulu Vüsalənin yaşadığı evin qarşısında avtomobilin içində öz anamın yanında ona verdim. Sonra dəfələrlə Vüsalə ilə əlaqə saxlayaraq Elvarın çıxıb-çıxmadığını soruşdum. Hər gün ofisə gedərək Vüsaləni bezdirdim. Sonda Vüsalə həmin pulu mənim özümə qaytardı, məsələni özümün həll etməyimi dedi”.

Məhbub Əliyevin sözlərinə görə, bir müddət sonra Elman Əhmədov həbsdən azad edilib: “Dekabr ayında Elmanla görüşdüm, 60 min manatı Elmana verdim. Vüsalə ilə aramızda Elvarın məsələsi ilə bağlı söhbətləri Elmana danışdım, həmin pulu saxlamasını dedim. Elman da pulun üstünə 20 min manat qoydu, 80 min manatı müstəntiq Fuad Məmmədova verdikdən sonra Elvar həbsdən azad edildi”.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Bu cinayət işi üzrə oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər