Saytımızı qiymətləndirin


 
 

Deputat: "Bəzi sürücülər yol nişanlarını tanımırlar, imtahan vermədən vəsiqə almaq xoşagəlməz hadisələrə səbəb olur"
Tarix: 14-10-2021 | Saat: 17:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Aeroport yolunda baş verən avtoqəzanın video görüntülərinə baxdıqda aydın olur ki, vətəndaşlar dayanacaqdan xeyli qabaqda dayanıblar. Həyatını itirənlərin çoxu dayanacaqdan 10 metr qabaqda ayaqüstə dayananlar olub. Yəni, vətəndaşların avtobus gözləyərkən dayanacaqda dayanmaları məsləhətdir.  Belə hallara çox rast gəlinir, vətəndaşlar dayanacaqdan xeyli kənarda dayanırlar. Xüsusilə nəqliyyat vasitələrinin hərəkət etdiyi yerdə yol boyu dayanmaq təhlükəlidir. Ötən gün baş verən ağır yol nəqliyyat hadisəsi də buna nümunədir".

Qarabaginfo.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, Suraxanı dairəsində baş verən avtoqəza zamanı 5 nəfər həyatını itirib, 25 nəfər xəsarət alıb: "Bu, müharibə zamanı hansısa döyüşün nəticəsinə bərabərdir. İlkin məlumatlara görə, qəzaya səbəb sürücünün yuxulu olması olub, lakin hər bir halda burada təcrübəsiziliyi də görmək mümkündür. Nəzərə alaq ki, hadisəni törədən vətəndaş 2002-ci təvəllüdlüdür. Sürücülük vəsiqəsində qeyd edilən BC kateqoriyası vətəndaşa yük avtomobilini də idarə etməyə imkan verir. Azərbaycanda 18 yaşlı gənclərin də BC kateqoriyası üzrə imtahan verib, sürücülük vəsiqəsi almaq hüququ var. Bu, qanunvericiliklə tənzimlənsə də, hesab edirəm ki, məsələyə yenidən baxılmalıdır. Misal üçün, vətəndaşın yalnız 5 illik təcrübədən sonra BC kateqoriyası üzrə müraciət edə bilməsi tətbiq edilməlidir. Digər tərəfdən, sürücülük vəsiqəsini nəyəsə xatir əldə etmək olmaz, çünki insan həyatından söhbət gedir. İnsanları təhlükə qarşısında qoymaq yolverilməzdir. Bu məsələyə mütləq ciddi nəzarət etmək lazımdır. Azərbaycanda il ərzində baş verən yol qəzalarında mindən çox insan həyatını itirir və ya müxtəlif dərəcəli bədən xəsarətləri alaraq əlil olurlar.  Bu da əksər hallarda sürücülərin səriştəsizliyi, laqeydliyi və ya içkili olması nəticəsində baş verir. Bəzi sürücülər heç yol nişanlarını da bilmirlər. İmtahan vermədən vəsiqə əldə etmək xoşagəlməz hadisələrə səbəb olur. Onu da qeyd etmək lazımdır ki, Prezidentin imzaladığı yeni fərmanla nəqliyyatla əlaqədar yaradılmış agentlik öz işinə başlayacaq. Hesab edirəm ki, Bakıda, o cümlədən digər böyük şəhərlərdə tıxacların azalması ilə bağlı ciddi addımlar atılmalıdır. İş yerləri, orta və ali məktəblərin fəaliyyəti bərpa olunduqdan sonra tıxaclara daha çox rast gəlirik. İki-üç il əvvəlki vəziyyətlə müqayisə etsək, maşın sayında da artım olduğunu görərik".

M.Cəfərovun dediyinə görə, tıxacların qarşısını almaq üçün dünya təcrübəsindən yararlanmaq mümkündür: "Misal üçün vətəndaşları ictimai nəqliyyatdan istifadəyə sövq etmək lazımdır, çünki orada gecikmədən söhbət gedə bilməz. Yeni yaradılacaq agentlik Bakıda bu istiqamətdə əsaslı işlər görə bilər. Bu, həm ictimai nəqliyyata olan marağı artırar, həm də nəqliyyatın işini tənzimləmiş olar".

 



Xəbəri paylaş

264 dəfə oxunub.

Digər xəbərlər