Tarix: 11-10-2021 | Saat: 14:48
Bölmə:Karusel / Sosial | çapa göndər
“Pirşağıda dəniz sahilində 10-a yaxın suiti cəsədi aşkarlanıb. Onlardan 7-si əvvələ aiddir".
Bunu Qarabaqinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.
O bildirib ki, hazırda AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları ilə birlikdə hadisə yerindədirlər: “Cəsədlərin əksəriyyəti tamamilə çürüyüb. Nisbətən bütöv qalan cəsədlərin müşahidəsi zamanı üzərlərində kəsici alət izləri göründü. Belə qənaətə gəlmək olur ki, yem axtaran zaman balıqçı torlarına düşən suitilər elə balıqçılar tərəfindən də öldürülüb. Qida axtarışı zamanı suitilər özlərini dənizdə olan iri daşlara çırpırlar. Yaşlı suitilərin də məhz bu zaman zədə alaraq tələf olub dalğa ilə sahilə çıxma ehtimalı var”.
A. Səmədova deyib ki, suitilərin Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında olma müddətləri mart-aprel aylarıdır: “Digər aylarda onlar şimal sahillərinə miqrasiya edirlər”.
AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov APA-ya bildirib ki, müşahidələr suitilərin ayrı-ayrı vaxtlarda balıqçı toruna düşdüyünü göstərir: “Balıqçılar onlardan azad olmaq üçün kəsici alətlərdən istifadə edib, yaralayıblar. Suitilər qan itirərək ölüblər. Üzərlərində apardığımız müşahidələr onu göstərir ki, bunlar doğrudan da öldürülüb. Əvvəl ölən suitilərin cəsədləri dağılıb. Hətta bəzilərinin cəsədi torpağın altında qalıb. Əvvəl ölən suitilərin ölümü ilə bağlı nəsə demək çətin olacaq”. (APA)
Digər xəbərlər