Tarix: 10-10-2021 | Saat: 15:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Biləsuvar rayonunda Çaylı və Amankənd kəndlərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elvin Kərimov və Vüqar Sarıyevin xatirəsi ehtiramla anılıb.
Qarabaginfo.az-ın Muğan bürosunun məlumatına görə, qəhrəman şəhidlərimizin anım mərasimlərində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidlərin ata ocağını ziyarət edərək onların valideynləri ilə görüşüblər.
Amankənd kəndində şəhid Vüqar Sarıyevin əziz xatirəsinə ailəsi tərəfindən inşa olunmuş bulağın açılış mərasimi də keçirilib.
Mərasimlərdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan xalqının fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaq. Tədbir zamanı qəhrəman şəhidlərimizin məzarları ziyarət olunaraq, yaşadıqları evlərə vurulan xatirə lövhələrinin açılışı olub.
Qeyd edək ki, Elvin Mürşüd oğlu Kərimov - 13 sentyabr 1985-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Orta təhsilini Çaylı kənd tam orta məktəbində alıb. Ailəli idi, üç qız övladı əmanət qalıb.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Elvin Kərimov Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib, Laçın rayonu istiqamətində gedən döyüşlərdə və Suqovuşan əməliyyatında düşmənə qarşı vuruşaraq şəhid olub.
Elvin Kərimov 10 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Çaylı kənd qəbristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Elvin Kərimov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Vüqar Fikrət oğlu Sarıyev - 26 noyabr 1990-ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. Amankənd kənd tam orta məktəbini bitirdikdən sonra peşə təhsili alıb. Ailəli idi, 2 oğlu və 1 qızı yadigar qalıb.
Vüqar Sarıyev həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq hərbi qulluqçu olaraq Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, bir müddətdən sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə qatılaraq Murovdağ, Talış kəndi, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşub və Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Vüqar Sarıyev 10 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Amankənd kənd qəbristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Vüqar Sarıyev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Digər xəbərlər