Tarix: 30-09-2021 | Saat: 11:18
Bölmə:Karusel / Siyasət | çapa göndər
44 günlük Vətən Müharibəsindən sonra regionda siyasi məsələlərin müzakirəsi ön plandadır. Belə ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında vasitəçilik etmək istədiyini açıqlayan Gürcüstandan sonra ATƏT-in Minsk qrupu da bu istiqamətdə işlərini davam etdirəcək. Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna işçi səfərlərini bərpa edəcəyini açıqlayıb.
Bəs maraqlıdır, Gürcüstanın və Minsk qrupunun Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçiliyi post-münaqişə dönəminə hansı yenilikləri gətirə bilər?
Bununla bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, danışıqlar mərhələsində vasitəçilərin kim olmasından daha çox hansı məsələlərin müzakirə ediləcəyi önəmlidir:
“Hər bir müharibədən sonra bu və ya digər şəkildə danışıqlar həyata keçirilir. Burada əsas məqam danışıqların hansı mövzulara həsr ediləcəyi, iradlar, təkliflər və istəklərin nələr olacağıdır. Ermənilərin istəkləri nədən ibarətdir, Azərbaycanın iradları hansılardır və s. bu danışıqlar üçün önəmli faktordur.
Azərbaycan və Ermənistanın mövqeləri ən çox “status” məsələsində kəskin fərqlənir. Ermənilər “status” məsələsinin müzakirə olunmasını, Azərbaycan isə bundan imtina etməyi seçib. Məntiqli olan budur ki, “status məsələsi” artıq həllini tapıb. Ona görə, Ermənistanın bu məsələdə fikir ayrılığı salması düzgün hesab edilməməlidir. Digər məsələlər baxmaq lazımdır. Əgər Minsk qrupu Ermənistana səfər edirsə, orada post-münaqişə məsələlərinin müzakirə edilməsi vacibdir. Humanitar mövzular, qarşılıqlı etimad məsələləri və s. ermənilərə izah edilməlidir. Prezident İlham Əliyev buradakı vacib məqamları sadalayıb.
Minsk qrupunun regiona gəlməsi onların yeni bir gündəm gətirməsi ilə əlaqədar da ola bilər. Azərbaycanın mövqeyi yenə də dəyişməz olaraq qalır ki, təkliflər gətirilsin, biz buna baxarıq, amma heç bir statusdan söhbət gedə bilməz”.
Digər xəbərlər