Tarix: 30-09-2021 | Saat: 09:58
Bölmə:Karusel / Gündəm | çapa göndər
Türkiyə və Rusiya prezidentləri Rəcəb Təyyub Ərdoğanla Vladimir Putin arasında Soçidə başa çatan 3 saatlıq görüş ətrafında müzakirələr, şərhlər davam edir. Təbii ki, bizim üçün bu görüşün əsas əhəmiyyət kəsb edən məqamı Qarabağ mövzusudur. Ərdoğan-Putin görüşündə Qarabağ məsələsindən də danışılıb.
Vladimir Putin görüşün mətbuat üçün açıq hissəsində Türkiyənin Qarabağ məsələsində müsbət roluna bu cümlə ilə işarə edib: “Qarabağdakı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi aktiv şəkildə fəaliyyət göstərir və bölgədə sabitlik üçün ciddi zəmanətidir”.
Vladimir Putin bu əməkdaşlığın sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatı adlandırıb.
Beləliklə, Rusiya prezidenti Türkiyənin Qarabağ məsələsindəki rolunu bir daha qeyd edib.
Qarabaginfo.az-ın məlumatına görə, mövzunu şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Kreml sahibi anlayır ki, Rusiya keçmiş illərdən fərqli olaraq bölgədə Türkiyənin maraqlarını nəzərə almadan hərəkət edə bilməyəcək.
“Ancaq Putin eyni zamanda Türkiyənin də Cənubi Qafqazdakı maraqlarıyla hesablaşmasını istəyir.
Aydındır ki, Kreml Azərbaycanın və Türkiyənin maraqlarını tam şəkildə nəzərə almayacaq və bir görüşlə bütün suallara cavab vermək mümkün deyil. Buna baxmayaraq, Soçidə Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşü Azərbaycanın maraqlarına cavab verir. Bu görüşlərin mütəmadi keçirilməsi və liderlər arasında telefon danışıqları tərəflərin bir-birindən asılılığını artırır. Əlbəttə, hər iki dövlətin liderinin baxışlarında fərqlər də var, ancaq önəmli olan dialoqun davam etməsi və ortaq nöqtələrin tapılmasıdır”.
Siyasi şərhçi Asif Nərimanlı deyir ki, liderlərin qapalı müzakirədən öncəki açıqlamalarında Qarabağla bağlı da danışması bu məsələnin gündəm mövzularından olduğunu deməyə əsas verir.
“Lakin görüşdən sonra açıqlamaların verilməməsi (Ərdoğanın “məhsuldar görüş” tvitini saymasaq) nəticələri proseslərin inkişafında axtarmağa məcbur edir: görüşün həm Suriya, həm də Cənubi Qafqazda proseslərə təsir edəcəyi isə şübhəsizdir.
Görüşdə bizim maraqlarımız fonunda diqqətçəkən məqam Putinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarətdə də fəal işlədiyinə dair dedikləridir.
Bunu Rusiyanın Qarabağda tərəf kimi qəbul etdiyi Türkiyəni Azərbaycan-Ermənistan sərhəd məsələsində də tərəf gördüyü kimi şərh etmək olar. Bu iki kontekstdə Bakının maraqlarına uyğundur”.
Ekspert bildirir ki, Türkiyənin bölgədə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının qarantı olduğunu Rusiya qəbul edir:
“Bu, Moskvanı mümkün təhdidlərdən çəkindirən amildir; istisna deyil ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində də atəşkəsə nəzarət prosesinə qoşulması Şuşa Bəyannaməsi imzalanmasından sonra Moskvanın qarşısını qaldırılıb və qəbul etdirilib.
Digər xəbərlər